Göyçaylı məktəblilərə Bilik günü hədiyyəsi

“Həmməruzəçilərin bu iddiası Ermənistanın maraqlarına xidmət edir”
AVCİYA: İyun ayında mətbuatda seçki ilə bağlı yazılar azalıb
Ermənilərin azərbaycanlılara qarşı hücumları kilsədən idarə olunurdu – alim

Yeni dərs ilinin başlanması münasibətilə Göyçay rayonunun bütün tədris ocaqlarında mərasimlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Göyçay şəhər 2 nömrəli tam orta məktəbin və Qaraman kəndindəki təhsil ocağının müəllim və şagirdləri isə bu əlamətdar günü xüsusi təntənə və ikiqat sevinc hissi ilə qeyd ediblər.
Çünki uzun illərdən sonra hər iki tədris ocağı müasir tələblər səviyyəsində yenidən qurulub, zəruri məktəb avadanlıqları və mebel dəstləri ilə təchiz olunub.
“AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov şəxsi vəsaiti ilə Göyçay şəhər 2 nömrəli orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Ümumilikdə 480 şagird yerlik bu məktəbin 3 tədris korpusunda, sinif otaqlarında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana, kompüter mərkəzində, tibb və hərb otaqlarında, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. 1932-ci ildə inşa edilmiş məktəbdə ilk dəfə yenidənqurma işləri aparılıb və təhsil ocağı istilik sistemi, ehtiyat su hovuzları və transformator ilə təchiz edilib. Məktəbin ətrafı abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, voleybol və basketbol meydançaları yaradılıb.
1893-cü ildən fəaliyyət göstərən Qaraman kənd tam orta məktəbi isə Milli Məclisin deputatı Elxan Süleymanovun maliyyə dəstəyi ilə yenidən qurulub.
Məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə keçirilən tədbirlərdə Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğıdan minnətdarlıqla danışılıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıb. Bildirib ki, dövlət proqramı çərçivəsində və Heydər Əliyev Fondunun vəsaiti hesabına indiyədək rayonda 16 yeni məktəb binası, o cümlədən 2 modul tipli məktəb tikilib, 12 tədris ocağı əsaslı şəkildə yenidən qurulub. Nəticədə 7891 şagirdin təhsil şəraiti yaxşılaşıb.
Mərasimlərdə Milli Məclisin deputatları Elman Nəsirov, Elxan Süleymanov, “AzNar” QSC-nin icraçı direktoru Fərəc Əhmədov çıxış edərək ölkəmizdə aparılan təhsil islahatlarının müsbət nəticələrindən danışıb, son illərdə respublikada dövlət qayğısı nəticəsində 3 mindən çox məktəb binasının inşasını və ya əsaslı təmirini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra rayon ictimaiyyətinin nümayəndələri məktəblərdə yaradılan şəraitlə tanış olublar. Birinci sinif şagirdlərinə “AzNar” QSC tərəfindən məktəbli çantaları və dərs ləvazimatları hədiyyə edilib.

X X X

Sentyabrın 15-də yeni dərs ilinin başlanması münasibətilə Qəbələ rayonunun 68 ümumtəhsil məktəbində Bilik günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllim və şagirdlərə təbriklərini çatdırıb, ölkəmizdə təhsil sahəsində həyata keçirilən layihələrdən, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Bayram şənliklərində son illərdə Qəbələ rayonunda 29 yeni məktəb binasının inşa edildiyi, 5 məktəbin əsaslı təmir olunduğu, istifadəyə verilmiş məktəblərin hər birində müasir texniki avadanlıqların quraşdırıldığı, kitabxanalar, idman zalları, fənn kabinələri və laboratoriyaların yaradıldığı, müasir kompüter dəstlərinin şagird və müəllimlərin ixtiyarına verildiyi barədə də məlumat səsləndirilib.
Bildirilib ki, təhsil müəssisələrinin inkişafına göstərilən diqqətin davamlı xarakter alması nəticəsində yeni dərs mövsümü üçün rayonun Seyidqışlaq kəndində 80 yerlik ümumi orta, Cığatelli kəndində modul tipli 56 yerlik məktəblər istifadəyə verilib, Aydınqışlaq kəndində isə 160 yerlik tam orta məktəb binası əsaslı təmir olunub.
Tədbirdə çıxış edən müəllim, şagird və valideynlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.