İşğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonası yaradılacaq

Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır
Mədəniyyət naziri: “UNESCO-nun Azərbaycanı əsassız olaraq günahlandırması qərəzli yanaşmadır”
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Azərbaycana səfərə gələcək

şğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması planlaşdırılıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı məlumat verib.

E.Qarabağlı bildirib ki, Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan qlobal səylərə öz töhfəsini vermək məqsədilə yeni hədəflə çıxış edərək 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasını bəyan edib.

Eyni zamanda, ağıllı şəhər/ağıllı kənd konsepsiyasının reallaşması və bu ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılması planları haqqında danışılıb.

Xatırladaq ki, 200-ə yaxın ölkənin iştirak etdiyi konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC – Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.

Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdü, hazırda isə bu öhdəlik 40 faizə çatdırılıb.

Paris Sazişi üzrə götürülmüş öhdəliklər könüllü xarakter daşıyır. Tullantıların sektorlar üzrə bölgüsünə gəldikdə istilik effekti yaradan qaz tullantılarının əksəriyyəti energetika sektorunun payına düşür (qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən nəqliyyat da energetika sektoruna daxildir).

İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə bunlardır: Çin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz),

Rusiya (5 faiz), Yaponiya (4 faiz). İstilik effekti yaradan qazların dünya üzrə ümumi emissiyalarında Azərbaycanın payı 0,15 faiz təşkil edir.

AZƏRTAC