Ekspert: QHT-lərin maliyyələşdirilməsindəki pərakəndəlik və sistemsizlik aradan qaldırılır

Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb
Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib
Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Nazirlər Kabinetinin ötən gün təsdiq etdiyi qeyri-hökumət təşkilatlarının (QHT) maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirilməsi qaydası vətəndaş cəmiyyəti sektorunda yeni mərhələdir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni qayda ilə QHT-lərin maliyyələşdirilməsindəki pərakəndəlik və sistemsizlik aradan qaldırılır.

“Hazırda ölkədə 16 dövlət qurumu, o cümlədən 9 nazirlik QHT-lərə qrant verir. Bundan sonra onlar maliyyələşdirmə ilə bağlı bütün prosesi ixtisaslaşmış qurum olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birlikdə icra edəcək. Bu da gözlənilən idi. Çünki son 3 ildə bu qurumda islahatlar aparılıb, qrantların ayrılmasına nəzarət gücləndirilib, yeni qrant modeli formalaşdırılıb. İndi isə həmin modelin bütün aidiyyəti qurumlar üzrə tətbiq edilməsinə qərar verilib. Son nəticədə dövlət büdcəsindən QHT-lərin maliyyələşdirilməsi məqsədi ilə ayrılan vəsaitlərdən daha səmərəli istifadə olunacaq”, – deyə ekspert qeyd edib.

Bundan başqa, N.Hüseynov əlavə edib ki, yeni qaydada maraqlı yeniliklər var: “Əvvəllər 15 min manata qədər olan kiçik qrantlar üçün yuxarı həddi 2 dəfə artırılaraq 30 min manata çatdırılıb. Böyük qrantlar üçün isə 50 min manatlıq yuxarı hədd ləğv edilib ki, məbləğ hər bir müsabiqə üzrə ayrılıqda müəyyən edilsin. Bu isə o deməkdir ki, qarşıdakı dövrdə biz 70, 100, 150 min manatlıq qrant müsabiqələri ilə rastlaşa bilərik. 3-4 il bundan əvvələ qədər QHT-lər büdcədən müsabiqələr yolu ilə ən çox 15-20 min manat qrant ala bilirdilər”.

AZƏRTAC