HƏBİBOV Rəfael Hacı Şərafət oğlu

NOVRUZOV Ələsgər Xanlar oğlu
MƏMMƏDOV Aqil Səməd oğlu
ŞÜKÜROV Şahlar Əvəz oğlu

(20.4.1964, Şirvan ş. – 7.7.1992) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

20 aprel 1964-cü ildə Şirvan şəhərində doğulmuşdur. 1981-ci ildə buradakı 14 saylı orta məktəbi bitirmişdir. Bir ildən sonra ordu sıralarına çağırılır. 1984-cü ildə Baltik qoşunlarında hərbi xidmətini başa vuraraq Kaunas Gizirlər Məktəbinə daxil olur. Həmin məktəbi bitirib gənc zabit kimi təyinatla Kutaisi ətrafındakı hərbi hissələrin birinə göndərilir. 1986-cı ildən xidmətini Əfqanıstanda davam etdirir. Burada gedən döyüşlərin birində yaralanır. Müalicədən sonra yenə hərbi xidmətə qayıdır. Döyüşlərdə göstərdiyi rəşadətə görə medallara, Fəxri fərmanlara layiq görülür. 1988-ci ildə Bakıya dönür. O vaxtlar Qarabağ hadisələri təzəcə başlamışdı.
1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. 1992-ci ildən yaranmağa başlayan Milli Ordumuzun ilk zabitlərindən biri də Rəfael oldu. Rəfael Həbibov leytenant rütbəsi ilə 1992-ci il may ayının 23-də Qarabağa – döyüş bölgəsinə göndərildi. O, Təzəkənd, Narıştar, Zod, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar kəndləri uğurnda gedən ağır döyüşlərdə fəal iştirak edərək rəşadətlə vuruşurdu. O, Kəlbəcər döyüşlərində düşmənin PDM-24 tipli zirehli maşınını heyət ilə birlikdə sıradan çıxardı. Cəsur leytenant, yaralanmasına baxmayaraq, yenidən döyüşə atıldı. Onun şücaəti sayəsində neçə-neçə vətən oğlu ölümün pəncəsindən xilas edildi. 7 iyul 1992-ci il… Bu onun son döyüşü olan gün idi..
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə leytenant Həbibov Rəfael Hacı Şərafət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Şirvan şəhər qəbristanlığında dəfn edilmişdir.
Oxuduğu 14 saylı orta məktəb Qəhrəmanın adını daşıyır. Büstü qoyulmuşdur.
 
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 109