İsraildə AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının “Generalın sirli taleyi” kitabının təqdimat mərasimi keçirilib

MSK-ya daxil olan müraciətlə bağlı məsələ müzakirə olunub
Doqquz ay ərzində respublikanın su hövzələrinə 370 milyon balıq körpəsi buraxılıb
Ermənilərin Faşist İtaliyası ilə gizli işbirliyi

“Azİz” İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı alim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlının rus dilinə tərcümə olunmuş “Generalın sirli taleyi” kitabının təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Azİz” kitabın rus dilində nəşrini Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsinə, ölkəmizin ərazi bütövlüyünün bərqərar olmasına və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30-cü ildönümünə həsr edib. Kitabda 1939–1945-ci illərdə Bakı şəhərinin hava hücumundan müdafiə qoşununun komandanı, bu il anadan olmasının 120 ili tamam olan general-mayor Məmmədbağır Bağırovun həyat və fəaliyyətindən, həmçinin İkinci Dünya müharibəsi zamanı SSRİ-nin qələbəsində Azərbaycan paytaxtının rolundan bəhs edilib.

Qeyd edilib ki, İkinci Dünya müharibəsi dövründə Bakı neft bölgəsinin müdafiəsinə rəhbərlik etmiş Azərbaycanın layiqli övladlarından biri olan general M.Bağırovun fəaliyyəti ilk dəfə araşdırılıb. Əsərdə, həmçinin arxiv sənədləri əsasında üç böyük dövlətin – Böyük Britaniya, Fransa və Almaniyanın Bakı neft bölgəsinə hərbi təhdidinə dair tarixi faktların təhlili təqdim olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman şəxsi materialları təqdim etdikləri üçün generalın nəvələri – professor Minaxanım Əsədli və professor Vüsal Bağırzadəyə, kitabın nəşr olunmasında dəstəklərinə görə isə “Azİz” assosiasiyasına və “Sholumi” mərkəzinin rəhbəri, “Azİz”in direktorlar şurasının üzvü Şaul Siman-Tova minnətdarlığını bildirib.

Qeyd edək ki, general-mayor Məmmədbağır Bağırovun nəticələrindən biri Fransada yaşayan tanınmış pianoçu Etibar Əsədlidir.