“Erməni soyqırımı”: Faktların həqiqəti

AVCİYA prezidenti Elxan Süleymanov möhtəşəm qələbə münasibətilə Ali Baş Komandanı və xalqımızı təbrik edib
Fuad Babayev: 2009-cu il üçün dəftərçə
Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Ermənilərin Yaxın Şərq və Qafqaz bölgələrində milli-siyasi qüvvə kimi siyasət səhnəsinə çıxmasının tarixi XIX əsrin əvvəllərindən – Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələri olaraq 1813, 1828, 1829-cu illər Gülüstan, Türkmənçay və Adrianapol müqavilələri ilə başlayır. Bu müqavilələr əsasında   Azərbaycan, Gürcüstan və Türkiyənin tarixi ərazilərinin bölünməsi, ermənilərin İrandan və Türkiyədən əzəli Azərbaycan (13 xanlığın ərazisi) və Gürcüstan (Axaltsix və Axalkalaki) torpaqlarına köçürülməsi  erməni əhalisinin həyatında əsaslı iz qoydu. Yeni tarixi şərtlər, həmçinin istər Osmanlı Türkiyəsi, istərsə də Rusiya İmperiyasında erməni əhalisinin nisbətən üstün və qabaqcıl vəziyyəti,  er-məni milli şüurunda yüz illərlə bəslənən öz müstəqil  dövlətçiliyini yaratmaq ide-yasını artıq yetişməkdə olan erməni millətçiliyinin siyasi devizinə çevirdi. “Böyük Ermənistan” onun “yaradıcılarının” planlarına görə Osmanlı Türkiyəsinin və Rusiya İmperiyasının (Qafqazın – Azərbaycanın və Gürcüstanın) böyük ərazilərini əhatə etməli idi.  Bu isə hakimiyyətlə öz separatçı niyyətlərini bəyan etmiş erməni əhalisi arasında artıq müəyyən münasibətlərin başlanmasını şərtləndirirdi.
Lakin nə qədər ki, Osmanlı Türkiyəsi güclü və qüdrətli idi, erməni millətçiləri dövlətə  qarşı  qalxmağa və hər hansı bir gözə çarpacaq fəaliyyət göstərməyə cürət etmirdilər. Lakin XIX əsrin ortalarından etibarən bu dövlətin daxili və xarici vəziyyəti mürəkkəbləşməyə başladı. Bir zamanlar qüdrətli  Osmanlı İmperiyasının zəifləməsində maraqlı olan və türk boğazlarını ələ keçirmək məqsədini güdən Avropa dövlətləri və Rusiya İmperiyası ermənilərin türklərə zidd planlarını hər vasitə ilə təşviq etməyə  və dəstəkləməyə başladılar. Təsadüfi deyil ki, qatı millətçi erməni partiyaları olan “Qnçaq” (1887), “Daşnaksütun” (1890) və d. məhz Avro-pada və Rusiyada yaranmışdır. Erməni təşkilatları arasında daha güclü, intizamlı və konspirativ təşkilat olan “Daşnaksütun” artıq  1890-cı illərdə Türkiyədə silahlı üsyan hazırlayır və bununla Avropanın diqqətini ermənilərin milli mübarizəsinə cəlb edəcək münaqişə yaratmağa ümid edirdi. Bu mərhələdə  “Daşnaksütun” hələ  yalnız Türkiyə ərazisində mövcud olsa da, onun fəaliyyətinin əsas bazası rus Ermənistanı idi. XIX əsrin sonu – XX əsrin əvvəllərindən başlayaraq erməni emissarları, agentləri və erməni əhalisinin Türkiyədən Cənubi Qafqaza axını  güclənir. Artıq beyinlərə işləmiş bir ideyaya çevrilən “Böyük Ermənistan” şüarı  ətrafında birləşən bu insan axını təşkilatlandırılmış hərbi dəstələr yaratmaqla fəal surətdə silahlanmağa başlayır. Bu dövr ermənilər silahları əsasən xaricdə, o cümlə-dən Rusiyada  baha qiymətə alaraq  gizli yollarla məskunlaşdıqları ərazilərə gətirir və məxfi anbarda mühafizə edirdilər. Silahlı dəstələrin ilk vəzifəsi yeni Ermənistan dövlətinin yaradılması üçün nəzərdə tutulmuş ərazilərdə yaşayan yerli türk və azərbaycanlı əhalini fiziki  cəhətdən məhv etmək  olur.
XX əsrin əvvəllərində Yaxın Şərqdə öz nüfuz dairəsini genişləndirmək uğrunda böyük dövlətlər – İngiltərə, Fransa, Rusiya, Amerika və Almaniya arasında – arasında mübarizənin kəskinləşməsi və bunun nəticəsi olaraq 1914-cü ilin iyul ayının 28-də I dünya müharibəsinin başlanması  ermənilərə öz niyyətlərini həyata keçirmək üçün geniş imkanlar açdı. Rusiyanın boğazlara və Konstantino-pola (İstanbula) yiyələnmək uğrunda ənənəvi istəyi yenidən baş qaldırmışdı və hələ 1814-cü il fevralın 21-də Rusiyanın xarici işlər, hərbi və dəniz nazirləri çar II Nikolayın bu məsələdə mövqeyini müdafiə edərək belə bir qərar qəbul etmişdilər ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə “şərq məsələsini” öz xeyrinə həll etməlidir”.
Rusiyanın bu təhdidləri qarşısında öz mövqelərini qoruyub saxlamağa çalışan Türkiyə 1914-cü il avqustun 1-də Rusiyaya müharibə etmiş Almaniya ilə müttəfiq olur və avqustun 2-də  Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanır. Almaniya-Rusiya arasında müharibənin gedişində rus qoşunlarının qarşısında davam gətirməyən Almaniya rusların qoşunlarının bir hissəsinin geri çəkilməsini təmin etmək üçün Türkiyəni Qafqaz cəbhəsində hücuma keçməyə təşviq edir. Oktyabrın 29-da türk gəmiləri Rusiyanın Qara dəniz limanlarını bombalayır və bununla da Türkiyə-Rusiya  müharibəsi başlanır. Qafqaz cəbhəsində isə rəsmi olaraq noyabrın 1-də Rusiya Türkiyəyə qarşı müharibə elan edir.
Birinci dünya müharibəsinin əvvəllərində Rusiya hər vasitə ilə ermənilərdə onların muxtariyyət və öz dövlətçiliyini yaratmaq haqqında gizli arzusunu daha da qızışdırmağa başladı. II Nikolay özünün xüsusi Bəyannaməsində birmənalı şəkildə erməniləri, çoxdan gözlədikləri muxtariyyətlə cəlb edərək, Türkiyəyə qarşı Rusiyanın tərəfində fəal çıxışlara təhrik edirdi: “Ermənilər! Çarın hakimiyyəti altında öz qan qardaşlarınızla birləşməklə, siz, nəhayət ki, azadlığın və ədalətin dadını biləcəksiniz”.
Erməni millətçilərinin II Nikolayın vədlərini nə dərəcədə ciddi qəbul etdikləri isə  “Daşnaksütun” partiyasının çara müraciətindən aydın  görünürdü: “Bizim qəlbimiz elə bir güclü həvəslə dolmuşdur ki,  əziz vətənimizin payına düşən sınağı  rus silahının yeni əzəməti və Rusiyanın Şərqdə tarixi vəzifələrinin həlli ilə başa çatmasını böyük ümidlərlə özləyirik. Qoy rus bayrağı  Bosfor və Dardanel üzərində  sərbəstcəsinə dalğalansın. Əlahəzrət Hökmdar, qoy Sizin iradənizlə Türkiyənin əsarəti altında qalan xalqlar azadlıq qazansınlar.”
Müharibə başlanan kimi bütün ermənilərin katalikosu V Gevork  Qafqaz canişini  Vorontsov-Daşkova məktubla müraciət edərək “erməni məsələsini” həll etməyin vaxtı gəldiyini xatırladır. Qafqaz canişini də erməni katalikosunu əmin edir ki, şərait yaranan kimi bu məsələ həll ediləcəkdir. 1914-cü il dekabrın 20-də Qafqaz cəbhəsində döyüş bölgələrinə gəlmiş çar II Nikolay ilə  katalikos V Gevorkun 15 dəqiqəlik görüşü olur. Çar  katalikosu “erməni xalqını yaxşı gələcək gözlədiyinə” əmin edərək ondan hansı ərazilərdə erməni idarəetmə  üsulunun tətbiq edilməsini istədiklərini soruşur. Erməni katalikosu “6 vilayətdə (Ərzurum, Van, Bitlis, Xarput, Diyarbəkir, Sivas) və Kilikiyada, Aleksandretiyə qədər dəmir yolunu Qarsdan davam etdirmək, Aralıq dənizinə qədər çatdırmaq olar” – deyə bildirir. Lakin İmperatorun həmin ərazilərdə nə qədər erməni yaşadığı, onların sayının nə qədər çox olduğu sualına V Gevork qeyri-müəyyən bir cavab verir: “Yeni sərhədlərdə erməni əhalisi kifayət qədər olacaq…” Bu cavab erməni milli-siyasi-dini qüvvələrinin “Qərbi Ermənistan” dövləti yaratmaq üçün iddia etdikləri ərazilərdə belə ermənilərin say üstünlüyü təşkil etmədiklərini anladığını və məhz bu səbəbdən məsələnin “həllini” həmin ərazilərdə yaşayan türkləri bütün vasitələrlə sıxışdırıb çıxarmaq, onların yerinə erməniləri məskunlaşdırmaq vəzifəsində gördüyünün bariz nümunəsi idi.
Beləliklə, I dünya müharibəsinin başlandığı dövr Türkiyə ilə müharibə aparan və bu ölkənin ərazisinin böyük bir hissəsinə iddia edən çar Rusiyası ilə Türkiyə ərazində “Qərbi Ermənistan” dövləti yaratmaq istəyən ermənilərin maraqları üst-üstə düşür. Bu əməkdaşlığın ilkin nəticələri kimi ən əvvəl Cənubi Qafqaz ermənilərindən, daha sonra isə Türkiyə ermənilərindən ibarət könüllü silahlı dəstələrin yaradılmasına başlanılır. İlk vaxtlar erməni könüllülərinin sayı 2500 nəfər olduğu halda, sonralar bu rəqəm 6000, daha sonra 9000-ə çatır. 1916-cı ilin sonları üçün ermənilər Qafqaz ordusunda böyük əksəriyyət  təşkil edirdilər. Məs., 1917-ci il yanvarın 1-nə olan məlumata görə Rusiya hökuməti tərəfindən təkcə Tiflis səfərbərlik məntəqəsində hərbi xidmətə 304 164 nəfər çağırılmışdı ki, onlardan 121 321 nəfəri erməni idi. Lakin erməni generallarının Qafqaz ordusu tərkibində ayrıca erməni silahlı birləşmələrinin yaradılması haqqında dəfələrlə məsələ qaldırsalar da Rusiya Müdafiə Nazirliyi uzun müddət buna razılıq vermir. Yalnız 1917-ci oktyabrın 23-də Qars cəbhəsinin baş komandanının sərəncamı ilə iki erməni atıcı briqadası yaradılır. Beləliklə, ermənilər çar hökumətinin hesabına leqal surətdə, qanuni şəkildə başdan-ayağa silahlanmaq üçün əlverişli şərait yaranır.1918-ci ildə ermənilərin Cənubi Qafqazdakı qonşularına – azərbaycanlılara və gürcülərə nisbətən daha yaxşı silahlanmalarının və təşkil olunmalarının başlıca səbəbi də bu idi. Sonralar bu silahlı briqadalar erməni daşnak hökumətinin ordusunun əsasını təşkil edəcək və Qars vilayətindən başlayaraq İrəvan quberniyası, Zəngəzur və Qarabağda, daha sonra Azərbaycanın digər bölgələrində türk-azərbaycanlı əhalisinin kütləvi soyqırımını həyata keçirəcək.
Lakin 1914-cü ilin sonu – 1915-ci ilin əvvəllərində Qafqaz cəbhəsində əsas əməliyyatlar hələ Türkiyə ərazisində aparılırdı və  məhz  bu dövr yaranmış mövcud şəraitin və  baş verən hadisələrin, xüsusən Van faciələrinin  obyektiv qiymətini vermədən  “erməni soyqırımı” kampaniyası haqqında tarixi həqiqəti bərpa etmək mümkün deyildir.
1914-cü ilin dekabrında Ənvər Paşanın komandanlığı altında Türk ordusunun   Qars istiqamətində hücumu və ciddi itkilər verməklə Sarıqamışda ağır məğlubiy-yətə uğraması, cəbhə xəttinin  yeni sərhədlərdə şərqə – Ərzuruma kimi sabitləşməsinə səbəb olur. 1915-ci ilin əvvəllərində rus ordusu cənub istiqamətin-də, İran sərhədləri boyunca Van gölü ətrafındakı rayonlara gözlənilmədən hücuma keçir. Türkiyə hökumətinə qarşı qiyam qaldırmaq üçün çoxdan fürsət gözəyən ermənilər əlverişli məqamın yarandığını düşünərək Vanda silahlı çıxışa başlayırlar. Van qubernatorunun 20 mart 1915-ci il teleqramında qiyamçıların sayının 2000 nəfər olduğu bildirildiyi halda, az sonra bu rəqəm 4000 nəfərə çatır, qiyam genişlənərək ətraf kəndlərə yayılır və az sonra yerli hakimiyyəti iflic vəziyyətinə salır. Qiyamın ilk gündən yerli türk əhalisinə, xüsusən qadın və uşaqlara  qarşı yönəlməsi (müsəlman kişilər bu zaman cəbhədə idi), yolların bağlanması, müsəlman kəndlərinin yandırılması on minlərlə dinc müsəlman əhalinin köçürülməsini və bu yolla xilas edilməsini qeyri-mümkün edir. Bu hadisələrə qədər Vanın erməni əhalisinin  cəmi 33.789 nəfər, yəni şəhər əhalisinin cəmi 42 %-ni təşkil etdiyi nəzərə alınarsa silahsız dinc müsəlman əhalisinin kütləvi surətdə qırılması arxasında “ərazilərin boşaldılması” planının durduğu artıq öz zamanında bu hadisəyə münasibət bildirmiş bütün müəlliflər tərəfindən təsdiq edilir. Aprel ayında erməni qiyamçıları Van şəhərini tamamilə ələ keçirərək “Daşnaksütun” partiyasının liderləri – Aram və Varelin komandanlığı altında erməni qərargahı yaradırlar və  bütün müsəlman əhalisindən təmizlənmiş Van vilayətini Rus ordusunun üzünə açırlar. Aprelin 28-də Yerevandan çıxan Rusiya ordusu mayın 14-də Vana çatır. Mayın 18-də Çar “Vanın erməni əhalisinə göstərdikləri sədaqətə görə” təşəkkür edir. Vanda rusların müdafiəsi altında erməni dövləti qurulur və Aram Manukyan rus qubernatoru təyin edilir.
Van hadisələri hələ 1915-ci ilin fevral ayından Şərqi Anadolunun bütün vilayətlərini – Zeytun, Bitlis, Muş, Sivas, Diyarbəkir və s. – bürümüş erməni qiyamlarının ən uca nöqtəsi olur. Qiyamçıların başçıları arasında Osmanlı Parla-mentinin  erməni deputatlarının olması  və onların  rusların tərəfinə keçməsi faktı özlüyündə artıq bu qiyamların vahid mərkəzdən idarə edildiyinin bariz sübutu idi. Məs., Bitlis və Muş qiyamlarında Vandan deputat Papazyanın fəal iştirakı, Ərzu-rumdan deputat  “Qarro” ləqəbli Pasdermacyanın hərbi əməliyyatlar başlanan kimi III Osmanlı ordusunun bütün erməni əsgər və zabitləri ilə birlikdə Rusiya ordusuna qatılması, daha sonra həmin birləşmələrin dinc müsəlman əhalisinə divan tutması, ümumiyyətlə, Türkiyə ordusunda olan 80 min ermənidən 15 min nəfərin dərhal əldə silah düşmən tərəfə keçməsi, qalanlarının isə, Türkiyə ordusuna arxa cəbhə-dən hücum etməyə hazırlaşması kimi məlumatlar Türkiyə hökumətini nəhayət ki, müvafiq tədbirlər görməyə vadar edir. Beləliklə, müharibə başlanan zaman özünün erməni təbəələrini silahlandıran və ordu sıralarına səfərbər edən Türkiyə hökuməti onların kütləvi fərariliyi və vətənə xəyanəti qarşısında müharibə dövrü üçün çox loyal sayılacaq bir qərar verir: ermənilər döyüşən hissələrdən çıxarılaraq mühəndis hissələrinə göndərilir. Bu hissələrin  hansı ölkəyə “sədaqətli” olduqları tezliklə Vanda özünü göstərir. Qeyd olunmalıdır ki, ermənilər yalnız Qafqaz cəbhəsində deyil, Dardanel boğazı yaxınlığında (Yalov, Bura, İzmit və s.) da qiyamlar qaldıraraq Antantanın desant qoşunlarının İstanbula çıxmasına şərait yaradırdılar.
Lakin Türkiyənin nəinki erməni hərbçiləri, artıq yuxarıda qeyd edildiyi kimi, erməni siyasətçiləri də yüz illərlə firavan və rahat yaşadıqları,  böyük sərvətlərə və yüksək mənsəblərə  yetişdikləri, azad yaradıcı və siyasi fəaliyyətlə məşğul olduqları  bir ölkədə görünməmiş  fərarilik və xəyanət nümunələri göstərirlər. Türkiyənin bütün iri şəhərlərində, o cümlədən İstanbulun özündə olan saysız Erməni Komitələrinin başçıları və üzvləri – erməni milli hərəkatının “intellektual”  rəhbərləri həmin dövr geniş kordinatorluq funksiyasını yerinə yetirir,  əyalətlərdəki hadisələri nizamlamaqla yanaşı,  Britaniya,  Fransa və Rusiya siyasi dairələri ilə sıx əlaqələr saxlayır, müttəfiqlərin Osmanlı imperiyasının paytaxtına təntənəli gəlişini hazırlayır və “Erməni dövlətinin” yaranmasına qalan vaxtı yaxınlaşdırır-dılar. Məhz bu şəraitdə, İstanbulda ermənilərin dövlət çevrilişi etmək planlarından məlumatlanan Türkiyə hökuməti 1915-ci il 24 aprel tarixdə İstanbulda və ölkənin digər iri şəhərlərində erməni komitələri mərkəzlərinin dərhal bağlanması, sənədlərinin müsadirə edilməsi, rəhbərlərinin isə həbsi barədə qərar verir. İlkin  mənbələrdə bu qərar əsasında həmin gün 600 nəfər “erməni intellektuallarının” – “yazıçı, şair, jurnalist, siyasətçi, həkim, vəkil, hüquqşünas, müəllim, alim və din xadimlərinin mərkəzi həbsxanaya göndərildiyi” bildirilir. Beləliklə, 24 aprel 1915-ci il tarixi – erməni separatçıları, terrorçuları və qatillərinin ideya rəhbərlərinin həbsi günü – az sonra güc toplamağa başlayacaq “erməni soyqırımı” kampaniyasının  başlanması  günü kimi qəbul ediləcək və  “xalqı məhv etmək üçün əvvəlcə onun səsini susdurdular” məntiqi ilə izah ediləcək. Əslində müharibə baş-lanandan 6 ay müddətində  erməni qiyamçı  təşkilatların  başçıları və üzvləri olmuş  bu “600 intellektualın” həbsi deyil, bu həbsin çox gec həyata keçirilməsi heyrət doğurduğu halda, bu hadisə dərhal Türkiyə əleyhinə geniş təbliğat kampaniyasının başlanmasına səbəb olur. Bir hissəsi tanınmış şəxslərdən ibarət olan ermənilərin guya “Anadoluya deportasiya edildiyi və öldürüldüyü” barədə şayiələr yayılmağa bağlayır. Əslində həmin şəxslərin yalnız bir qismi mühakimə edilir, qalanları isə az sonra azadlığa buraxılır və öz həyatı ilə yaşayır. Lakin “600 qurban” haqqında buraxılmış təbliğat mexanizmi artıq öz işini görür. Maraqlıdır ki, sonralar Türkiyə hökumətinin rəsmi sənədlərində 24 aprel tarixində həbs edilənlərin sayının 600 deyil, 2.345 nəfər olduğu göstərilsə də erməni təbliğatı özünün artıq dünya  ictimaiyyətinə  elan etdiyi rəqəmi “korrektə” etməyi lazım bilmir.
Gec də olsa dövlət üçün təhlükəli hesab etdiyi erməni xadimlərini  zərərsizləşdirməyə – hələlik yalnız polis tədbirləri ilə – başlayan Türkiyə hökuməti bu tədbirlərin davamı kimi cəbhə zonalarında yaşayan və  kütləvi surətdə Osmanlı  dövlətinə itaətsizlik nümayiş etdirən, xüsusilə  yerli dinc müsəlman əhalisinə qarşı açıq müharibə aparan erməni əhalisi ilə bağlı məsələlərin həlli yollarını axtarır.  Türk ordusunun geri çəkildiyi bir zamanda, 1915-ci il may ayının 2-də  Türkiyənin hərbi naziri Ənvər Paşa Daxili İşlər Naziri Tələt Paşaya yazdığı məktubda Van gölünün ətrafında yaşayan ermənilərin tam hərbi  hazırlıq vəziyyətində olduqlarını və silahlı  qiyamı davam etdirmək niyyəti güddüklərini bildirir və qiyam ocaqlarını söndürmək üçün onların bu ərazilərdən köçürülməsini məqbul sayır. Bu məktubda rusların aprelin 20-də Rusiya ərazisində olan müsəlmanları öz sərhədləri hüdudundan çıxararaq Türkiyə ərazisinə qovduqlarını xəbər verən Ənvər Paşa, “cavab addımı” olaraq ermənilərin də ya Türkiyə sərhədlərindən çıxarılaraq Rusiya ərazisinə qovulmasını, yaxud da onların ailələrin ilə birlikdə Anadolunun müxtəlif məntəqələrinə yerləşdirilməsinin zəruri olduğunu vurğulayır. Tələt Paşadan bu iki yoldan daha münasibini seçmək və həyata keçirmək xahiş olunur.
Fransız tədqiqatçısı Jorj de Malevil Ənvər Paşanın bu məktubunu “erməni soyqırımı”  iddialarının əsassızlığı  sübut edən ən mühüm sənəd sayır. Belə ki, etibarlılığı heç kim tərəfindən şübhə altına alınmayan bu sənəd bir çox mətləblərə aydınlıq gətirir. Əvvəla, düşmən tərəfə rəğbət bəsləməkdə şübhəli bilinən əhalinin deportasiyası təşəbbüsünün ilk əvvəl heç də türklərə deyil, ruslara mənsub olduğu (20 aprel 1915-ci ildə) və Ənvər Paşanın bu ideyanı “cavab addımı” kimi məhz ruslardan aldığı məlum olur (hərçənd Rusiyanın türk əhalisi ruslar əleyhinə heç bir qiyam qaldırmamışdılar). Daha sonra, ermənilərin deportasiya edilməsi fikrinin  onların Vanda silahlı çıxışlarından sonra, qiyam ocaqlarını yatırtmaq  zərurəti kimi meydana çıxdığı, məktub yazılan tarixə qədər Ənvər Paşanın qiyamçı ermənilərə dair hələ qəti qərar vermədiyi, onların cəbhə önünə, yaxud arxaya köçürülməsi seçimi qarşısında qaldığı və 2 may tarixinə qədər bu tədbirlərin yalnız Şərqi Anadolunun qiyama qalxmış erməni əhalisinə aid edildiyi kimi faktlar Ənvər Paşa-nın  liderlərindən biri olduğu Türkiyənin hakim “İttihad və Tərəqqi” partiyasının guya hələ 1915-ci ilin əvvəllərində “ermənilərin məhv edilməsinə” dair gizli plan qəbul etdiyi barədə “erməni soyqırımı”  carçılarının iddialarını tam inkar edir.
1915-ci il mayın 2-də Ənvər Paşa yaranmış şərait üçün daha humanist seçim edir: “ön cəbhə” deyil, “arxa cəbhə”  variantına üstünlük verilir, ermənilərin imperiyanın  içərilərinə köçürülməsi  qərara alınır. Bu humanizm türklərə və Ənvər Paşanın özünə baha başa gələcək. Tarix “Əgər” məfhumunu qəbul etməsə də, həmin dövr hərbi nazir yerli türk əhalisini öz yurdlarından cəbhə xəttinə qovan və bununla da yüz minlərlə müsəlmanı gülləyə hədəf edərək qırdıran  ruslara (eləcə də Vanın işğalı zamanı ermənilərə)  “cavab addımı” yolunu seçsə idi, mümkündür ki, bütün Anadolunu ermənilərdən təmizləyərdi və bu zaman rusların nümunəsinə müvafiq hərəkət etdiyi  və bu addımın həmin şəraitdə tam ədalətli sayıla biləcəyi  Türk tərəfini qınamağa heç bir əsas verməzdi. Lakin 26 may 1915-ci il tarixdə Şərqi Anadolu, Zeytun və Diyarbəkirin şərqinə doğru digər ərazilərdən erməni əhalisinin Mesopotamiyaya – Fırat vadisinə, Mosul, Urfa və Süleymaniyyənin ətrafına köçürülməsi haqda şifahi qərar qəbul edilir və şifrli teleqramlarla yerlərə  göndərilir. Qərarda ermənilərin məskunlaşacağı yerlərdə qiyam ocaqlarının yaranmasına yol verməmək üçün onların yerli əhalinin 10 %-indən artıq olmaması, 50 evdən artıq erməni kəndlərinin salınmaması, erməni-köçkün ailələrinə yaşayış yerini dəyişmək hüququ verilməməsi kimi şərtlər irəli sürülür. Eyni zamanda köçürülməyə məsul şəxslərə ermənilərin həyatının və mülkiyyətinin təhlükəsizliyi-nin təmin edilməsi, onların ərzaqla təchiz olunması, bütün yol boyu istirahət imkanı verilməsi, eləcə də yeni yerlərdə onların gəlişi üçün hazırlıq görülməsi,  evlərin tikintisi üçün dövlət tərəfindən vəsait ayrılması, kəndli və sənətkarlara toxum, əmək alətləri və digər ləvazimat verilməsi kimi şifrli şəkildə göndərilən və gizli qalacağı ehtimal edilən göstərişlər Türkiyə hökumətinin bu tapşırıqlarında səmimi olduğunu göstərir. Beləliklə, Türkiyə hökumətinin ermənilərin köçürülməsi qərarı arxasında  heç də “xain ermənilərdən qisas almaq” deyil,  yalnız bir məqsəd – müharibə şəraitində türk ordusunun arxa cəbhəsini və cəbhə boyu əyalətləri erməni qiyamçılarından, casusluqdan, terrordan və üsyançı dəstələrdən təmizləmək – dururdu.
Lakin müharibə aparan bir ölkənin hökuməti üçün yeni və son dərəcə ağır problemlərin  yaradıldığından xəbər verən bu qərarın icrası daha da ağır problemlər və çətinliklər yaradır. Yüz minlərlə adamın yerdəyişməsinin lazımi mühafizə olmadan, yarıqaçaq tayfaların (ərəb, kürd və s.), eləcə də erməni silahlılarının zorakılıqlarından müsibətlər çəkmiş türk qaçqınlarının məskunlaşdığı ərazilərdən keçməklə baş verməsi erməni karvanlarına hücumlarla müşayiət olunur və  köçürülənlər arasında çoxsaylı  insan tələfatı,  əmlaklarının isə qarət edilməsi ilə nəticələnir. Türkiyə hərbi tribunalı köçürülən ermənilərə qarşı cinayətlərdə müqəssir olanlara qarşı 1397 hökm çıxarsa da,  faciələr geniş miqyas alır.  Böyük itkilər verməklə Mesopotamiyaya  çatan köçkünlər burada yaşamaq üçün əvvəlcədən heç bir  hazırlıq tədbirlərinin görülmədiyi ilə üzləşir, səhrada, çay kənarında,  tələsik quraşdırılmış düşərgələrdə  yerləşməyə məcbur olan insanlar arasında aclıqdan, xəstəlikdən və zəiflikdən ölüm halları kütləvi şəkil alır. Bu faciələrin şahidləri olan xarici missionerlər və diplomatlar ilk olaraq həyəcan dolu məlumat-ları  öz ölkələrinə çatdırırlar və beləliklə, dünya ictimai fikrində “ermənilərin yenə də türklər tərəfindən qırıldığı, lakin qırğınların bu dəfə daha sistemli və ümumi şəkildə həyata keçirildiyi” haqqında rəylər yaradılır. Köçürülmənin son dərəcə nizamsız təşkili ilə bağlı bir sıra obyektiv və subyektiv səbəblər üzərində dayanmadan burada bir məqamı vurğulamaq vacibdir ki, bütün mövcud faktlar, sənədlər və sübutlar  bu faciəli hadisələrin arxasında Türkiyə hakim dairələrinin erməni əhalisinin kütləvi surətdə məhv edilməsinə dair hər hansı məxfi planı, siyasəti, yaxud qəsdi olmadığını təsdiq edir. Qeyd edilməlidir ki, həmin hadisələrdən az sonra güc toplayan və 100 ildən artıq davam edən “erməni soyqırını” haqda türklərə qarşı yürüdülən əsassız ittihamların arxasında da istər həmin dövr, istərsə sonrakı mərhələlərdə həqiqət axtarışından daha çox siyasi məqsədlər və maraqlar dururdu. “Erməni” soyqırımı” kampaniyasının kimlər tərəfindən, nə vaxt, necə başladığı, genişləndiyi və hansı istiqamətlərdə davam etdiyi böyük və ayrıca mövzudur. Burada həmin kampaniyanın tərkib hissələrindən olan yalnız bir məsələyə – 1915-ci il ermənilərin köçürülməsi zamanı ölmüş insanların sayı məsələsinə aydınlıq gətirək. Kütləvi insan tələfatı ilə səciyyələnən faciələrdən danışarkən rəqəmlərin az və ya çoxluğuna istinad etmək və statistikaya söykənmək  mənasızdır. Günahsız  və köməksiz, ən kiçik etnik qrupun, məqsəd-yönlü şəkildə öldürülməsi də soyqırımı sayılır. Lakin “erməni soyqırımı” carçılarının, xüsusilə ermənilərin özlərinin yalan, təhrif, saxtakarlıq və uydurma ittihamlar əsasında “soyqırımı” qurbanları kimi qələmə verdikləri itkilərin sayını daima artıraraq, sonda bu rəqəmi 1914-cü ildə  Osmanlı imperiyasının bütün erməni əhalisinin sayına çatdırması heç bir məntiqə sığmır. Erməni itkilərinin sayına dair irəli sürülən ən müxtəlif rəqəmlərlə bağlı mülahizələrə toxunmadan bildirək ki, bir amerikalı mütəxəssisin rəhbərlik etdiyi statistika xidmətinin 1914-cü il  üçün Türkiyənin ümumi  əhalisinin rəsmi  statistik  məlumatları əsasında  hazırladığı raportda irəli sürülən rəqəm – qurbanların sayının 300 000-ə qədər olması – daha inandırıcı görünür (müqayisə üçün: 1914-cü ildə  Şərqi Anadolunun “erməni” vilayətlərində 2.295.795 nəfər müsəlman əhalisi yaşayırdı, müharibədən, qətllərdən və saysız yerdəyişmələrdən sonra  bu rəqəm 600.000 nəfər təşkil edirdi).
Erməni qurbanların sayına dair 300 000 rəqəmi 1918-ci il 11 dekabr tarixdə erməni mənbələri əsasında Erməni münayəndə heyətinin başçısının Fransa Xarici işlər Nazirliyinə təqdim etdiyi məlumatlarla üst-üstə düşür. Qeyd olunmalıdır ki, bu 300 000 nəfər sırasına “itkin düşənlər” – Vandan qaçaraq Rusiya-Qafqaz ərazisinə keçən və sonralar burada məskunlaşan erməni əhalisi də daxil edilir.
“Van” qaçqınları məsələsi bilavasitə Azərbaycanla əlaqəli olduğu üçün bu məsələ üzərində bir qədər ətraflı dayanaq. Yuxarıda 1915-ci il mart-may aylarında          Vanda baş verən faciələr – şəhərin ermənilər tərəfindən işğalı və rusların müdafiəsi altında erməni dövlətinin qurulması, yerli müsəlman sakinlərinə divan tutulması və şəhərin dinc türk əhalidən tamamilə təmizlənməsi haqqında danışılmışdı. Lakin tale, yaxud tarix Van məsələlərində ermənilərlə acı bir “oyun” oynayır. Rusların nəzarəti altında olsa da, Vanda hakimiyyətin ermənilərin əlinə keçməsi ermənilərdə  nəhayət ki, Erməni dövlətinin yaradıldığı təsəvvürü yaradır və Şərqi Anadolunun digər vilayətlərində yaşayan erməni əhalisinin kütləvi surətdə  “yeni erməni dövlətinə” axışıb gəlməsinə səbəb olur. Lakin 1915-ci ilin ortalarında cəbhədə vəziyyət dəyişməyə başlayır. İyulun əvvəllərində Türkiyə qoşunları rusları sıxışdırır və bu vaxt Vanda sayı artıq 250 000-ə çatan erməni əhalisi “ölü doğulmuş” dövlətdə törətdikləri qətllərə görə cəzadan qorxaraq geri çəkilən rus-erməni qoşunları ilə birlikdə Cənubi Qafqaza üz tutur. Rusiya ərazisində çar hökumətin  gözü qarşısında ermənilərin təzyiq və hücumlarına ilk olaraq Qarsın  türk və azərbaycanlı əhalisi məruz qalır. Müharibənin başlanması və rusların Körpüköy ətrafında  məğlubiyyətindən sonra 37 illik rus-erməni əsarətindən qurtulacaqlarına ümid edən Qarsın müsəlman əhalisi 1915-ci ilin əvvəllərindən başlayaraq bir neçə ay fasiləsiz olaraq xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qırğınlar və talanlarla üzləşir, 40000-dən artıq türk və azərbaycanlı qətlə yetirilir, minlərlə evlər, yüzlərlə kəndlər yandırılır və dağıdılır. Qars faciəsi bütün Cənubi Qafqazın müsəlman əhalisi arasında geniş əks-səda doğurur, Bakıda, Gəncədə, digər şəhərlərdə Azərbaycan ictimaiyyəti nümayəndələrinin yığıncaqları keçirilir, erməni ekstremizminin vüsət alması həyəcanla qeyd olunur. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Qars əhalisinə kömək üçün 3 dəfə Rusiya çarına müraciət etsə də,  hər dəfə rədd cavabı alır. Nəhayət, Azərbaycanın görkəmli ictimai xadimi Əlimərdan bəy Topçubaçıvun başçılığı ilə Tiflisə – Qafqaz canişininin yanına nümayəndə heyəti göndərilir.  “Siz, Qafqazlı müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə zamanı buna icazə verilməz” – deyə nümayəndə heyətinin xahişi rədd edilir. Ə.b.Topçubaşovun  cavabı daha məntiqli olur: “Siz, iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı müharibə edirsiniz. Biz, sizin düşmənlərinizlə deyil, işğalınız altına aldığınız vilayətlərdəki pərişan qardaşlarımıza insanı və maddi yardım etmək istəyirik”. İcazə alınır və  Dr. Xosrov bəy Sultanovun başçılığı ilə heyət Novruz bayramı ərəfəsində Bakıdan çıxaraq Gəncəyə gəlir, burada əlavə maddi yardım toplayaraq Qarsa yollanır.  Xosrov bəy 1915-ci il aprelin 8-də Ərdəhandan Bakıda çıxan “Kaspi” qəzetinə göndərdiyi məktubunda yazırdı: “Bütün müsəlman yaşayış məntəqələrində bir nəfər də olsa, canlı insan tapmaq mümkün deyil. Yalnız iki məntəqəyə 500-600 qadın və uşaq yığılmışdır. Onların arasında cəmi 6 kişi vardır ki, onlar da əldən düşmüş qocalardır”. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti “rəsmi qeydiyyatla 22000 nəfər   Qars sakinlərinə 1917-ci ilin sonuna qədər yardımını davam etmiş və onları ölüm-dən qurtarmışdır. Bu insanların arasında minlərlə sahibsiz və yetim uşaq vardı.
Burada bir məqama  xüsusi diqqət yetirilməlidir ki, Türkiyə vətəndaşı olan ermə-nilər  öz vətənlərinə  açıq xəyanət edərək  rusların tərəfində türklərə qarşı vuruş-duqları halda,  Qafqaz müsəlmanlarının türklərə rəğbət bəsləməsi, hətta xeyriyyə-çiliklə məşğul olmasını xəyanət kimi qiymətləndirirdilər. Erməniləri xəyanətə sürükləyən Rus hökuməti onları bu məsələdə də dəstəkləyirdi.  1915-ci ildə bölgə rusların nəzarəti altında olan zaman ermənilər Artvin və Ərdəhanın müsəlman  əhalisini türk qoşunlarına xidmət etməkdə günahlandıraraq onların haqqında cinayət işi qaldırılmasını təklif edirlər! Qafqaz canişini Vorontsov-Daşkovu milliyyətcə erməni arvadının vasitəsilə inandıran erməni xadimləri belə bir istintaqın başlanmasına nail olurlar. Nəticədə 840 nəfər türk həbs edilir, bölgənin bütün müsəlman əhalisi isə “vətən xaini” damğası altında sürgün olunmaq təhlükəsi ilə üzləşir. Bütün Rusiya ictimaiyyəti və mətbuatı bu məhkəmənin nə ilə bitəcəyini izləyir. Kömək yenə Azərbaycandan gəlir. Bakıdan və Gəncədən olan  azərbaycanlı hüquqşünas və vəkillər təmənnasız olaraq böyük fədakarlıqla,  yüksək peşəkar səviyyədə, türklərin müdafiəsini təşkil edir və yüzlərlə müttəhimə, o cümlədən vilayətin müsəlman əhalisinə bəraət qazandırırlar. Sonda  həbs olunanlardan yalnız  72 nəfərə edam, həbs və sürgün cəzası verilir.
Bu məhkəmənin qurulmasında ermənilərin əsas  məqsədi türklər yaşayan  bütün  əraziləri təmizləmək idi. Bu işi hökumət əli ilə görə bilməyən ermənilər öz sınanılmış üsullarına – müsəlmanların yaşayış məntəqələrinə silahlı basqın yolu ilə torpaqların boşaldılması, yerli əhalinin qırılması və qovulması, onların yerinə erməni əhalisinin məskunlaşdırılmasına – qayıdırlar. Erməni mənbələrinin özlərinin verdiyi məlumatlara görə 1914-1916-cı illərdə Cənubi Qafqaza təqribən 350 min erməni köçmüş və onların böyük əksəriyyəti İrəvan quberniyasının ərazisində yerləşdirilmişdi.
Beləliklə, Osmanlı ermənilərinin yüz minlərlə əhalisinin nəinki “soyqırımına” məruz qaldığı, yaxud onların hamısının türklər tərəfindən imperiyanın daxili vilayətlərinə deportasiya edildiyi təsdiq olunmur, əksinə ermənilərin özləri tərəfindən Qafqaza, xüsusilə Azərbaycan torpaqlarına köçürüldüyü və yerli türk-azərbaycanlı-müsəlman əhalisindən təmizlənmiş ərazilərdə məskunlaşdırıldığı  tarixi sənədlər və faktlarla sübut edilir. Bu proses 1917-ci ildə, Rusiya İmperiyası çökdükdən, Qafqaz cəbhəsi dağıldıqdan sonra yeni vüsət alacaq və artıq yalnız İrəvan quberniyası deyil, Naxçıvan, Zəngəzur, Qarabağ bölgələri də yeni erməni qaçqınları dalğası ilə üzləşəcək, 1918-ci ildə isə  erməni silahlı birləşmələri artıq bütün Azərbaycan ərazisində azərbaycanlıların soyqırımını həyata keçirəcəklər.
Bu da qeyd olunmalıdır ki, I dünya müharibəsi başlanandan “Ermənistan dövləti” yaradılması məsələsi Antanta dövlətlərinin müzakirə obyekti olsa da,   hadisələrin gedişi göstərdi ki, müttəfiqlərin, və xüsusilə də, Rusiyanın əvvəldən ermənilərə verdiyi vədləri yerinə yetirmək fikri yox idi. (18 mart 1915 tarixdə İngiltərə, Fransa və Rusiya arasında bağlanan Konstantinopol  sazişinə əsasən Konstantino-pol Rusiyaya verilməli, erməni əhalisi yaşayan ərazilər isə Fransa və Rusiya arasında bölüşdürülməli idi. Bir il sonra -16 may 1916-cı il yenə həmin dövlətlər arasında bağlanan Sayks-Piko  gizli müqaviləsinə əsasən Türkiyə Ermənistanının böyük bir hissəsi sadə rus quberniyası şəklində Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti isə həmin ərazilərə Don, Kuban və Sibir kazaklarını köçürməklə “Türkiyə Ermənistanını” ruslaşdırmaq istəyirdi).
Müharibənin sonlarına yaxın Türkiyənin “erməni vilayətlərində” demək olar ki, erməni əhalisinin qalmaması həmin ərazilərdə erməni dövləti yaradılması şansını heçə endirir. Son nəticədə erməni dövləti  Qafqazda,  əzəli Azərbaycan torpaqlarında yaradılır.

Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru, professor.
 Azərbaycan Milli Elmlər Akademiyası  akad. Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi
“Azərbaycan” qəzeti, 24 aprel 2014