BMT-nin QAK-ın Mərkəzi Asiya üzrə regional nümayəndəliyinə azərbaycanlı rəhbər təyin edilib

Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyə işində əsas rol oynamalıdır

Mahir Səfərli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinə rəhbər təyin edilib.

AZƏRTAC xəbər verir ki, BMT QAK məlumat yayıb..

Bildirilib ki, regional nümayəndə kimi Mahir Səfərli Qazaxıstanın Almatı şəhərində yerləşən regional ofis bazasında fəaliyyət göstərəcək və təşkilatın Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandakı fəaliyyətinə rəhbərlik edəcək.

BMT QAK-da 23 ildən artıq humanitar təcrübəyə malik Mahir Səfərli müxtəlif ölkələrdə mürəkkəb humanitar böhranlar və fövqəladə vəziyyətlər şəraitində rəhbər vəzifələrdə çalışıb. Mərkəzi Asiyaya təyinatından əvvəl o, təşkilatın Yunanıstan və Ukraynada nümayəndə müavini kimi fəaliyyət göstərib. Daha əvvəl isə Suriya və Türkiyədə əməliyyat və koordinasiya üzrə yüksək vəzifələr tutub.

Karyerasına əvvəlki mərhələlərində M.Səfərli Əfqanıstan, Liviya, Ukrayna, Qırğızıstan, Liberiya və Azərbaycanda BMT QAK-ın humanitar əməliyyatlarında hüquqi müdafiə və idarəetmə istiqamətləri üzrə müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin 2016-2019-cu illərdə Cenevrədə yerləşən Baş Qərargahda yoxlama və nəzarət funksiyaları üzrə baş inspektor vəzifəsini icra edib.

M.Səfərli yeni vəzifəsində regionda qaçqınların müdafiəsi sisteminin gücləndirilməsi və vətəndaşsızlıq probleminin həlli istiqamətində fəaliyyətə rəhbərlik edəcək.

O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, hüquq və dövlət idarəçiliyi üzrə təhsil alıb, həmçinin beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq və münaqişələrin qarşısının alınması sahələrində Finlandiyada, İtaliyada və Norveçdə ixtisasartırma proqramlarından keçib.

AZƏRTAC