Elxan Süleymanov: “Azərbaycan ərazilərinin işğalı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması fəaliyyətimin başlıca istiqaməti olub”

Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatının şərh edilməsinə dair KİV-in sualını cavablandırıb
“Yandex”də erməni təxribatının qarşısı alınıb
Qarakənd faciəsindən 26 il ötür

““Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ölkəmizin qarşılaşdığı faciənin mahiyyətini əks etdirmir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun APA-ya müsahibəsi

– Sizin təşəbbüsünüzlə başa çatmaqda olan il ərzində bir sıra ölkələrin parlamentlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr, konfranslar keçirilib. Bu barədə nə deyə bilərsiniz?

– Bəli. Amma sizin mənə ünvanladığınız sualda məni narahat edən bir məqama aydınlıq gətirməyi vacib hesab edirəm. Sadə bir azərbaycanlı kimi məni narahat edən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsidir. Diqqətə çatdırmaq istəyirəm ki, bu ifadə ölkəmizin qarşılaşdığı faciənin mahiyyətini əks etdirmir, amorf və qeyri-müəyyən bir məna daşıyır, bu ifadədən məlum deyil silahlı təcavüz və işğal faktları olub, yoxsa yox. Belə bir ifadə faciənin mahiyyəti, işğalçı və işğala məruz qalan tərəflər haqqında heç bir məlumatı özündə ehtiva etmir. Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemi münaqişə deyil, bu, Ermənistanın Azərbaycana silahlı təcavüzü və Ermənistan tərəfindən ərazilərimizin işğalıdır.

Sizin sualınızla bağlı qeyd etməliyəm ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və onun ağır nəticələri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması fəaliyyətimin başlıca istiqaməti olub. Belçika, İtaliya, Finlandiya, İspaniya və Andorra parlamentlərində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı və onun ağır nəticələrinə dair dinləmələr və konfranslar keçirilib.

– Müxtəlif Avropa ölkələrinin parlamentlərində keçirilən tədbirlər barədə geniş məlumat verməyinizi xahiş edirik.

– Qeyd edilən Avropa ölkələrinin parlamentlərində keçirilən tədbirlərdə Azərbaycan tərəfi geniş tərkiblə iştirak edirdi. Azərbaycanı baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, AvroNest PA-da nümayəndə heyətinin üzvü olan millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fərəc Quliyev, Ceyhun Osmanlı, Fuad Muradov təmsil edirdilər, tədbirlərin keçirildiyi ölkələri isə həmin ölkələrin parlament üzvləri, ictimai-siyasi, elm və dövlət xadimləri təmsil edirdilər.

Xüsusilə vurğulamaq istərdim ki, müxtəlif Avropa ölkələrinin parlamentlərində keçirdiyimiz dinləmələrin əsas məqsədi beynəlxalq təşkilatların hərbi işğalla bağlı qəbul etdikləri qərarların yerinə yetirilməsini milli parlamentlərin tələb etməsinə nail olmaqdan ibarətdir. Belə ki, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməməsi faktiki olaraq onların təcavüzkar Ermənistana köməyi kimi qiymətləndirilə bilər. Təcavüzkara qarşı mübarizə isə bəşəriyyətə və insanlığa xidmət deməkdir. Odur ki, dinləmələr zamanı çıxış edənlər Dağlıq Qarabağ problemi ilə bağlı BMT Təhükəsizlik Şurası və Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT və digər beynəlxalq qurumlar tərəfindən qətnamələrin qəbul edilməsini, bu sənədlərdə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu da daxil olmaqla, 20% ərazisinin işğal edilməsi faktlarının dəfələrlə vurğulandığını xüsusilə qeyd edirdilər.

Mən öz çıxışımda Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibə nəticəsində Azərbaycan xalqına böyük mənəvi və maddi ziyan vurulduğunu, bizim araşdırmalarımız əsasən müharibə nəticəsində Azərbaycana vurulmuş maddi ziyanın miqdarının 2011-ci ilin əvvəllərinə qədər 431,5 (dörd yüz otuz bir milyard beş yüz milyon) ABŞ dollarından artıq olmasını qeyd etdim.

– Siz AŞPA Monitorinq Komitəsinin üzvüsünüz. Dekabr ayında komitənin iclasında həmməruzəçilərin Azərbaycanla bağlı hazırladıqları yekun hesabat müzakirə edilərək qəbul olundu. Bu hesabatı necə dəyərləndirirsiniz və komitə iclasında müzakirələrin gedişi haqqında nə deyə bilərsiniz?

– Zənnimcə, Monitorinq Komitəsi həmməruzəçilərindən biri olan cənab Pedro Aqramuntun hazırlanmış hesabatla bağlı qiymətləndirməsinə diqqət yetirmək yerinə düşər. Cənab Pedro Aqramunt hesabatı BBC-nin Azərbaycan xidmətinə müsahibəsində “obyektiv və balanslaşdırılmış sənəd” kimi xarakterizə edib. O, ölkəmizin Avropa Şurası qarşısında öhdəlikləri ilə bağlı vurğulayıb ki, “Azərbaycan bütün öhdəliklərini yerinə yetirir və düzgün istiqamətdə inkişaf edir. Son bir neçə il ərzində siyasi vəziyyət yaxşılaşmağa doğru gedir”.

Mən ümumilikdə cənab Pedro Aqramuntun qiymətləndirməsi və hesabatda Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi bölmənin olmasını təqdirəlayiq hal kimi qiymətləndirirəm. Belə ki, indiyədək hazırlanan hesabatlarda bu problemə qısa formada bir müddəa həsr edilirdi, həmməruzəçilər bu problemdən sözün əsl mənasında yan keçirdilər. Lakin bu dəfə həmməruzəçilər problemə obyektiv münasibət bildirməyə çalışıblar.

Bununla belə, mən müzakirələr zamanı məruzənin qətnamə hissəsinə növbəti ifadənin əlavə edilməsi təklifi ilə çıxış etdim: “Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərəçarpan nəticə əldə etməyib, hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib”. Ermənistan nümayəndə heyətinin üzvləri və anti-Azərbaycan mövqedən çıxış edən bir sıra deputatların ciddi etirazlarına baxmayaraq, mənim irəli sürdüyüm təklif qəbul olundu.

Hesabatda bizim üçün əhəmiyyət kəsb edən məqamlardan biri də Bakı şəhərinin mərkəzi küçələrində kütləvi aksiyaların, etiraz nümayişlərinin keçirilməsinə qadağalarla bağlı idi. Həmməruzəçi Pedro Aqramuntun da dediyi kimi, ”Azərbaycanın bu sahədə bəzi problemləri var. Lakin bu yalnız Azərbaycan yox, bütün Avropa ölkələrinə aiddir. Onların hamısında bu sahədə problemlər mövcuddur”. Bu məsələyə dair çıxış edərək sərbəst toplaşma azadlığı ilə bağlı bəndi aşağıdakı redaksiyada yenidən yazmağı təklif etdim: “Bakı şəhəri mərkəzinin bəzi hissələrində etiraz aksiyalarının keçirilməsinə icazə vermək məqsədilə təhlükəsizlik tələblərinə cavab verən, təşkilatçılar və hakimiyyət üçün qəbuledilən kompromis həll yolu tapmaq”. Sonda bu təklif də qəbul olundu.

Beləliklə, Azərbaycan haqqında hazırlanmış hesabatla bağlı Monitorinq Komitəsində müzakirələr müəyyən gərginliklə müşayiət edilsə də, ölkəmiz üçün uğurlu oldu. Qeyd etmək istərdim ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesabat ətrafında müzakirələrin Azərbaycan üçün uğurla başa çatması üçün ciddi səylər göstərdi.

– Hakimiyyət nümayəndələri beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında bəzi hallarda Azərbaycana qarşı ayrı-seçkilik, qeyri-obyektivlik, ikili standartlarla qarşılaşdıqlarını bildirirlər. Sizcə bunun səbəbi nədir?

– Bəli, beynəlxalq təşkilatlarda mütəmadi olaraq Azərbaycana münasibətdə ayrı-seçkiliklə üzləşirik. Hətta bir sıra məsələlərlə bağlı Avropa strukturlarında bəzi qüvvələr açıq-aşkar anti-Azərbaycan mövqeyi nümayiş etdirirlər və müxtəlif formada ölkəmizə siyasi təzyiq göstərməyə çalışırlar. On ildən artıq bir zaman kəsiyində AŞPA-da siyasi məhbus məsələsi ilə əlaqədar Azərbaycana qarşı qərəzli və qeyri-obyektiv münasibətin nümayişi özünü daha qabarıq şəkildə göstərdi.

Çox maraqlıdır ki, AŞ üzvü olan bir sıra ölkələrdə insan hüquqları və azadlıqları sahəsində vəziyyət Azərbaycanla müqayisədə heç də ürəkaçan deyil. Azərbaycanda internetdən istifadə edilməsində heç bir məhdudiyyət yoxdur, internet-qəzetlərlə yanaşı, internet televiziyası geniş istifadə edilir, informasiya texnologiyalarının son vaxtlar yaratdığı imkanlardan ölkə vətəndaşları heç bir məhdudiyyət olmadan istifadə edirlər. Qeyd edilənlərə baxmayaraq, AŞPA-da 47 üzv ölkədən yalnız Azərbaycanda söz azadlığının məhdudlaşdırılması və siyasi məhbusların olması iddia edilir.

Azərbaycan isə öz növbəsində bu dövr ərzində ardıcıl şəkildə AŞPA-da bütün üzv dövlətlərə tətbiq edilə biləcək meyarların olmadığını bildirirdi və “siyasi məhbus” anlayışının hüquqi meyarlarının müəyyənləşdirilməsini tələb edirdi. Nəhayət, qurumda siyasi məhbus meyarlarının olmaması etiraf edildi və siyasi məhbusların müəyyənləşdirilməsi üzrə məruzə 3 oktyabr 2012-ci ildə AŞPA-da müzakirəyə çıxarıldı. Bu məruzə uzun və gərgin müzakirələrdən sonra lehinə və əleyhinə verilən səslər 89/89 nisbətində bərabər olmaqla prosedur qaydalarına əsasən qəbul edilmiş sayıldı. Xüsusilə vurğulamaq istərdim ki, səsvermə ərəfəsində yetərsay olmayacağından ehtiyatlanan qüvvələr siyasi məhbus meyarlarının qəbul edilməsinə nail olunmasını qərəzli və böhtan dolu anti-Azərbaycan kampaniyası üzərində qurdu.

Xüsusilə vurğulamaq istəyirəm ki, siyasi məhbus məsələsi AŞ və digər beynəlxalq təşkilatların bu və ya digər ölkəyə siyasi təzyiq vasitəsi olub və indi də bu hal davam etməkdədir. Buna misal olaraq bildirmək istərdim ki, son zamanlaradək Gürcüstan demokratik, insan hüquqlarının təmin edilməsi sahəsində nümunəvi ölkə kimi təqdim edilirdi. Seçkilərdən sonra bu ölkədə siyasi konyunkturanın dəyişdiyini görən və dünənə qədər Gürcüstanı demokratiya və insan hüquqları sahəsində nailiyyətlərinə görə tərifləyənlər 12 dekabrda Monitorinq Komitəsinin iclasında bu ölkədə 200 siyasi məhbusun olması iddiası ilə çıxış etdilər. Çox maraqlıdır, deyildi ki, ölkə parlamenti məhkəmənin işinə qarışa bilməz. Onda mən çıxış edərək soruşdum ki, bəs biz də AŞ deputatlarıyıq, insan hüquqları pozuntularının müəyyən edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müstəsna səlahiyyəti olduğu halda, hansı hüquqla məhkəmələrin işinə qarışırıq?

Digər bir məsələni diqqətə çatdırmağı vacib hesab edirəm. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etdikləri qətnamələrin heç biri icra olunmur, ATƏT-in Minsk Qrupu 20 ildir fəaliyyət göstərsə də, indiyədək heç bir nəticə əldə edilməyib. Beynəlxalq qurumlarda bəzi siyasətçilər, deputatlar, rəsmi şəxslər tərəfindən açıq-aşkar biganəlik nümayiş etdirilir. AŞPA-nın problemə dair 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməyə əsasən Dağlıq Qarabağ üzrə alt komitə yaradıldı. Ermənistan tərəfi alt komitənin işini boykot edirlər və faktiki olaraq 2006-cı ildən bu alt komitə fəaliyyət göstərmir. Bu o deməkdir ki, Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyə məhəl qoymur, Avropa Şurası isə susur. Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etdikləri qərarların yerinə yetirilməməsi təsadüfi deyil. Buna sübut kimi bir müddət əvvəl Avropa Parlamentinin prezidenti cənab Martin Şultsun bu ilin dekabrında mənə ünvanladığı cavab məktubunu göstərmək istəyirəm. O, yazır: “Ümid edrəm ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağa dair mürəkkəb münaqişələrini aradan qaldıracaq”. Göründüyü kimi, Avropa Parlamentinin prezidenti münaqişənin həllinin məsuliyyətini təcavüzkar Ermənistan və təcavüzə məruz qalan Azərbaycan tərəflərinin üzərinə atıb, bununla da beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin bu məsələyə biganəliyini bir daha təsdiq edib.

Sözsüz ki, Avropa strukturlarında bəzi qüvvələrin anti-Azərbaycan mövqedən çıxış etməsinin, Azərbaycanı beynəlxalq aləmdə insan hüquqlarını  pozan bir ölkə kimi təqdim etməsinin, müxtəlif vasitələrlə ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq və Azərbaycana siyasi təzyiq göstərmək cəhdlərinin yalnız bir səbəbi var: Avropa Şurasında və beynəlxalq qurumlarda Azərbaycana qarşı kampaniyanın təşkil edilməsində məqsəd 1 milyondan artıq Azərbaycanlının hüquqlarının kütləvi və kobud şəkildə işğalçı Ermənistan tərəfindən pozulmasına, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasına nail olmaq, eyni zamanda onların pozulmuş hüquqlarının bərpasını kölgə altında saxlamaqdır. Həmin qüvvələr məqsədyönlü şəkildə Azərbaycanı demokratiya və insan hüquqları sahəsində daha ciddi problemi olan ölkə kimi təqdim etməklə ölkəmizi daim, boksçuların təbirincə desək, “nokdaun” vəziyyətində saxlamaq və daim bu “problemlərin” həlli ilə məşğul edərək, sözün əsl mənasında başını qatmağa və Ermənistanın işğalı faktını yaddan çıxartmağa çalışırlar. Bununla da, beynəlxalq təşkilatlar bir əsr əvvəl İrəvan, Zəngəzur, Vedibasar, Göyçə, Qaraqoyunlu və digər Azərbaycan torpaqlarını əldə edərək “qədim erməni torpaqları” kimi rəsmiləşdirmiş  Ermənistan dövlətinə faktiki olaraq 20 il əvvəl işğal etdiyi Dağlıq Qarabağın işğalını daha 20 il də uzatmaq, daha sonra isə bu işğalı rəsmiləşdirərək özünə birləşdirmək imkanı yaradaraq təcavüzkara kömək etmiş olurlar. Daha doğrusu, beynəlxalq təşkilatlar zamanı ermənilərin xeyrinə işlətməklə çox incə, gizli, lakin çox güclü şəkildə təcavüzkar dövlətə yardım etmiş olurlar. İnanıram ki, Azərbaycan cəmiyyəti bu dəfə işğalçı tərəfin növbəti məkrli planlarının reallaşmasına imkan verməyəcəklər.

– Bir neçə gündən sonra 2012-ci il başa çatır və 2013-cü il başlayır. Siz öz seçicilərinizə nə arzulayardınız?

– Qarşıdan gələn Yeni il bayramı münasibətilə əziz seçicilərimi yanan bir ürəklə təbrik edir, onlara can sağlığı və xoşbəxtlik arzulayıram. Mən bilirəm ki, hər bir azərbaycanlı torpaqlarımızın işğaldan azad olmasını səbirsizliklə gözləyir. Mən də hər bir azərbaycanlı kimi var gücümlə o günün yaxınlaşdırılmasına çalışıram və o günün gələcəyinə inanıram.

/APA/