Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub
Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb
İsveçin xəbər portalında “Azərbaycanda Şuşa döyüşü” sərlövhəli məqalə yayımlanıb

Yanvarın 24-də Bakı-Şuşa-Bakı müntəzəm avtobus marşrutu istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, saat 06:30-da Bakıdan yola çıxan ilk sərnişin avtobusu Şuşaya çatıb.

Qeyd edək ki, Bakı-Şuşa-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpikdir. Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ Müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVID-19 virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim olunub.

AZƏRTAC