Azərbaycanın İslam həmrəyliyindəki roluna dair fikir mübadiləsi aparılıb

Elxan Süleymanov: “Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq”
“Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçirilib
Məşhur türk müğənnidən Azərbaycana dəstək

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti diskussiya “Azərbaycanın İslam həmrəyliyindəki rolu” mövzusuna həsr olunub. Müzakirədə Azərbaycanın İslam həmrəyliyindəki rolu, multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində ümummilli lideri Heydər Əliyevin rolu və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Vurğulanıb ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra tezliklə İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib.

Müzakirədə ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurduğu və bu çərçivədə həyata keçirilən bir çox layihələrin qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəldiyi bildirilib.

Diskussiyada Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi, 2016-cı ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə Azərbaycanın İslam dünyasının vəhdətyaradıcı məkan olduğunu təsdiqlədiyi qeyd olunub. Bu dini dəyərlərin, həqiqətən, bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğu, bu ideyaların təkcə İslam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğu bildirilib.

Tədqiqatçılar Birinci vitse-prezident Mehriban Əliyevanın dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl işlər apardığını, Azərbaycanın Fransanın məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etdiyini, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olduğunu xüsusi vurğulayıblar.

Diskussiyada, həmçinin Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları haqqında söhbət açılmış, bu oyunların təkcə idman yarışı kimi deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlara yazıldığı qeyd edilib.

Bakı, 11 oktyabr, AZƏRTAC