Prezident İlham Əliyevin Soçi səfəri Rusiya mətbuatının diqqət mərkəzindədir

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Riyad əl-Maliki: Fələstin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bölüşür
Xarici İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri bu ölkənin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Rusiyanın başlıca federal televiziya kanalları və aparıcı nəşrləri Azərbaycan liderinin qonşu ölkəyə səfərinin yekunlarını yüksək qiymətləndiriblər.

“Rossiyskaya qazeta” yazır ki, prezidentlərin Soçi görüşünün yekunlarına dair bir çox mühüm hökumətlərarası, müəssisələrarası sənədlər imzalanıb. Qəzet Vladimir Putinin fikirlərinə istinad edərək yazır: “Ölkələr arasında iqtisadi əlaqələr intensiv inkişaf edir. Ötən il əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2 milyard dollara çatıb. Danışıqların yekunlaına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 “yol xəritə”si əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcək.

“Rossiyskaya qazeta” yazır ki, Rusiya və Azərbaycan liderləri nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa xüsusi önəm veriblər. Prezidentlər “Şimal-Cənub” dəhlizini ən perspektivli layihə adlandırıblar. Bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək.

Qəzet Prezident İlham Əliyevin çıxışından sitata gətirərək yazır: “Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.

“Rossiyskaya qazeta” prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrinə də yer ayırıb. Qəzet Prezident Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlərini sitat gətirib.

Azərbaycan Prezidentinin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında dedikləri də Rusiya oxucularına təqdim olunub. Azərbaycan Prezidenti deyib: “Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

Soçidə Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərdən bəhs edən “Kommersant” qəzeti yazır ki, iki ölkə arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb. Qəzet yazır: “Bundan əlavə Rusiya və Azərbaycan “Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlar. “Rosneft” və SOCAR, habelə “Qaz Avtomobil Zavodu” QSC ilə “Azərmaş” ASC arasında da müqavilələrin bağlanması “Kommersant” qəzetinin yazılarında qeyd olunub.

Sonda Prezident İlham Əliyevin rusiyalı həmkarını Azərbaycana səfərə dəvət etdiyi vurğulanıb.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva