Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib
Prezidentin Mətbuat Xidmətinin məlumatı
İlham Əliyev Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə gəlmiş Fransa Azərbaycan Dostları Assosiasiyasının nümayəndə heyəti noyabrın 15-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Uzun müddət Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qalan, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı nəticəsində azad edilən kənddə Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilmiş bərpa-quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verən Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov bildirib ki, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq burada təhlükəsiz şəraitdə yaşayırlar. Cocuq Mərcanlıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə azad ediləcəyinə və “Böyük Qayıdış”ın başlanğıcına ümid və inam yaradıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla görüşdə kəndə qayıtmış əhalinin sosial-iqtisadi vəziyyəti, məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə söz açıb. Qeyd edilib ki, burada iş yerlərinin yaradılması məqsədilə yerli və xarici təşkilatlar tərəfindən layihələr həyata keçirilir.

Sonra qonaqlar Cocuq Mərcanlı sakini Oqtay Həziyevin evində olublar. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hələ 1994-cü ildə aparılan uğurlu Horadiz əməliyyatından sonra Cocuq Mərcanlı işğaldan azad edilsə də, kənd işğalçı qüvvələrin yaxın məsafədəki mövqelərindən daim atəşə tutulurdu. Aprel döyüşləri nəticəsində təcavüzkarlar geri çəkilməyə məcbur edildilər. Hazırda müasir üslubda bərpa olunan kənddə rahat yaşayış üçün hər cür şərait yaradılıb.

Qonaqlar Cocuq Mərcanlıda inşa edilmiş Şuşa məscidinin bənzəri olan məscidə və digər infrastruktur obyektlərinə baş çəkib, yerli icma nümayəndələri ilə görüşüblər.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin sabiq deputatı Jan-Fransua Mansel Cocuq Mərcanlıda aparılan işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin məruz qaldığı humanitar faciənin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm tədbirlər görülməlidir. Assosiasiya və onun üzvləri də bu sahədə məqsədyönlü iş aparacaqlar.

Fransalı qonaqları səfərdə Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva müşayiət edib.