Naxçıvan şəhərində yeni məscid binası tikilir

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib
Prezident İlham Əliyev Bakıda yeni istifadəyə verilən idman və istirahət parkında yaradılan şəraitlə tanış olub
Əli Həsənov: Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir

Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Hazırda Naxçıvan şəhərində yeni məscid binası inşa olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məscid binasının inşa olunduğu əraziyə gəlib, tikinti işlərinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən və kitabxanadan ibarət olacaqdır. Hazırda minarələrin və günbəzlərin tikintisi aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 2 min nəfər ibadət edə biləcəkdir.

Ərazidə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunur. İnzibati binada iş otaqları, tədbirlər zalı, kəbin otağı, kitabxana və bufet istifadəyə veriləcəkdir. Mərasim binasında isə hər biri 224 yerlik iki zal fəaliyyət göstərəcəkdir.

Məscid binasının həyətində abadlıq işləri aparılacaq, mərkəzi isitmə sistemi qurulacaq və dəstəmaz yerləri yaradılacaqdır.

Ali Məclisin Sədri məscid binasının islami dəyərlərə uyğun inşa olunması, tikintidə keyfiyyətə və mühəndis-texniki tələblərə ciddi riayət olunması, bununla yanaşı ərazidə abadlıq işlərinin aparılması barədə də tapşırıqlar verib.