Elxan Süleymanov: “Avropa Parlamentində Azərbaycanla dostluq qrupu üzvlərinin sayı durmadan artır”

Elxan Süleymanov: “Azərbaycanın problemlərini dünya ictimaiyyəti qarşısında inadkarlıqla qaldırmalıyıq”
Erməni tərəfinin Azərbaycana qarşı təxribatları intensivləşir
Milli kimliyimizin formalaşmasında dini dəyərlərin roluna dair müzakirələr aparılıb

Azərbaycanın AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi.

– Avropa Parlamentinin bir qrup üzvü iyul ayında Azərbaycanla bağlı bəyanatla çıxış etdilər. Sizcə, belə bir bəyanatın qəbul edilməsinə ehtiyac nədən qaynaqlanırdı? 

– AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin bir qrup üzvü 18-20 iyun tarixində Brüssele səfər etdi. Səfərin əsas məqsədi Avropa Parlamentinin Azərbaycanla bağlı 24 may 2012-ci il tarixli qətnaməsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələr aparmaqdan ibarət idi. Odur ki, səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Parlamentinin üzvləri ilə 33 fərdi görüş, Avropa Parlamentində təmsil edilmiş siyasi qrupların nümayəndələri ilə 4 fraksiya görüşü, 2 işgüzar nahar keçirib və Avropa Parlamentinin Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsinə dair konfransda iştirak etdilər. Qeyd etməliyəm ki, bir qayda olaraq, Azərbaycanın Avropanın bir hissəsi olması, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması, Azərbaycanın işğal edilmiş torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı məsələlər müzakirələrin əsas predmeti idi. Müzakirələr zamanı Avropa parlamentariləri dəfələrlə qeyd etdilər ki, ikitərəfli səfərlərin olması Azərbaycan reallıqlarını Avropada daha yaxşı anlaşılmasına yardım edir. Avropalı siyasətçilər Azərbaycanla Aİ əlaqələrinin dərinləşməsinin və əməkdaşlıq sahələrinin genişlənməsinin hər iki tərəf üçün çox vacib olduğunu vurğuladılar. Avropa Parlamentində Azərbaycanı dəstəkləyən deputatların sayının çoxalmasının əhəmiyyətini və Azərbaycanın nüfuzunun getdikcə daha da artdığını bildirdilər. Xüsusilə vurğulamaq istərdim ki, səfər AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə gerçəkləşmişdi və Avropa Parlamenti ilə tanışlıq və informasiya mübadiləsi xarakteri daşıyırdı. Səfər zamanı tərəflər narahatçılıq doğuran və digər tərəfdən əməkdaşlıq üçün perspektivli görünən məsələləri qeyri-formal, açıq və səmimi şəraitdə müzakirə etmək imkanı qazandılar. Azərbaycan nümayəndə heyəti üzvlərinin açıq və səmimi müzakirələrə hazır olmaları Avropa Parlamentindən olan həmkarlarında etibarlı tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin davam etməsinə inam formalaşdırdı, tərəflər bu yolda meydana çıxacaq hər hansı məsələni dəqiq və operativ həll etmək imkanı əldə etdilər.

Nəhayət, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin səfərinin nəticəsi olaraq iyulun əvvəllərində Avropa Parlamentinin 52 nəfərdən ibarət bir qrup üzvü Azərbaycanı dəstəkləyən bəyanatla çıxış etdilər.

– Avropa Parlamenti üzvlərinin Azərbaycanla bağlı bəyanatının mahiyyəti barədə məlumat verərdiniz. 

– Avropa Parlamentinin üzvləri öz bəyanatlarında Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, qeyd edirdilər ki, biz ticarət və enerji təchizatı münasibətlərində inkişafı, habelə demokratiya sahəsində əməkdaşlıq, insan hüquqlarının qorunması və xarici Avropa regionunda təhlükəsizlik üzrə əməkdaşlığı alqışlayırıq. Qeyd olundu ki, Azərbaycan Avropa İttifaqının əsas qonşularından biridir və 2012-ci ilin aprelində Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının sessiyasından sonra biz onun Aİ-yə daha yaxın tərəfdaş və dost kimi daha çox öz oriyentasiyasını əhatə etdiyini bilirik.

Bəyanatda eyni zamanda Avropa parlamentariləri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə çox niyyətli olduqlarını bildirib və vurğulayıblar ki, Avropa ilə Aİ həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin vasitəçiliyində əsas rol oynaya bilər və oynamalıdır. AP üzvləri bəyanatda bu açıq problemin regional sabitliyə, “minlərlə qaçqın və məcburi köçkünlərin çətin imtahanının uzadılmasına daimi təhlükə” təşkil etdiyini, beynəlxalq hüququn pozulmasına bir ifadə olduğunu ön plana çəkiblər.

– Bəyanatda Avropa Parlamenti daxilində Azərbaycanla dostluq qrupunun fəaliyyəti haqqında da söhbət gedir. Bunu bir qədər şərh etməyinizi xahiş edirik. 

– Bəli, Avropa parlamentarilərinin imzaladıqları bəyanatda Avropa Parlamenti daxilində Azərbaycanla dostluq qrupunun fəaliyyətinin daha da aktivləşdirilməsinə ehtiyac hiss edildiyi bildirilir. Qeyd etməliyəm ki, Avropa Parlamentinin daxilində Azərbaycanla dostluq qrupunun üzvləri görkəmli Avropa siyasətçiləridir. Azərbaycanla dostluq qrupu üzvlərinin sayı durmadan artır. Bu da Avropada Azərbaycanın nüfuzunun artması ilə bağlıdır. Onu da bildirmək istərdim ki, adətən dostluq qrupunun üzvləri olan deputatlar ölkə barəsində müxtəlif tədbirlərin keçirilməsini, hər hansı bir sənədin və ya məlumatların yayılmasını və ölkəyə isti münasibətlərin formalaşması istiqamətində fəaliyyət göstərirlər.

– AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi bu qurumun ilin sonunadək fəaliyyət planı haqqında nə deyə bilərsiniz? 

– Bu ilin 19-20 sentyabr tarixində Brüsseldə AVRONEST PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin enerji təhlükəsizliyi üzrə ekspertlərin seminarının keçiriləcək. Seminarda Azərbaycan nümayəndə heyətinin Enerji Təhlükəsizliyi Komitəsindəki üzvləri Fuad Muradov, Rasim Musabəyov, Gülçöhrə Məmmədovanın iştirakı nəzərdə tutulur. Prosedur qaydaları üzrə işçi qrupun iclası 12 sentyabrda Strasburqda keçiriləcək. İşçi qrupunun iclasında millət vəkili Rövşən Rzayev iştirak edəcək. Brüsseldə 7-11 oktyabrda Belarus Üzrə İşçi Qrupunun iclası, 11 oktyabrda isə AVRONEST PA-nın Şərq Tərəfdaşlığının regional və yerli idarəetmənin konfransı (CORLEAP) ilə birgə seminarı olacaq. Hər iki tədbirdə ölkəmizi millət vəkili Asim Mollazadə təmsil edəcək. Nəhayət, noyabr ayının ortalarında Moldovanın paytaxtı Kişinyovda Büro iclası keçiriləcək və mən Büro üzvü kimi həmin iclasda iştirak edəcəyəm. Eyni zamanda bildirmək istərdim ki, 21-22 sentyabrda Gürcüstanın Batumi şəhərində Avropa Komissiyasının İnstrumenti TAİEX ilə əməkdaşlıq çərçivəsində “Şərq Tərəfdaşlığı ölkələrinin Konstitusiya məhkəmələrinin milli qanunvericiliyin ‘Acquis Communautaire’ ilə uyğunlaşdırılması prosesində rolu” mövzusunda beynəlxalq seminar keçiriləcək. Seminarda Şərq Tərəfdaşlığı ölkələrinin Konstitusiya məhkəmələrinin sədri və hakimləri, ədliyyə nazirləri və parlament üzvləri, o cümlədən Venesiya Komissiyasının üzvləri də daxil olmaqla, Avropa Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri, Gürcüstanın hakimiyyət, akademik və siyasi dairələrinin nümayəndələri iştirak edəcəklər.
Vurğulamaq istərdim ki, Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Qiorqi Papuaşvili mənə məktub göndərərək, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin nümayəndəsinin qeyd edilən seminarda iştirak etməsini xahiş edib. Həmin seminarda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin iştirakı nəzərdə tutulub. Hələlik tədbirlərin gündəliklərində duran məsələlər üzərində işlər gedir və gündəlik hələ tam formalaşmayıb. /APA/