
Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksəksəviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyevlə keçirilmiş görüşün və prezidentlərin görüşü zamanı qəbul edilmiş Birgə Bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm təkan verəcəyi qeyd olunub.
Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakının əhəmiyyəti qeyd olunub.
Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi dövründə AQEM-in institusional inkişafı, yeni əməkdaşlıq platformalarının yaradılması və praktiki təşəbbüslərin irəli sürülməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, humanitar, minatəmizləmə və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
AZƏRTAC