Mədəniyyət Nazirliyi Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb

İmişlidə Bayraq Muzeyi istifadəyə verilib
Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkilərində ilk namizədi qeydə alıb
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib

Mədəniyyət Nazirliyi Azərbaycanın dünya şöhrətli rəssamı Tahir Salahovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

“Azərbaycan incəsənətinə ağır itki üz verib. Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli fırça ustası Tahir Teymur oğlu Salahov 21 may 2021-ci ildə, ömrünün 92-ci ilində vəfat edib.

Tahir Salahov müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olaraq uzunmüddətli səmərəli və bənzərsiz yaradıcılığı ilə zəngin mədəniyyət salnaməmizə yeni səhifələr yazıb. Onun milli sənət xəzinəmizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutan əsərləri Azərbaycan təsviri sənətinə geniş şöhrət qazandırıb. Fırça ustasının Azərbaycan incəsənətinin çoxəsrlik ənənələrini Avropa boyakarlıq məktəbinin nailiyyətləri ilə birləşdirən, mövzu, forma, janr əlvanlığı və estetik kamilliyi ilə seçilən ecazkar rəsmləri ülvi bəşəri dəyərlər və ali məqsədlər naminə humanist fikirlər təlqin edir.

Azərbaycanın (1963) və SSRİ-nin (1973) “Xalq rəssamı” fəxri adlarına layiq görülən sənətkar müstəqil respublikamızın da ən ali təltiflərinə – 1998-ci ildə “İstiqlal”, 2008-ci ildə “Heydər Əliyev” ordenlərinə, 2015-ci ildə Heydər Əliyev mükafatına, 2018-ci ildə isə 90 illik yubileyi ərəfəsində 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb.

Rəssamın müxtəlif ölkələrdə mötəbər məkanlarda sərgiləri keçirilib. Onun əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir.

Uzun illər SSRİ Rəssamlar İttifaqı İdarə heyətinin birinci katibi olan Tahir Salahov 20 ildən çox idi Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərirdi.

Tahir Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin”.

Report