Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbiri başa çatmışdır

AVCİYA regionlarda müşahidəçilərlə treninqləri başa vurdu
“Qarabağa doğru” yürüş aksiyası keçirilib
“Daha gözəl Azərbaycan naminə: Azərbaycançılıq və Heydər Əliyev irsi” mövzusunda seminarlar keçiriləcək

Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri sentyabrın 24-də başa çatmışdır.

AZƏRTAC xəbər verir ki, tədbirin ikinci günü də maraqlı çıxışlar və müzakirələrlə yadda qalmışdır.

Xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək bildirmişdir ki, müstəqilliyini yenidən əldə etdiyi iyirmi il ərzində Azərbaycan çətin sınaqlardan keçmişdir. Bu gün Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır və ölkəmiz gələcəkdə daha da inkişaf edəcəkdir.

A.Əzimov Azərbaycan dövlətinin xarici siyasətinin formalaşması, prioritetləri, əsas istiqamətləri haqqında danışmışdır. Bildirmişdir ki, bu gün Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilmiş, ölkəmizin dünya miqyasında nüfuzu getdikcə daha da artmaqdadır. Azərbaycan dünyanın bütün dövlətləri ilə mehriban, dost münasibətləri qurmuş, əksər beynəlxalq təşkilatlara üzv olmuşdur.

Fərqli sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycanın xarici siyasətinin çoxşaxəli olduğunu deyən nazir müavini ölkəmizin beynəlxalq terrorizmə qarşı mübarizədə də fəal rol oynadığını diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Əzimov problemin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini vurğulamışdır.

Münaqişənin həll edilməsinin təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyin təmin edilməsi baxımından zəruriliyini vurğulayan nazir müavini Ermənistanın qeyri-konstruktiv mövqeyinin sülh danışıqlarına maneə yaratdığını nəzərə çarpdırmışdır.

A.Əzimov Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin tez-tez pozulmasının, xüsusilə də son vaxtlar erməni snayperlərinin dinc sakinləri amansızcasına qətlə yetirməsinin yolverilməz olduğunu demişdir.

Sənaye və energetika naziri Natiq Əliyev müstəqilliyin ilk illəri ilə müqayisədə bu gün Azərbaycanda görünməmiş inkişaf proseslərinin getdiyini bildirmiş, bu məsələdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin rolunu xüsusi vurğulamışdır.

Nazir qeyd etmişdir ki, məhz ulu öndərin əsasını qoyduğu neft strategiyası Azərbaycan iqtisadiyyatının tənəzzülünün qarşısını almışdır. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan iqtisadiyyatına marağı artırdı və ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verdi. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi neft strategiyasının mühüm qələbəsi olmaqla yanaşı, ölkəmizin dünyaya inteqrasiyasında vacib rol oynamışdır.

N.Əliyev enerji sahəsində Avropanın etibarlı tərəfdaşı olan Azərbaycanın qlobal enerji layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısı olduğunu diqqətə çatdırmış, bu yaxınlarda Prezident İlham Əliyevin Xəzərin “Abşeron” blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlamasını xatırladaraq, bunun Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıracağını bildirmişdir.

“Azərbaycan Respublikasında Konstitusiya aliliyinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev demişdir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin qarşısında insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin edən hüquqi dövlətin qurulması üçün zəruri tədbirlərin görülməsi vəzifəsi dururdu. Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra ictimai həyatın bütün sahələrində olduğu kimi, hüquqi dövlətin qurulması istiqamətində mühüm islahatların həyata keçirilməsinə başlanılmışdır. Bu islahatlar sırasında dövlətçiliyin formalaşdırılması işində 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsi mühüm addım olmuşdur.

F.Abdullayev Konstitusiyanın aliliyinin və birbaşa qüvvəsinin təmin edilməsinin, insan hüquq və azadlıqlarının müdafiəsinin mühüm mexanizmlərindən biri kimi formalaşmış Konstitusiya Məhkəməsinin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə və hüquq islahatlarının qanunçuluğun daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik imicinin güclənməsinə xidmət etdiyini deyən F.Abdullayev əmin olduğunu bildirmişdir ki, konstitusiya hüququ sistemində həyata keçirilən islahatlar bundan sonra da öz müsbət bəhrəsini verəcək və ölkəmizdə insan hüquq və azadlıqlarının daha da geniş təmin olunmasına, demokratiyanın inkişafına xidmət edəcəkdir.

Ədliyyə naziri Fikrət Məmmədov bildirmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycanda ictimai həyatın bütün sahələrində olduğu kimi, hüquq sistemində də köklü islahatların aparılmasına böyük ehtiyac var idi. Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitliyin, insanların təhlükəsizliyinin təmin edilməsi, hüquq sisteminin formalaşdırılması istiqamətində islahatların həyata keçirilməsinə, qanunların qəbul olunmasına başlanmışdır. Azərbaycan insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas konvensiyalara qoşulmuş, 1998-ci ildə ölkəmizdə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, demokratik məhkəmə sistemi formalaşdırılmışdır. Bundan başqa, bütün hüquq-mühafizə orqanlarında mütərəqqi islahatlar aparılmış, onların fəaliyyəti demokratik dəyərlərə uyğun şəkildə qurulmuşdur. Azərbaycanda korrupsiya ilə sərt mübarizə təşkil olunaraq, bu sahədə mükəmməl qanunvericilik bazası yaradılmışdır.

F.Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd etmişdir. Nazir, həmçinin hakimlərin sayının iki dəfə artırıldığını, hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf qaydalarla seçiminin artıq digər ölkələr üçün model kimi göstərildiyini, yeni məhkəmə və penitensiar infrastrukturun yaradıldığını vurğulamışdır.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov tədbirdə iştirak etdiklərinə görə bütün qonaqlara təşəkkür etmişdir.