Namizədlərin yeni təbliğat forması

Azərbaycanda bələdiyyə seçkilərinə səsvermə başlayıb
Milli Məclis sədrinin birinci müavini İƏT MDİHK-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Milli Məclisinə seçkilərdə səsvermə başa çatıb

“QAPIDAN – QAPIYA” PROQRAMI
(Əvvəli ötən buraxılışımızda)
Ev ziyarətləri zamanı namizədlər xalqın nə düşündüyü, problemləri ilə yaxından tanış olurlar. Deputatlığa namizədlər kabinetlərdə oturmaq əvəzinə, xalqla daha sıx təmasda olmalıdırlar. Ev ziyarətləri də məhz buna xidmət edir.
Ev ziyarətləri kimi lazımlı və yararlı bir fəaliyyəti bir çox ölkələrdə seçki kampaniyası zamanı həyata keçirirlər. Bu iş seçki kampaniyası zamanı müəyyən fayda verir. Lakin seçici onu yalnız seçki zamanı yad edən, xatırlayan siyasətçiyə, namizədə etibar etmir. Buna görə də ev ziyarətlərini sadəcə seçki kampaniyası zamanı deyil, seçkilərarası dövrdə də həyata keçirmək daha çox fayda verə bilər.
Nümayəndələr namizədin seçki qərargahının 2 və ya 3 nəfərlik üzvü olan evlərə xəbər vermədən nəzərdə tutduqları evlərə gedə bilərlər. Nadir hallarda qabaqcadan xəbər verməklə və ya icazə almaqla ev ziyarətlərinə getmək olar. Lakin belə hallarda xəbərin yayılması ehtimalı çox olur və həmin məhəllədə yaşayan digər tərəfdarlar da bu xəbəri eşidib həmin evə gələrək sıxlıq yarada bilərlər. Yadda saxlamaq lazımdır ki, ev ziyarətləri tərəfdarlar üçün deyil, tərəddüd edən seçicilər üçündür.
Ev ziyarətləri mütləq proqram əsasında həyata keçirilməlidir. Bu məqsədlə seçki qərargahlarında əvvəlcədən yığıncaqlar keçirilməli və bu yığıncaqlarda gediləcək evlər, evlərə getməyin vaxtı müəyyən olunmalıdır.

TƏRƏDDÜD EDƏN SEÇİCİLƏRİN ZİYARƏTİ ƏSASDIR

Azərbaycan xalqının adət-ənənəsinə uyğun olaraq ev sahibi sizin tərəfdarınız olmasa belə, əgər sizə qarşı qərəzli, düşmən fikirli insan deyilsə sizi səmimi qarşılayacaqdır. Əgər sizi yaxşı qarşılamazsa və ya qapını açmazsa siz yenə də gülərüzlə namizədinizin salamlarını həmin ev sahibinə və onun ailə üzvlərinə çatdıraraq nəzakətlə onlardan ayrılmalısınız.
– Ev ziyarətləri zamanı mütləq getdiyiniz evlərin xüsusiyyətlərinə uyğun təşkil olunmalı, ailə üzvlərinə hörmətlə yanaşılmalı, adət-ənənələrə, milli və dini mənsubiyyətə sayğı göstərilməldir.
– Düzgün təşkil olunmuş ev ziyarətləri seçki qərargahının üzvləri üçün faydalı olur. Lakin düzgün təşkil olunmayan ev ziyarətləri ailələrə qarşı hörmətsizlik kimi başa düşülür və namizədə ziyan gətirir.
– Ev ziyarətlərinin məqsədi seçicini namizədin tərəfinə çəkməkdir. Lakin insanlar siyasi fikirlərini heç də qısa müddətə dəyişmirlər. Ona görə də sizin namizədin tərəfdarı olmayan bir seçicinin sizə səs verməsi üçün səbrlə, uzun zaman iş aparmaq lazımdır. İlk görüşdə müsbət nəticə alınmazsa halınızı pozmayın. Həmin evə getməli olan daha hörmətli insanları müəyyən edin və həmin evə təkrar gedin.
– Ev ziyarətləri üçün ən düzgün seçim tərəddüd edən seçicilərin evləridir. Ziyarət edəcəyiniz küçə və məhəllədə kimin sizin tərəfdarınız və ya əleyhdarınız olduğunu qabaqcadan müəyyən etməlisiniz.
– Vaxt azdırsa onu sizə qarşı olanlara sərf etməyin.
– Ev ziyarətləri yemək vaxtlarına salınmamalıdır. Yerli xüsusiyyətlərə görə görüşün günü və saatı dəyişə bilər. Ən başlıcası sizin görüşə getməyinizdə qərarlı olmanızdır.
– Ev ziyarətlərinə gedərkən namizədi dəstəkləyən rəmzləri, müxtəlif təbliğat materiallarını da özünüzlə aparmağınız məsləhətdir. Getdiyiniz ailə üzvü sizə yaxındırsa onlar bu vəsaitlərdən istifadə edərək namizədin təbliğatına kömək edə bilərlər.

MESAJINIZ QISA VƏ MƏZMUNLU OLMALIDIR

– Yadda saxlamaq lazımdır ki, ailə üzvləri sizdən hədiyyə deyil, onların ailə problemlərin həllini gözləyir. Ona görə də ailə üzvlərini inandırmaq üçün onlarla səmimi olmalı və onların problemlərini hansı yollarla həll edəcəyinizi izah etməlisiniz. Bunun üçün kiçik kitabçalardan, bukletlərdən istifadə etmək faydalı ola bilər.
– Gülər üzlü, xoş sifətli olmağınız məsləhətdir.
– Mesajınız qısa və məzmunlu olmalıdır.
– Ev ziyarətləri vaxtı namizədin müxtəlif məsələlərə baxışlarını bilməlisiniz. Buna görə də görüşlərə getməmişdən əvvəl sizin üçün qaranlıq qalan məsələləri öyrənməlisiniz. Bunun üçün namizədin platformasını, onun fəaliyyətinə aid yazılmış kitabları, müxtəlif seçki kampaniyaları zamanı hazırlanmış materialları və namizədin müsahibələrini yenidən bir də oxumaq lazımdır. Əgər bu sənədlər sizdə yoxdursa namizədin seçki qərargahına müraciət etməlisiniz.
– Ev ziyarətlərində siz konkret namizədi təmsil etdiyinizi unutmamalısınız. Çünki namizədin adından göruşdə yalnız siz danışacaqsınız. Başınızı dik tutmalı, özünüzü ciddi aparmalı və gülərüzlü olmalısınız. Daim özünüzə və namizədinizə arxalanmalısınız.
– Sizdən fərqli fikirləşən insanlara dözümlü olun, onlara qarşı mədəni davranın. Kiməsə fikirlərinizi zorla yeritməyə çalışmayın, sizin fikirləri qəbul etməyənlərə qarşı kobudluq etməyin. Bu insanları zamanın hökmünə buraxın.
– Ev ziyarətləri zamanı görüşdüyünüz insanları sizin namizədin hər hansı bir yığıncağına mütləq dəvət edin.
– Ev ziyarətlərini qısa və səmərəli keçirin. Ayrıldıqda namizədə aid broşura, buklet və s. ailə üzvlərinə verin. Bu əyani vəsaitlər sizin dedikləriniz fikirləri daha da gücləndirər.
– Qarşınızdakı şəxsə sizin namizədin onun arzu və istəklərinə uyğun olduğuna, onun dərd, sərlərinə daha yaxın olduğuna inandırmalı, onun könlünü almalısınız.
– Qarşınızdakı şəxsin ilk baxışdan sizi rədd etməməsi üçün tədbirli olmalısınız.
– Buna görə də geyim və danışıq tərzinizə ciddi fikir verməli, qağaqcadan görüşə hazırlaşmalısınız.
Seçici namizədin onun problemlərini həll etməyə hazır olduğunu dəqiqləşdirmək istəyəcək. O, ümumi sözlərlə kifayətlənməyəcək. Yadda saxlamaq lazımdır ki, xəstəni həkimin hansı ressepti verəcəyi deyil, onu tezliklə sağaldacağı maraqlandırır.

SEÇICI HISLƏRINƏ GÖRƏ YOX, ÜMIDLƏRINƏ GÖRƏ SƏS VERIR

– Xalqın ayrı-ayrı nümayəndələri namizədin ideoloji baxışları, onun məqsəd və vəzifələri və s. məsələlər haqqında müxtəlif suallarla müraciət edə bilərlər. Bəziləri bu suallardan müəyyən qədər sıxıla bilərlər. Lakin aşağıdakı səbəblərdən belə sıxıntı keçirməyə ehtiyac yoxdur:
– Hər bir təbliğatçı, bütün namizədlər arasından bir namizədi seçdiyinə görə, digər namizədlərdən öz namizədinin fərqini və üstünlüyünü də bilməlidir.
– Siyasi təbliğatda hədəfi düzgün seçməlisiniz. Sizin namizədə səs verməyi qərarlaşdırmış adamlar deyil, tərəddüd edənlər təbliğatın hədəfi seçilməlidirlər.
– Təbii ki, tərəfdarlarınıza zaman-zaman müəyyən siyasi bilgilər vermək lazımdır. Lakin seçkilərdə əsas diqqət tərəddüd edən seçicilərə verilməlidir. Onları öz tərəfinizə çəkmək vacibdir.
– Siyasi təbliğat zamanı belə bir demokratik prinsipi heç zaman unutmayın: seçici hislərinə görə deyil, ümidlərinə görə səs verir.
– Görüşə getməzdən əvvəl seçicinin problemlərini və nəyə ümid etdiyini qabaqcadan müəyyən etməli, bu sahədə namizədin siyasi xəttini dərindən bilməlisiniz.
Seçki kapaniyasında aşağıdakı amillər səhv hesab olunur:
– Sənədlərin vaxtından gec paylanması;
– Seçki kampaniyasına gec başlamaq;
– KİV ilə işin aparılmaması;
– Analitik işin aparılmaması;
– Seçki kampaniyasının administrativ ehtiyatlar hesabına aparılması;
– Seçki kampaniyasının leymotivinin elan olunmaması;
– Seçki gününün strategiyasının olmaması:
– Seçki kampaniyasının hüquqşünasının olmaması.
– Psixoloji təhlilin olmaması
Seçki kampaniyalarına aid beynəlxalq təcrübənin müsbət cəhətlərindən yerli şəraitə uyğun istifadə olunmasının böyük əhəmiyyəti vardır. Buna görə də bu təcrübəyə reklam kimi deyil, yaradıcı şəkildə yanaşılması böyük aktuallıq təşkil edir.