Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib

KİVDF-nin 10 illik yubileyi qeyd edilib
ÜST-ün məqsədi: Bu ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40 faizinin koronavirusa qarşı peyvənd edilməsi
Zakir Həsənov: “Azərbaycanın qazandığı qələbə Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına böyük töhfə verəcək”

Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiyanın təşkil olunduğunu, ölkəmizə qarşı böhtan üzərində qurulan qərəzli qətnamənin qəbul edildiyini deyib. Parlamentin sədri bildirib ki, belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir.

Sözügedən sənədin, əsasən fransalı deputatların təşəbbüsü ilə hazırlandığını və müzakirəyə çıxarıldığını qeyd edən Milli Məclisin sədri vurğulayıb ki, həm Fransada, həm də bəzi digər ölkələrdə və təşkilatlarda Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan güclü dövlətdir və xalqımızı yenidən fəlakətə sürükləmək istəyən qüvvələrin qarşısını almağa qadirdir.

Sonra Avropa Parlamentinin qətnaməsi ətrafında müzakirələr başlayıb və Sahibə Qafarovanın təklifi ilə Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Milli Məclisin Bəyanatını hazırlamaq üçün deputat Nizami Səfərovun rəhbərliyi ilə 5 deputatdan ibarət komissiya yaradılıb.

Müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Səməd Seyidov, Tahir Rzayev, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Elman Nəsirov, Jalə Əliyeva, Azay Quliyev, Bəhruz Məhərrəmov, Vahid Əhmədov, Kamilə Əliyeva, Sahib Alıyev, Rasim Musabəyov çıxış edərək Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətini pisləyib, bu qurumun torpaqlarımızın Ermənistanın işğalı altında olduğu 30 il ərzində Azərbaycanın problemləri ilə bağlı məsələlərə bir dəfə də olsun diqqət göstərmədiyini qeyd ediblər.

Müzakirələrdən sonra deputat Tural Gəncəliyev Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını oxuyub. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Milli Məclisin sədri gündəliyin ikinci məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını və bir oxunuşda qəbul olunacağını bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəliyin ikinci məsələsi olan “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirib ki, 2023-cü ildə fevralın 1-dən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, qanunda qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilmişdir. Bu qanun layihəsi də həmin qanuna uyğunlaşdırma məqsədilə təklif olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa təmsil etdiyi komitənin layihə barədə müsbət rəyini bildirib. Deputatlardan Sabir Rüstəmxanlının, Qüdrət Həsənquliyevin və Emin Hacıyevin fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri bildirib ki, növbəti məsələ olan Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi də uyğunlaşdırma xarakterlidir və bir oxunuşda qəbul olunacaq.

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib. O, bildirib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda bir oxunuşda qəbul olunan sənədlərin siyahısı genişləndirilib. Həmin məsələ Milli Məclisin Daxili Nizamnaməsində də əksini tapmalıdır.

Layihə səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sədri “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, onun funksiyalarının əhəmiyyətindən söz açıb, dövlət mülkiyyətinin özəlləşdirilməsindən, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.

Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını və yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib. O, daşınar və daşınmaz əmlakın alqı-satqısı, girov qoyulması, sığorta, vergi, vərəsəlik məsələlərində qiymətləndirmədən geniş istifadə olunduğunu, düzgün qiymətləndirmənin aparılmasının və bu istiqamətdə haqlı rəqabətin inkişaf etməsinin qarşıda duran əsas məsələlərdən olduğunu qeyd edib.

Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.

Deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Etibar Əliyev, Elşad Mirbəşir oğlu layihə barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Sonra iclas Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin sədrliyi ilə davam edib.

“Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifələri təsis edilib. Təklif olunan dəyişiklikdə həmin vəzifənin dövlət qulluğunun inzibati vəzifələrinin birinci təsnifatına daxil edilməsi nəzərdə tutulur.

Məsələ barədə deputat Etibar Əliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin altıncı məsələsi olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim edilib.

Əli Hüseynli bildirib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrinin uyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədi ilə hazırlanıb. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkəmizdə səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin iclasında iştirak etdiyinin deputatların diqqətinə çatdırıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

O bildirib ki, layihə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

Layihə birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında məlumat verib.

Komitə sədri bildirib ki, “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

“Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. Bildirib ki, layihədə valideyn himayəsindən məhrum olmuş və ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadəsinin əsasları təsbit olunub.

Qanun layihəsi barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın fikirləri dinlənildikdən sonra məsələ səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Əli Hüseynli gündəliyin növbəti beş məsələsinin Milli Məclisə bir məktubla daxil olduğunu diqqətə çatdırıb və 10-14-cü məsələlərə dair məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadəyə təqdim edib.

Deputat Əminə Ağazadə bildirib ki, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanuna əsasən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər qəbul edilib.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilən cinayətlərdə “şəxsi istehlak miqdarından artıq miqdar” sözləri “xeyli miqdar” sözü ilə əvəz edilir. Eyni zamanda, bu cinayətlərin ilk dəfə törədilməsində “xüsusilə küllü miqdar” anlayışı müəyyən edilməklə, belə cinayətlərin törədilməsinə görə daha sərt cəzalar nəzərdə tutulub.

O deyib ki, 2022-ci ildə Cinayət Məcəlləsinə qəbul edilmiş dəyişikliklərin qüvvəyə minmə tarixi yeni siyahıların qüvvəyə minməsi ilə şərtləndirilib və yuxarıda adı çəkilən qanunlardakı siyahılarla eyni gündə qüvvəyə minməsi nəzərdə tutulub.

Layihələrin müzakirəsində komitə sədri Hicran Hüseynovanın və deputat Razi Nurullayevin fikirləri dinlənildikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 15-ci məsələsi olan İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib. O bildirib ki, təqdim edilən qanun layihəsində inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında “proses iştirakçıları” anlayışının dəqiqləşdirilməsi məqsədilə məcəllənin müvafiq maddələrinə dəyişikliklər nəzərdə tutulub və bir sıra anlayışların, məsələn, “inzibati məhkəmə icraatının iştirakçıları” və “tərəflər” anlayışlarının ifadə etdiyi mənalar müəyyən edilir.

Eyni zamanda, qanun layihəsinə əsasən inzibati prosesin digər iştirakçılarının istifadə etdiyi bəzi hüquqlarda və ya onlara münasibətdə məhkəmənin bir sıra vəzifələrində dəqiqləşdirmə aparılaraq prosessual hüquq normalarının təkmilləşdirilməsi təmin edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

16-cı məsələ ilə bağlı “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məlumat verərək bildirib ki, “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 17-ci məsələsi olan “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov məlumat verib. O bildirib ki, layihə “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2022-ci il 27 dekabr tarixli Qanunun qüvvəyə minməsi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 yanvar tarixli Fərmanının icrasını təmin etməklə əlaqədar hazırlanıb. Sənəddə fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğlərinin azaldılması təklif olunub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Komitə sədri bildirib ki, layihədə Əmək Məcəlləsinin iki maddəsinə dəyişikliklər təklif olunub. Belə ki, 43-cü maddədə “Dövlət sirri haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyan dəyişiklik təklif olunub.

Məcəllənin 51-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, işçi ilə qısa müddətə, yəni altı ayadək bağlanılmış əmək müqavilələrində sınaq müddəti ən çoxu iki həftə müəyyən ediləcək.

Layihədə “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklər isə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır və dövlət sosial sığorta sistemində fərdi uçot, fərdi şəxsi hesab, sosial sığorta nömrəsi kimi əsas anlayışların vahidləşməsi əsas götürülür.

Milli Məclisin komitə sədri Hicran Hüseynovanın, deputatlardan Tahir Kərimlinin və Vüqar Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

AZƏRTAC