Fuad Babayev: Erməni dilli Azərbaycan kitabı haqqında yazı

Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış
Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
27 il və 8 ay bundan qabaq

Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun 2012-ci ildə “Milli Məclis” jurnalına verdiyi müsahibədən aşağıdakı iqtibasa diqqət yetirək. “Avronest PA-nın Bakı sessiyası ərəfəsində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) nəfis tərtibatda “Tarixi Azərbaycan dövlətləri” kitabını nəşr etdi. Kitab Azərbaycan və ingilis dilləri ilə yanaşı, erməni, gürcü, moldav və Ukrayna dillərində də nəşr edildi.
Kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatlarla yanaşı, onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr də verilib.
Təvazökarlıqdan kənar səslənə bilər, amma deməliyəm ki, bu nəşrin ideya müəllifi mənəm. Kitab əslində mötəbər qurumda təmsil olunan Şərq tərəfdaşlığı ölkələrinin qanunvericilərinə tariximiz haqda məlumat vermək məqsədilə nəşr edilib. Bu isə heç kimi, o cümlədən Ermənistan nümayəndələrini narahat etməməli idi. Amma artıq aprelin 2-dən müxtəlif erməni saytlarında bu kitaba onun yaradıcı heyətinə qarşı hücumlar başladı. Mən bu saytlarda Ümummilli liderimizin zəngin irsini öyrənmək və təbliğ etmək kimi son dərəcə gərəkli missiyanı həyata keçirən Mərkəzin və “Tarixi Azərbaycan dövlətləri” kitabının yaradıcı heyətinin ünvanına yazılan cəfəng fikirlər barədə danışmaq istəməzdim. Amma fakt faktlığında qalır. Ermənistan qanunvericiləri aprelin 2-də Bakıya gəlirlər və onlara bu nəşr təqdim edilir. Elə 2 apreldə də çeşidli erməni saytlarında Nikolay Melkumov adlı müəllifin şərhləri yerləşdirilməyə başlayır. Şərhə ehtiyac varmı?”
Melkumovkimilərin erməni əsatirlərini çirkə çıxaran həqiqətlərə dözümsüz yanaşması və bunların xüsusi operativlik nümayiş etdirmə imkanlarının genişliyi şübhə doğurmur. Üstəlik, elə bu “mütəxəssis”lər ardıcıl fəaliyyət göstərirlər. Məsələn, elə həmin “Tarixi Azərbaycan dövlətləri” kitabı haqqında, kitab işıq üzü gördükdən il yarım sonra (!), 2013-cü ilin oktyabrında Ermənistanın “Yerkir” nəşri “Diaqnoz” adlı bir yazı dərc edir. Bu yazıda da Avronest Parlament Assambleyasının 2012-ci ilin aprelində keçirilmiş İkinci Növbəti Sessiyası zamanı Melkumovun sərsəmləmələri təkrarlanır…
Bax belə. Ermənilik erməni dilində Azərbaycan kitabını həzm edə biləcək gücə malik deyil. Nə etməli olduğumuz bəllidir, deyilmi?
Və sonda. Erməni “tarixçi”lərinin yuxusunu ərşə çəkən “Tarixi Azərbaycan dövlətləri” kitabı ötən il Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr etdiyi Birinci Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin xüsusi diplomuna layiq görülüb.

Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru