Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentini qəbul edib

Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı hazırlıq işlərinə start verdi
Məhərrəm Zülfüqarlı: Azad edilmiş rayonlarda yeni toraq islahatlarının keçirilməsi olduqca vacibdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək ümumi dəyəri 3,5 milyard dollardan artıq olan layihələrin həyata keçirilməsini Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana yaxşı tərəfdaş kimi münasibətinin nümayişi kimi dəyərləndirib və bütün bunlara görə Suma Çakrabartiyə təşəkkürünü ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Suma Çakrabarti dünyada neftin qiymətinin aşağı düşdüyü dövrdə Azərbaycana səfər etdiyini xatırlayaraq ölkə iqtisadiyyatının bərpa olunaraq inkişafa qədəm qoyması münasibətilə təbriklərini çatdırıb. O, son illər ərzində Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində bir sıra sahələrdə, o cümlədən sərhəd və gömrük xidmətlərində şəffaflığın və səmərəliliyin artırıldığını, vergi sistemində dəyişikliklərin edildiyini, “ASAN xidmət” sisteminin əhatə dairəsinin genişləndirildiyini və digər istiqamətlərdə böyük uğurlar qazanıldığını qeyd edib. Suma Çakrabarti Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yerə yüksəlməsinin önəmini vurğulayaraq bunu əldə edilən böyük uğur kimi dəyərləndirib.

Prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin maliyyələşdirilməsinin ölkəmizdə müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdiyini qeyd edib və bildirib ki, özəl sektorun bu maliyyə vəsaitindən yararlanması və müsbət istiqamətdə inkişafı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda həyata keçirdiyi strategiyanın uğurlu olduğunu göstərir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini qeyd edən Prezident İlham Əliyev bu islahatların və eləcə də idarəçilikdə yeni yanaşma nəticəsində biznesin daha da inkişafı üçün əlverişli şərait yarandığını və büdcə gəlirlərinin artdığını deyib, ötən il, eləcə də bu ilin yanvar-fevral aylarında gəlirlərin plandan artıq daxil olduğunu bildirib. Dövlət başçısı hazırda Azərbaycanda gömrük və vergi sistemlərinin birgə sıx fəaliyyət göstərdiklərini və bunun nəticəsində bu orqanlarda maksimum şəffaflığın təmin edilməsi istiqamətində səmərəli nəticələrin əldə edildiyini bildirib və qeyd edib ki, bütün bu islahatlar və şəffaflığın təmin edilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın düşünülmüş və düzgün inkişaf yolu ilə irəlilədiyini vurğulayan dövlət başçısı ölkəmizin bu sahələrdə islahatların birinci hissəsinin başlanğıcında olduğunu, bu il və qarşıdakı illərdə də bütün bunların uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib və qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.