Məhərrəm Zülfüqarlı: “Fransa istəmir ki, Qarabağda ədalət bərpa olunsun”

“Göyçay tarixi” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycanda daha 4 426 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Məhərrəm Zülfüqarlı: “Fransa istəmir ki, Qarabağda ədalət bərpa olunsun”

Son günlər Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistlər, siyasətçilər, eləcə də ictimai şəxslər erməni təşkilatlarının hədə-qorxusu ilə üzləşirlər. Müşahidələr göstərir ki, bu kimi xoşagəlməz və qanunazidd halların sayı artır. Özü də Fransa kimi söz azadlığından danışan bir ölkədə jurnalistlərin erməni lobbisi tərəfindən ölümlə təhdid edilməsi təəccüb doğurur.

Məlum olduğu kimi, jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək baş verənlər barədə qərəzsiz məlumat təqdim edən həm “TF1” kanalının rəhbərliyi, həm də Xanım Budul yayımlanan reportajdan sonra erməni lobbisinin təhdidlərinə məruz qalıb. Adıçəkilən jurnalist Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla bağlı əsl reallığı əks etdirən reportajına görə erməni mənşəli fransalılar tərəfindən təhqir olunub və təhdidlə üzləşib. Yalanlarının ifşa olunduğunu görən erməni lobbisi öz məqsədinə nail ola bilmədiyi üçün hədə-qorxu və təhdidlərdən istifadə edir. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini nümayiş etdirir.

Qeyd edək ki, Dağlıq Qarabağda müharibə başlayanda “Liberation” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən ölüm hədələri alıb.

O da məlumdur ki, təkcə Qarabağ məsələsində obyektiv mövqe tutan jurnalistlər deyil, ictimai xadimlər də erməni təhdidi ilə üzləşirlər. Məsələ ondadır ki, Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber ölkədə yaşayan yerli ermənilər tərəfindən sosial şəbəkələrdə ölümlə hədələnib. Ona Fransada erməni mafiyasının güclü olduğu və Azərbaycanı dəstəkləməkdə davam edəcəyi təqdirdə sonunun çatacağı bildirilib.

Ancaq təkcə jurnalistlər Fransada satirik “Charlie Hebdo” jurnalının üz qabığında Məhəmməd Peyğəmbərin karikaturalarına görə hücuma məruz qaldıqları zaman Fransa başda olmaqla bütün Avropa ölkələri ayağa qalxdı, həmrəylik göstərdilər. Fransa mətbuatı isə yaşanmış olayı təkcə “Charlie Hebdo”ya qarşı işlənmiş bir cinayət kimi yox, Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət kimi dəyərləndirdi. Təəssüf ki, bütün dünya liderləri “Charlie Hebdo”ya qarşı hadisəni söz azadlığına qəsd kimi qiymətləndirdiyi halda, ASALA-nın, eləcə də digər erməni terror təşkilatlarının jurnalistlərə və beynəlxalq hüququ dəstəkləyən deputatlara qarşı ölüm hədələrinə susqunluq, biganəlik nümayiş etdirirlər.

Bütün bu deyilənlərin fonunda, Fransada Qarabağ barədə obyektiv mövqe tutan media adamlarına, deputatlara qarşı erməni terror təşkilatlarının hədə və təhdidlərinin gücləndirilməsində məqsəd nədir?

“Erməni lobbisi məhz bu amildən çıxış edərək belə həyasızlıq edir”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının sözlərinə görə, bunu etməkdə onların bir neçə məqsədi var: “Sentyabrın 27-dən Azərbaycan Ordusunun başlayan uğurlu hərbi əməliyyatları bir sıra beynəlxalq təşkilatların, dövlətlərin iç üzünü açdı. Yəni bu vaxta qədər sözügedən mübarizədə ermənilərə əsas dəstək verən ölkə Rusiya sayılırdı. Lakin Fransa Prezidentinin canfəşanlığı sübut etdi ki, ermənilərə bu məsələdə dəstək verən əsas tərəflərdən biri Fransadır. Fransa istəmir ki, Qarabağda ədalət bərpa olunsun. İkincisi, Qərb ölkələri daim insan haqları, tolerantlıqdan bizə dərs keçirlər. Biz də hərdən Qərb demokratiyasına aludə oluruq. İndi məlum olur ki, sözügedən ölkələr həmin prinsiplərin heç birinə əməl etmirlər. Fransa ermənilərin maraqlarını açıq müdafiə etdiyi üçün, obyektiv mövqedən çıxış edən media mənsubları, siyasilər təhdid edilir. Erməni lobbisi məhz bu amildən çıxış edərək belə həyasızlıq edir. Fransa həqiqətən hüquq dövləti olsaydı, heç vaxt buna yol verməzdi. Necə olur ki, “Charlie Hebdo” jurnalında Məhəmməd Peyğəmbərin karikaturasının çəkilməsi ilə əlaqədar yaranan qalmaqalı Fransa söz azadlığı kimi təqdim edir, amma Qarabağla bağlı həqiqəti yazan jurnalistlərin təhdid olunmasını görməzdən gəlir? Hesab edirəm ki, bütün bunlar Fransanın beynəlxalq imicinə güclü zərbə vuracaq”.

Professorun fikrincə, bütün bunlar seçkilərdə Makronun xeyrinə işləməyəcək. Fransa xalqı əvvəl-axır öz sözünü deyəcək.

Vidadi ORDAHALLI / Bakı Xəbər