Davos Forumu: Azərbaycanın fəal iştirakı və keçirilən görüşlər

Bu gün Milli Musiqi Günüdür
Prezident İlham Əliyev yeni təyin olunan gənclər və idman nazirini videoformatda qəbul edib
RF XİN: Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində fəal iş aparır

Davos İqtisadi Forumuna maraq həmişə böyük olub. Bu tədbirə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda iştirakçı gəlir. 49-cu Forumda 110 ölkənin 3 mindən çox təmsilçisi iştirak edib. Onun əsas şüarı “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə rəhbərinə burada xüsusi diqqət göstərilib. Şirkət rəhbərləri, dövlət və hökumət başçıları İlham Əliyevlə görüşüb tərəflər üçün əhəmiyyətli məsələləri müzakirə ediblər. Öz nüfuzuna görə Davos Forumu yüksək reytinqə malik olduğundan burada aparılan müzakirələrə diqqət də yüksək olur. Bu kontekstdə Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin geosiyasi analizi aktuallıq kəsb edir. Biz məsələnin bu aspekti üzərində geniş dayanmaq istərdik.

49-cu Forum: Azərbaycan dünya üçün aktual olan məsələlərin işığında

Əsası isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə 1971-ci ildə qoyulmuş Davos İqtisadi Forumunun dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olduğu hər kəsə məlumdur. Bu il 49-cu Forum keçirilib. Azərbaycan Prezidenti 2007-ci ildən başlayaraq mütəmadi olaraq bu tədbirdə iştirak edir. Bu cür sabit iştirak səbəbsiz deyildir. Azərbaycan dövlət olaraq hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Şübhə yoxdur ki, həmin nailiyyətlərin memarı kimi Prezident İlham Əliyevlə müzakirələr aparmağa və əməkdaşlıq etməyə meyl də durmadan güclənir. Əgər vurğulanan müddətdə MDB məkanında yerləşən ölkələrin Davos Forumunda iştirak dinamikasına nəzər salsaq, Azərbaycanın öndə getdiyinə bir daha tam əmin olarıq. Başqa bir MDB ölkəsi Azərbaycan qədər aktiv iştiraka və irəliləyişə nail olmayıb.

49-cu Forum da bu baxımdan istisna təşkil etmədi. Prezident İlham Əliyevin tədbirdə iştirakına diqqət böyük idi. Budəfəki Forumun devizi “Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” idi. Forumda aktual qlobal hadisələrə həsr olunan müzakirələr aparılıb. Azərbaycan Prezidenti tədbirin gedişində bir çox beynəlxalq şirkət və dövlət, hökumət başçıları ilə görüşlər keçirib. İlham Əliyev Davosda “Rossiya 1” və Çinin CGTN televiziya kanallarına müsahibələr də verib. Azərbaycan Prezidenti Forum çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak edib.

Ölkə rəhbərinin Forum çərçivəsində fəaliyyətinin zəngin olması təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, tədbir iştirakçılarının Azərbaycan Prezidentinin şəxsiyyətinə marağı böyük idi. Çünki Azərbaycan davamlı olaraq uğurlar əldə edir və beynəlxalq layihələrdə aktiv iştirak edir. O cümlədən Pekinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin fəal üzvlərindən biridir.

Təsadüfi deyildi ki, Davos Forumunda ən çox görüşlər keçirən, müzakirələr aparan və müxtəlif əməkdaşlıq təklifləri alan dövlət başçıları sırasında Azərbaycan Prezidentinin xüsusi yeri vardır. İlham Əliyevin tədbirin gedişində Davos İqtisadi Forumunun prezidenti Borge Brende, Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva, “Visa” şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşləri böyük maraq doğurub və əməkdaşlıq aspektində təkliflərlə yadda qalıb.

Bundan başqa, dövlət başçısının “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru Eldar Saetre, “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas, “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser, “CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri Gerri Elliott, “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel, “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel və digərləri ilə keçirdiyi görüşlərdə də tərəflər üçün faydalı olan məsələlər müzakirə edilib.

Bu cür görüşlər ciddi hazırlıqla təşkil edilir və konkret müzakirə predmeti ilə xarakterizə olunur. Siyahıya nəzər saldıqda görürük ki, Azərbaycan Prezidenti müasir cəmiyyət üçün böyük əhəmiyyəti olan sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə müzakirələr aparıb. Bu, bir tərəfdən, Azərbaycanın Davos Forumundakı nüfuz və etibarının, digər tərəfdən, Prezident İlham Əliyevə olan inamın yüksək olmasının göstəricisi və eyni zamanda, Azərbaycanda həyata keçirilən islahatların geniş sahələri əhatə etdiyinin növbəti təsdiqidir. Sirr deyil ki, dünyanın ən nüfuzlu şirkətləri Azərbaycanla əməkdaşlığa can atırlar.

Bunun fonunda Ermənistanın nə dərəcədə aciz durumda olduğu aydın görünür. Rəsmi İrəvan ölkəyə sərmayə axınını təmin etmək üçün dəridən-qabıqdan çıxır. Onlar etiraf edirlər ki, 2018-ci ildə Ermənistan Cənubi Qafqazda ən az xarici sərmayə yatırılan ölkə olub. Həmin müddətdə bu ölkəyə cəmi 100 milyon ABŞ dolları həcmində kapital yatırılıb. Bu, gülünc bir rəqəmdir. Məntiqi olaraq Davosda da N.Paşinyanın hansısa ciddi işgüzar görüşü olmayıb. Çünki Ermənistana müstəqil dövlət kimi baxmır, onu etibarlı tərəfdaş olaraq qəbul etmirlər.

Prezidentin fəallığı: yeni əməkdaşlıq imkanları

Azərbaycan Prezidenti isə keçirdiyi görüşlərdə müxtəlif sferalara, o cümlədən tranzit potensialının reallaşdırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasına aid məsələləri müzakirə edib. Dövlət başçısı Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Bu bağlılıqda Prezident ölkəmizdə inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan söz açıb. Onların əsas məzmunu, mahiyyəti və məqsədləri barədə geniş fikir mübadiləsi aparıb. Bu sırada informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğunu dövlət başçısı ayrıca vurğulayıb.

Şirkət rəhbərləri də olduqca maraqlı fikirlər ifadə ediblər. Onlar Prezident İlham Əliyevin idarəetmə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi proqramlara yüksək qiymət veriblər. Bu səbəbdən həmin şirkətlər Azərbaycanda həyata keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini söyləyiblər.

Təbii ki, şirkət rəhbərləri Azərbaycanda reallaşdırılan islahatların əsl mahiyyətini yaxşı anlayırlar. Əslində, bu məsələ “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada öz konkret ifadəsini tapıb. Belə ki, müasir infrastrukturun yaradılması ilə bağlı verilən sualı Prezident İlham Əliyev lakonik cavablandırıb.

Dövlət başçısı ifadə edib: “Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük” (bax: Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib / AZƏRTAC, 22 yanvar 2019).

Əlbəttə, vurğulanan məqamlar Azərbaycan dövlətçiliyinin sürətli inkişafının gözəl göstəricilərindən biridir. Və bunun da fonunda Prezident İlham Əliyevin Davosda İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, Gürcüstanın Baş naziri Mamuka Baxtadze və həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşləri ekspertlərin marağına səbəb olub. Bu görüşlərin hər birinin mövzusu fərqlidir. Lakin bütün hallarda Azərbaycan Prezidenti ölkəmiz üçün böyük əhəmiyyəti olan məsələlər üzrə müzakirələr aparıb.

Bütün bu məqamlar Prezident İlham Əlyevin Davosa olan səfərinin çox səmərəli keçdiyini təsdiqləyir. Forumda həm dünyanı maraqlandıran taleyüklü məsələlərin müzakirəsində iştirak etmək, həm də konkret olaraq Azərbaycan üçün aktual məsələləri müzakirə etmək, müxtəlif ölkə rəhbərləri ilə görüşlər keçirmək bu baxımdan əhəmiyyətli addımlardır. Şübhə yoxdur ki, Forumdakı müzakirələrdə əldə edilən nəticələr əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə təsirli təkan verən faktorlardan olacaq. Bütövlükdə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksələcək, əməkdaşlığın inkişafı, ölkəmizə investisiya axınının artması üçün daha geniş imkanlar yaranacaq. Azərbaycan növbəti Davos Forumunda yeni uğurları ilə iştirak edəcək.

Newtimes.az