Azərbaycanın Baş naziri Anım Günü münasibətilə Türkiyənin vitse-prezidentinə məktub ünvanlayıb

Mehriban Əliyeva: İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram
Prezident İlham Əliyevin Münxendə “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub
Ceyhun Bayramov: “Bundan sonra regionda proseslər yaranmış yeni reallıqlar əsasında inkişaf edəcək”

Azərbaycanın Baş naziri Əli Əsədov Anım Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.

Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, məktubda sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyi bildirilərək düz bir il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimizin olduğu vurğulanıb.

Bu namərd təxribata cavab olaraq təcavüzə birdəfəlik son qoymaq məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qəhrəman Azərbaycan Ordusunun tarixi Zəfər yürüşünə başladığı, 44 gün ərzində düşmən ordusunu məhv edərək əzəli torpaqlarımızı işğaldan azad etdiyi qeyd olunub.

Vətən Müharibəsində Azərbaycana verilən böyük dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkür ifadə edilib.

Müharibənin ilk saatlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, vitse-prezident Fuat Oktay da daxil olmaqla Türkiyə rəhbərliyinin və bütün qardaş türk xalqının Azərbaycanla həmrəy olmasının ölkəmizin öz haqq işində yalnız olmadığını dünyaya göstərdiyi bildirilib.

Fuat Oktayın çoxsaylı açıq və sərt bəyanatlarının, məsələyə qəti və birmənalı münasibətinin Azərbaycanda böyük minnətdarlıq və iftixar hissi ilə qarşılandığı, əsl qardaşlıq nümunəsi kimi dəyərləndirildiyi vurğulanıb.

Bildirilib ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi düşmən üzərində şanlı Qələbənin qazanılmasında önəmli rol oynamış, Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı ilə hər zaman bir-birinin yanında olduğunu, birliyimizin və qardaşlığımızın sarsılmazlığını bir daha nümayiş etdirib.

Eyni zamanda, Azərbaycanın da, öz növbəsində, həm sevincli, həm də kədərli günlərdə daim Türkiyənin yanında olduğu qeyd edilib.

Report