“Bəzi Avropa ölkələrində insan hüquqları ilə bağlı vəziyyət heç də ürəkaçan deyil”

AVCİYA: Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır
AVCİYA prezident seçkiləri ilə bağlı fəaliyyət planını açıqlayıb
Qarabağla bağlı petisiya dünyada ikinci olub

Elxan Süleymanov: “Bir vaxtlar AŞPA-da Gürcüstanı tərifləyənlər indi onu pisləyirlər”

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında nüma-yəndə heyətinin  üzvü Elxan Süleymanov  “Palitra”ya eksklüziv müsahibə verib.

-Elxan müəllim, yola saldığımız 2012-ci il  Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsi ilə yadda qaldı. Bu mötəbər qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq fikirlərinizi bilmək istəyərdik.

– Bildiyiniz kimi Avronest Parlament Assambleyası (PA) 2-3 may 2011-ci il tarixdə Avropa Parlamentinin Brüssel mənzil-iqamətgahında təsis olunub. Təşkilatın yaradılmasının əsas təşəbbüskarı Avropa Birliyi olub. Məqsəd quruma daxil olan ölkələrlə “Şərq tərəfdaşlığı” ölkələri-Moldova,  Azərbaycan, Gürcüstan, Ermənistan, Belorus və Ukrayna arasında münasibətlərin əlaqələndirilməsi, bu ölkələrdəki problemlərin birgə müzakirəsinə nail olmaqdır. Avronest PA bu ölkələrdə gedən islahatları da diqqət mərkəzində saxlayır. Biz bu qurumun ikinci sessiyasının Bakıda keçirilməsinə nail olduq və Avronesitin 2012-ci ildə Bakıda keçirilən sessiyası təşkilatın fəaliyyəti baxımından xüsusilə əlamətdar oldu. Belə ki, bu sessiyada birinci sessiyadan fərqli olaraq Avronest-in ilk qətnaməsi və komitə iclaslarının qərarları qəbul edildi.  Əgər Avronest-in Bakı sessiyası uğursuzluğa düçar olsaydı, qətnamələr qəbul edilməsəydi, hətta bu qurumun mövcudluğu sual altına düşə bilərdi.

Yeri gəlmişkən, onu da deyim ki, 12-13 fevral 2013-cü il tarixlərində Avronest Parlament Assambleyasının Enerji Təhlükəsizliyi Məsələləri üzrə Komitəsinin, həmçinin İqtisadi inteqrasiya və Avropa İttifaqı Siyasətləri ilə Uyğunluq Komitələrinin iclaslarının da Bakıda keçirilməsi nəzərdə tutulub.

– Beynəlxalq təşkilatların ölkəmizdə insan haqlarının pozulmasına dair bəyanatlarına münasibətiniz necədir?

– Təəssüflər olsun ki, beynəlxalq təşkilatlarda mütəmadi olaraq Azərbaycana münasibətdə ayrı-seçkiliklə üzləşirik. Hətta bir sıra məsələlərlə bağlı Avropa strukturlarında bəzi qüvvələr açıq-aşkar antiazərbaycan mövqeyi nümayiş etdirirlər və müxtəlif formada ölkəmizə təzyiq göstərməyə çalışırlar.

Məsələ burasındadır ki, AŞ üzvü olan bir sıra ölkələrdə insan hüquqları və azadlıqları sahəsində vəziyyət Azərbaycanla müqayisədə heç də ürəkaçan deyil. Məsələn, siz özünüz də media nümayəndəsi olaraq təsdiq edə bilərsiniz ki, informasiya texnologiyalarının yaratdığı imkanlardan  Azərbaycan vətəndaşları heç bir məhdudiyyət olmadan istifadə edirlər. Lakin buna baxmayaraq, AŞ PA-da 47 üzv ölkədən yalnız Azərbaycanda söz azadlığının məhdudlaşdırılması iddia edilir. Başqa bir misal göstərim. Dünənə qədər Gürcüstan dünyanın ən demokratik, insan haqlarında ən nümunəvi ölkəsi kimi təqdim edilirdi. 12 dekabrda isə Gürcüstanı dünən tərifləyənlər belə bir fikir səsləndirdilər ki, Gürcüstanda 200 siyasi məhbus vardır. Çox acınacaqlı haldır ki, Avropa Şurası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar demokratiya, söz azadlığı və insan haqları məsələlərini ancaq keçmiş sovet respublikalarından tələb edirlər. Özlərində isə guya bu sahədə heç bir problem yoxdur.

Bu münasibətin kökü isə odur ki, biz haqqımızı tələb edirik, onların ikili standartlı münasibətinə qarşı çıxırıq. Biz məsələ qoyuruq ki, bir milyon azərbaycanlının bütün insan və vətəndaş hüquqları pozulub, beynəlxalq təşkilatlar həmin hüquqların bərpa olunmasına yardımçı olmalıdır. Lakin əvəzində bizə hücumlar olunur və müxtəlif  siyasi təzyiqlər edirlər ki, biz bu haqlı tələblərdən kənarda duraq. Mənim qənaətimə görə, bütün bunlar ona görə edilir ki, bir milyondan artıq azərbaycanlının hüquqlarının pozulması, bu insanların öz dədə-baba yurdlarına qayıtması məsələsi kölgədə qalsın.

– Yeri gəlmişkən, yola saldığımız il ərzində sizin təşəbbüsünüzlə bir sıra xarici ölkə parlamentlərində Dağlıq Qarabağla bağlı müzakirələr keçirilib. Oxucularımıza bu barədə məlumat verərdiniz. 

– Bəli, il ərzində biz ümumilikdə 5 ölkənin ali qanunverici orqanında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağla bağlı dinləmələr keçirilməsinə və geniş müzakirələr aparılmasına nail olduq. Bunlar İtaliya, İspaniya, Belçika, Finlandiya və Andorra parlamentləridir. Qeyd edilən Avropa ölkələrinin parlamentlərində keçirilən tədbirlərdə Azərbaycan tərəfi geniş tərkiblə iştirak edirdi. Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Avronest PA-da nümayəndə heyətinin üzvü olan millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev, Ceyhun Osmanlı, Fuad Muradov təmsil edirdilər, tədbirlərin keçirildiyi ölkələri isə həmin ölkələrin parlament üzvləri, ictimai-siyasi, elm və dövlət xadimləri təmsil edirdilər.

Xüsusilə vurğulamaq istərdim ki, müxtəlif Avropa ölkələrinin parlamentlərində keçirdiyimiz dinləmələrin əsas məqsədi beynəlxalq təşkilatların hərbi işğalla bağlı qəbul etdikləri qərarların yerinə yetirilməsini milli parlamentlərin tələb etməsinə nail olmaqdan ibarətdir. Belə ki, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməməsi faktiki olaraq onların təcavüzkar Ermənistana köməyi kimi qiymətləndirilə bilər. Təcavüzkara qarşı mübarizə isə bəşəriyyətə və insanlığa xidmət deməkdir. Odur ki, dinləmələr zamanı biz Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələrin icra olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırırdıq.

– Siz həm də AŞPA Monitorinq Komitəsinin üzvüsünüz. Monitorinq Komitəsinin qətnaməsində Azərbaycanla bağlı hansı dəyişikliklər edilib?

– Bildiyiniz kimi dekabr ayında Monitorinq Komitəsinin iclasında həmməruzəçilərin ölkəmizlə bağlı hazırladıqları yekun hesabat müzakirə edilərək qəbul edildi. Müzakirələr zamanı mən məruzənin qətnamə hissəsinə iki düzəliş edilməsi təklifi ilə çıxış etdim. Birinci düzəliş təklifim aşağıdakı kimi olub: “Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərəçarpan nəticə əldə etməyib, hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib”. Bu düzəlişə əsasən ilk dəfə olaraq rəsmi qərarlara Azərbaycan torpaqlarının “hərbi işğalı” sözləri əlavə edildi. Ermənistan nümayəndə heyətinin üzvləri və antiazərbaycan mövqedən çıxış edən bir sıra deputatların ciddi etirazlarına baxmayaraq, irəli sürdüyüm təklifin qəbul edilməsinə nail olduq.

Hesabatda bizim üçün əhəmiyyət kəsb edən məqamlardan biri də Bakı şəhərinin mərkəzi küçələrində kütləvi aksiyaların, etiraz nümayişlərinin keçirilməsinə qadağalarla bağlı idi. Mən bu məsələ ilə əlaqədar çıxış edərək, sərbəst toplaşma azadlığı ilə bağlı bəndi aşağıdakı redaksiyada yenidən yazmağı təklif etdim: “Bakı şəhəri mərkəzinin bəzi hissələrində etiraz aksiyalarının keçirilməsinə icazə vermək məqsədilə təhlükəsizlik tələblərinə cavab verən, təşkilatçılar və hakimiyyət üçün qəbuledilən kompromis həll yolu tapmaq”. Sonda bu təklif də qəbul edildi.

-Kristofer Ştrasserin siyasi məhbuslarla bağlı məruzəsinə münasibətinizi bilmək istərdik.

– Onu deyə bilərəm ki, Azərbaycan AŞ-ın üzvüdür, bu quruma daxil olarkən müəyyən öhdəliklər götürüb və Avropa strukturları ilə əməkdaşlıq edir. O ki, qaldı Ştrasserin məlum məruzəsinə, Ştrasser qərəzlidir və məsələni bilərəkdən siyasiləşdirir. AŞ-da Azərbaycan nümayəndə heyətinin rəhbəri   Səməd Seyidov Azərbaycan hökuməti adından rəsmi olaraq 2 dəfə Ştrasseri ölkəyə dəvət edib, lakin o dəvət edildiyi statusla Azərbaycana gəlməkdən imtina edib. Məruzəçi ölkəyə gəlmədən digər mənbələrdən əldə etdiyi məlumatlar əsasında guya “siyasi məhbus” olduqlarını iddia etdiyi şəxslərin siyahısını tərtib edib və bu səbəbdən də Ştrasserin siyahısı yanlışdır. Azərbaycan Prezidenti 26 dekabrda humanizm prinsiplərindən çıxış edərək növbəti əfv fərmanını imzaladı. Əfv fərmanı 87 nəfərə şamil olunub və bu fərmanla adları Ştrasserin siyahısında yer almış, həmçinin AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin Bakıya son səfəri zamanı qeyd etdikləri 14 məhbus da azadlığa buraxılıb. Yanvarın 23-də AŞ-da Ştrasserin məlum məruzəsinin müzakirə olunmasına gəldikdə isə bir daha təkrar edirəm ki, Azərbaycan AŞ-ın üzvü olaraq üzərinə müvafiq öhdəliklər götürüb və əgər məruzə qəbul olunarsa, hesab edirəm ki, Azərbaycan hökuməti həmin siyahıda olan şəxslərin cinayət işlərini bir daha araşdıracaq və bu barədə AŞ-ı məlumatlandıracaq.

Fuad Hüseynzadə