Kökü dərində olan xan çinar yenidən qol-budaq atıb

Prezident Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib
İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edib
Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozması ilə bağlı məlumatlar BMT sənədi kimi yayılıb

Malıbəyli sakinləri doğma kəndlərindən danışarkən yaşı yüzlərlə olan Xan çinarını xoş xatirələrlə yada salırlar. Xan çinarı öz möhtəşəmliyi ilə nəinki yerli sakinləri, eləcə də kəndə gələn qonaqları da heyran edərdi. Təbiətin möcüzəsi sayılan bu çinarın dibində suyu bumbuz olan bulaq, bir qədər aralıda isə qədim hamam var idi. Bulağa el arasında “Çinar bulağı” deyilərdi. İşğal etdikləri bütün ərazilərdə dinc sakinlərə, şəhərlərə, kəndlərə, evlərə, sosial obyektlərə, tarixi abidələrə, təbiətə qarşı terror həyata keçirən erməni işğalçıları, təbiət abidəsi olan bu çinarı da yandırıb, yaxınlıqdakı qədim hamamı dağıdıblar.

Malıbəyli kənd sakini Allahverdi Balakişiyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbət zamanı bildirib ki, çinar və bulaq olan ərazi onların ən sevimli məkanlarından biri idi: “Gəlib bulağın suyundan içər, çinarın kölgəsində dincələrdik. Bir dəfə bu ağacı ildırım vurmuşdu. Çox maraqlıdır ki, ağacın qırılan yerində heç kim əkmədiyi halda bir qızılgül bitmişdi. İndi baxırıq, ermənilər çinarı yandırıblar, üstündəki qızılgül də yoxdur. “Çinar bulağı” bütün Qarabağda fərqlənən bir bulaqdır ki, dağın demək olar, üst hissəsində çıxır. Bulaq ilboyu axır, quruduğunu görən olmayıb. Bu bulağın suyu ilə aşağıda hamam işləyib. Bulağın suyundan kənd camaatı içməli su kimi istifadə edirdi”.

Ermənilər Xan çinarının gövdəsini yandırıb məhv etsələr də, kökü dərində olduğu üçün yenidən qol-budaq atıb. Bulağın suyu isə yenə də axır. Artıq Malıbəyli kəndində bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək ki, düşmənin talan edib dağıtdığı Malıbəylinin yenidən xoşbəxt günləri qayıdacaq. Çinar ağacı və “Çinar bulağı” yenə də kənd sakinlərinin sevimli məkanlarından olacaq.

AZƏRTAC