Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin açılışı olub

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

Dekabrın 2-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Nazir bildirib ki, ölkəmiz gimnastika üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan dünya gimnastikasının mərkəzində yerləşir. Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına prezident seçilməsi idmanın bu növünün ölkəmizdə inkişafına təkan verib. Respublikamızda güclü idman infrastrukturu yaradılıb, kütləviliyə və populyarlığa nail olunub. Bakının ev sahibliyi etdiyi Konqres innovasiyalar üçün platforma olacaq.

Konqresdə Azərbaycan Gimnastika Federasiyasını baş katib Nurlana Məmmədzadə, bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva və beynəlxalq əlaqələr üzrə menecer Mehman Əliyev təmsil edirlər.

FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir. Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki komitələrinin prezidentlərinin hesabatları dinləniləcək. Daha sonra Beynəlxalq Gimnastika Federasiyasına daxil olan qitə ittifaqlarının rəhbərləri hesabatla çıxış edəcək, habelə qurumun rüblük maliyyə planı təsdiqlənəcək.

Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.

FIG-in rəhbər orqanlarının və bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə ediləcək. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinə baxılacaq.

Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.

Konqres işini dekabrın 3-də yekunlaşdıracaq.