Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub

ƏLİ BAYRAMLIDA TƏHSİL KREDİTLƏRİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir
Gəncədə erməni terroru nəticəsində dağılan məktəblərin istifadəyə veriləcəyi tarix açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində “Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub və nəşrdə əl işləri haqqında məlumat dərc olunan gənclərə kitab-albom hədiyyə edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə fondun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün aparılan işləri diqqətə çatdırıb. O, nazirlik tərəfindən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin də həmin məqsədə xidmət etdiyini bildirib.

Qeyd olunub ki, 278 səhifəlik kitab-albomda sosial xidmət müəssisələrinin 60-a qədər istedadlı sakini, o cümlədən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumatlar və onların yaradıcılıq nümunələri əksini tapıb. Boccia idman növü ilə məşğul olan fiziki məhdudiyyətli gənclərin, ilk inklüziv teatr olan ƏSA-nın yaradıcı heyətinin əldə etdiyi uğurlara nəşrdə geniş yer verilib. Azərbaycan və ingilis dillərində nəşr olunan kitab-albomun yaxın zamanda digər dillərdə də çap olunması və onun əsasında yaradıcı fiziki məhdudiyyətli insanların elektron reyestrinin, həmin reyestr əsasında əl işlərinin satışı portalının yaradılması da nəzərdə tutulur.

Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov və Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli fiziki məhdudiyyətli insanların yaradıcılığının cəmiyyətə tanıdılması üçün aparılan işlərin, o cümlədən “Əlillik qüsur deyil” kitab-albomunun nəşr etdirilməsinin əhəmiyyəti barədə danışıblar. Nəşrdə barələrində məlumat və yaradıcılıq nümunələri təqdim olunan gənclər kitabın nəşr olunmasına görə öz minnətdarlıqlarını bildirib və kitab-albomda yaradıcılıqlarını görməkdən böyük mənəvi güc aldıqlarını, dövlətin onlara dayaq olduğuna bir daha əmin olduqlarını xüsusi qeyd ediblər.