Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

İşğaldan azad olunmuş ərazilərdə aparılan ilkin monitorinqlər zamanı 864 mədəniyyət müəssisəsi aşkar edilib
Bakının Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etməsi ilə bağlı müqavilə imzalanıb
UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi üzrə Komitənin 16-cı iclası işə başlayıb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov noyabrın 20-də italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Mario Raffaellinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətindəki fəaliyyətini xatırladan Novruz Məmmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problemin hələ də həllini tapmamasını təəssüflə qeyd edib. Baş nazir Novruz Məmmədov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayıb, məsələnin ədalətli həllinə beynəlxalq ictimaiyyətin diqqətinin daha da artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Mario Raffaelli “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olduğunu söyləyib. O, ölkəmizlə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı olduğunu bildirib, 25 il sonra yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.