Elxan Süleymanov: “Humanitar atəşkəs Ermənistanın təxribatları nəticəsində başlamamış pozuldu”

Ukraynada prezident seçkiləri başa çatdı. Bəs sonra…?
Qələbə daim bizimlə olsun, Gürcüstan və Azərbaycan dostluğu əbədi yaşasın!
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti

“Erməni cinayətlərinin həddi-hüdudu və sonu görünməz olaraq qalır”

Ermənistan silahlı qüvvələrinin cari ilin 27 sentyabrında səhər tezdən Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini şiddətli atəşə tutmasına cavab olaraq Azərbaycan özünü müdafiə hüququ çərçivəsində hərbi əməliyyatlara başlamaq məcburiyyətində qaldı. Bu əməliyyatların əsas məqsədi ərazilərimizin işğalına son qoyulması, mütəmadi olaraq Ermənistan tərəfindən intensiv artilleriya atəşinə məruz qalan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.

Cəmi bir neçə gün davam edən döyüşlər göstərdi ki, Azərbaycanın iqtisadiyyatı, təbii resursları, əhalinin sayı ilə yanaşı hərbi sferada da gücü Ermənistandan qat-qat artıqdır. Cəbhədə əldə edilmiş uğurları siyasi və diplomatik müstəvidə də davam etdirmək məqsədilə Azərbaycan xarici işlər naziri 8 oktyabrda Cenevrədə ATƏT MQ həmsədrlərini vəziyyətlə bağlı məlumatlandırdı, 9 oktyabrda isə Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşə qoşuldu.

Moskva görüşü 11 saat davam etdi və müzakirələrin nəticəsi olaraq tərəflər arasında razılaşma əldə edildi. Tərəflər arasında əldə edilmiş razılaşma humanitar məqsədlərlə müvəqqəti atəşkəsi, həmçinin Azərbaycan və Ermənistan arasında ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlanılmasını nəzərdə tuturdu.

Lakin Moskva razılaşması əldə ediləndən dərhal sonra Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan elan etdi ki, bizim əsas məqsədimiz “Dağlıq Qarabağın öz müqəddəratının təyin edilməsi hüququnun tanınması və reallaşdırılmasına nail olmaqdan, Dağlıq Qarabağda müstəqil dövlətin yaradılmasından” ibarətdir. Paşinyan və Mnatsakanyan 10 oktyabrda bu sərsəm iddialarla yenidən çıxış etdilər.


Bununla yanaşı, Moskva danışıqlarından dərhal sonra Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərindən Azərbaycan ordusuna qarşı əks hücuma keçərək azad edilmiş əraziləri yenidən işğal etməyə çalışdılar. Lakin Azərbaycan ordusu Erməstan qüvvələrinin bu həmlələrini müvvəffəqiyyətlə dəf etdi, xüsusi təyinatlıları isə pusquya salıb məhv etdi, düşmən ciddi itki verərək geri çəkilməyə məcbur edildi.


Ermənistan tərəfi Moskva görüşü zamanı və həmin görüşdən sonra Azərbaycan mülki əhalisinə hücumları daha da intensivləşdirdi, Gəncə və Mingəçevirə hücumları artırdı.


Ən dəhşətli hücumlardan biri Gəncə şəhərinin əhalinin söx məskunlaşdığı hissəsinə gecə saatlarında ballistik raketin atılması oldu. Bu hücum nəticəsində mülki əhali arasında 4-ü qadın olmaqla 10 nəfər həlak oldu, 30-dan artıq insan ağır yaralandı, raketin düşdüyü bina darmadağın edildi, ətrafdakı yaşayış binalarına və sosial obyektlərə ciddi zərər vuruldu.


Beləliklə, Ermənistan tərəfinin cinayətləri və təxribatları nəticəsində humanitar məqsədli müvəqqəti atəşkəs başlamamış pozuldu.


Maraqlıdır ki, Moskva danışıqlarına sərf edilən vaxtı Ermənistan öz qoşunlarını yenidən qruplaşdırmaq və Azərbaycana qarşı yeni məkrli planlar hazırlamaq üçün istifadə etdi. Bu vaxt Belçika, İslandiya, Rusiya, ABŞ və dünyanın digər ölkələrindən mülki təyyarələrlə silah-sursat daşınmağa başlanıldı. Hətta mətbuatda işğalçı dövlətin XİN rəhbəri Zöhrab Mnatsakyanın Moskva danışıqlarından qayıtdığı təyyarənin bortunda Ermənistana 300 tank əlehinə idarə olunan “Korvet” raketlərinin gətirildiyi bildirildi.


Bütün bunlar bir daha Ermənistanın və onu dəstəkləyən qüvvələrin təxribatlardan əl çəkməyəcəyini göstərdi. Ümumiyyətlə, Ermənistan və ermənipərəst qüvvələrin öz opponentlərinə qarşı təxribatlara əl atması yeni deyil, erməni təxribatlarına dair dastanlar belə yazmaq olar – erməni təxribatı qədim tarixə malik riyakarlıqdır. Bu gün də Ermənistan rəhbərliyi təxribatlardan əl çəkmir.


Mən özüm hələ Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü və Avronest PA-da nümayəndə heyətinin rəhbəri olarkən erməni təxribatları və riyakarlığının şahidi olmuşam.


Mən AŞPA-da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” və “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsi” adlı qətnamə layihələri irəli sürdükdən sonra erməni deputatları və müxtəlif anti-Azərbaycan qrupların güclü müqaviməti və təhdidləri ilə qarşılaşdım. “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” və “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçilərə qarşı Ermənistanın ali rəhbərliyi səviyyəsində təşkil olunmuş, Avropanın ermənipərəst qüvvələri tərəfindən həyata keçirilən təzyiqlərə məruz qaldılar.

Əgər ATƏT-in Minsk qrupu Daglıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyirdisə, o nə üçün AŞPA sessiyasına 2 saat qalmış səsverməyə təsir və təyziq etmək məqsədilə bütün dünyaya bəyanatla müraciət etdi ki, AŞPA-nın bu məsələni həll etmək səlahiyyəti yoxdur, bu hüquq yalnız ATƏT-in Minsk qrupuna aiddir?
Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi faktının vurğulandığı ilk AŞPA qətnaməsinin qəbulundan sonra beynəlxalq güc mərkəzləri hərəkətə keçdilər. Görünür AŞPA-ya gizli göstəriş verildi və bu qurum öz deputatlarına qarşı, Azərbaycana qarşı şər-böhtan kampaniyasına başladı.

Ermənipərəst qüvvələr bu qətnamənin qəbul edilməsindən qəzəblənərək mənə, AŞPA-da bu qətnaməni dəstəkləyən bir sıra deputatlara qarşı qarayaxma kampaniyası apardılar, hətta AŞPA prezidentinin, siyasi fraksiya sədrinin, komitə sədrinin istefaya getmələrinə nail oldular.

Mənim və problemə obyektiv mövqe nümayiş etdirən AŞPA üzvlərinin günahı yalnız ondan ibarət idi ki, biz Ermənistanın işğalına son qoyulmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, məcburi köçkünlərin öz yurdlarına qayıtmaq, təhlükəsiz, sərbəst və azad yaşamaq hüquqlarının təmin edilməsini AŞPA-nın gündəminə gətirmişdik. Aydın olduğu kimi, erməni təxribatlarının, erməni riyakarlığının, erməni cinayətlərinin həddi-hüdudu və sonu görünməz olaraq qalır.

Elxan Süleymanov,
AVCİYA prezidenti