Bakıda “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib

OPEC: “Azərbaycan möhkəm əlaqələr olan tərəfdaşlardan biridir”
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq

Aprelin 27-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AQUPDK-nın sədri Bahar Muradova, Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin müdiri Niyazi Rəhimov, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva, dövlət qurumlarının və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən AQUPDK-nın sədri Bahar Muradova bildirib ki bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə uşaq məsələlərinin həlli yolları ilə bağlı səmərəli mexanizmin qurulmasıdır. B.Muradova qeyd edib ki, komitə tərəfindən indiyədək qeyri-hökumət təşkilatlari, media orqanları ilə əlaqələr qurulub, həmçinin beynəlxalq təşkilatlarla bu məsələlərlə bağlı görüşlər keçirilir, çoxsaylı layihələr reallaşdırılır.

Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin müdiri Niyazi Rəhimov bildirib ki, uşaqların daha əlverişli şəraitdə böyüməsi, onların təhlükəsiz gələcəklərinin təmin olunması üzrə işlərin görülməsi dövlət strategiyasının prioritet istiqamətlərindəndir və bu strategiyanın müvəffəqiyyətinə birbaşa təsir göstərən amillərdir.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva uşaqların müdafiəsi sistemlərinin önəmindən danışıb, bu sistemlə bağlı görüləcək işlərin vacibliyi barədə məlumat verib, uşaqların müdafiəsinin ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Tədbirdə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın beş prioritet istiqaməti – “Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi”, “Erkən uşaqlıq dövründə uşaqların inkişafının təmin olunması”, “Çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onlar üçün bərabər imkanlar yaradılması”, “Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüququnun təmin edilməsi” və “Uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” istiqamətləri üzrə mövzular müzakirə olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” Azərbaycanda uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaq müdafiəsi sahəsində işlək mexanizmin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, habelə uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycanda uşaq siyasətinin əsas hədəflərini müəyyən edir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli, 2306 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı əlaqələndirici orqan olaraq müəyyən edilib. Bundan irəli gələrək müvafiq bəndlərinin icrasının səmərəli təmini və uşaq məsələləri ilə əlaqədar problemlərin koordinasiyasının gücləndirilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.

AZƏRTAC