Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib

AQTİ “Təhlükəsiz qida” adlı müsabiqə elan edir
Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib
Prezident: Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclası keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirin aparıcısı: Prezident Əliyev, bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır?

Prezident İlham ƏLİYEV: Sözsüz ki, qonşuluq problem də ola bilər, üstünlük də. Bu, sizin siyasətinizdən və qonşularla əlaqələrdən asılıdır. Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik. Bunun ən yaxşı yolu isə öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurulmasıdır. Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə – Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir.

Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var. Biz gənc müstəqil ölkəyik – cəmi 26 yaşımız var. Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil.

Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır.

Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir.

Aparıcı: Cənab Prezident, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığının azaldılması səyləri haqqında danışmağınızı istərdik. Çünki bu gün qiymətlər qalxır, bu, həmin səylərə təsir edəcəkmi?

Prezident İlham ƏLİYEV: İqtisadiyyatın şaxələndirilməsi bizim əsas məqsədimizdir. Düşünürəm ki, biz bu istiqamətdə yaxşı uğurlar əldə etmişik. Neftin qiyməti kəskin aşağı düşən zaman mən Azərbaycanda bildirdim ki, bizim üçün postneft dövrü başladı və biz neft və qazı unutmalıyıq. Əlbəttə, biz hazırda icra etdiyimiz layihələri başa çatdırmalıyıq, ancaq əsas gəlir mənbələri kimi biz texnologiya, innovasiya, sənaye, sahibkarlıq və kənd təsərrüfatı sahələrini nəzərdən keçirməliyik. Biz ciddi islahatlar həyata keçirməyə başladıq və onlar artıq yaxşı nəticə verir. Ötən il iqtisadiyyatımızın qeyri-neft sektoru təqribən 3 faiz və qeyri-neft sənayemiz 4 faiz artmışdır. Bu səbəbdən qeyd etməliyəm ki, artıq şaxələndirmə prosesi başlayıb və bizim bu prosesi səngitmək niyyətimiz yoxdur.

Hazırda neftin qiyməti artmaqdadır, ancaq bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq. Biz xərclərimizin optimallaşdırılmasına nail olmuşuq. Ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik. Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir.

Bununla yanaşı, biz anlamalıyıq ki, neft-qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcəkdir. Ancaq artıq bu gün qeyri-neft sektoru ümumi daxili məhsulun təqribən 70 faizini təşkil edir. Bizim hədəfimiz ixracımızı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir.

Enerji layihələrinə gəldikdə, onlar bizim üçün və region üçün əhəmiyyətlidir. Təşəbbüskarı olduğumuz layihələr regionun enerji xəritəsini dəyişmişdir. Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən – “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər.

Eyni sözləri bizim nəqliyyat layihələrimiz haqqında da söyləyə bilərəm. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur – əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var.

Gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcəkdir. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaqdır.

Aparıcı: Necə düşünürsünüz, əhali bu üstünlüklərdən bəhrələnməyə hazırdırmı? Yəni, təhsil və ya digər vasitələrlə?

Prezident İlham ƏLİYEV: Sözsüz. Bir neçə il bundan öncə bizim əsas hədəflərimizdən biri yoxsulluq və işsizliyin azaldılması idi. Buna uğurla nail olundu. Yoxsulluq 5,4 faiz, işsizlik isə 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalimiz 1,5 milyon nəfər artmışdır və iş yerlərinin yaradılması bizim üçün daimi prosesdir. Ötən il biz 177 min daimi iş yeri yaratmışıq və bu, bizim siyasətimizi nümayiş etdirir. Neft-qaz sahəsi kifayət qədər iş yeri yaratmır və işsizliyin aşağı səviyyədə olması üçün biz təhsil, idarəçilik, kənd təsərrüfatı, turizm və xidmətlər sahəsinə diqqət yetirməliyik. Əhalimiz islahatlara hazırdır və islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İslahatlar ağır olmamışdır. Çünki radikal islahatlar həyata keçirilərkən ilkin mərhələdə əhali bundan əziyyət çəkir. Biz dövlət yardımına ehtiyacı olanlara geniş sosial dəstək təklif etdik. Ona görə də bu proses olduqca əngəlsiz keçdi. Qarşıdan gələn illərdə biz iki il bundan öncə başladığımız dərin və geniş islahatlar siyasətini davam etdirməliyik.

Sual: Mənim adım Endryu Uilsondur. Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin icraçı direktoruyam. Bilmək istərdim, region liderləri iqtisadiyyatın şaxələndirilməsində kiçik sahibkarlığın rolunu nədə görür və bunun təşviqi ilə bağlı hansı tədbirlər görülür?

Prezident İlham ƏLİYEV: Azərbaycanda sahibkarlığın dəstəklənməsi üçün xüsusi fond fəaliyyət göstərir. Son on il ərzində həmin fond vasitəsilə özəl sektora təqribən 2 milyard dollar həcmində vəsait verilmişdir. Bu da olduqca sərfəli şərtlərlə, aşağı faizli kreditlərin verilməsi yolu ilə həyata keçirilmişdir. Burada özəl sektora həm də müvafiq tövsiyələr verilir və dövlət dəstəyi göstərilir. Biz regional inkişafa xüsusi diqqət ayırırıq. Biz bu gün regionların inkişafı ilə bağlı 3-cü dövlət proqramını icra edirik ki, bu da kiçik sahibkarlara bizneslə məşğul olmağa imkan yaratmışdır. Şərait nədən ibarətdir? İlk növbədə, infrastruktur. Biz 15 il ərzində 12 min kilometrdən artıq avtomobil yolları inşa etmişik və buraya kənd yolları da daxildir. Bu, həm xidmətlərə daha yaxşı çıxış əldə etməyə və eyni zamanda, fermerlərə məhsullarını bazara çıxarmağa imkan yaratmışdır.

Azərbaycanda qazlaşdırmanın səviyyəsi 93 faizdir. Dağlıq ərazilərin mövcudluğunu nəzərə alsaq, bu, olduqca yüksək göstəricidir. Biz elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilmişik. Bizim bu sahədə artıq imkan və mənbələrimiz var. Bununla yanaşı, hər il 100 min hektara yaxın əkin sahələri dövlət tərəfindən suvarılır. Eyni zamanda, bizim fermerlər torpaq vergisindən başqa digər vergilərdən azaddırlar. Onlar gübrənin qiymətinin 30 faizini və yanacağın qiymətinin 50 faizini ödəyirlər. Yəni, bu, biznes sahəsinə dövlət dəstəyidir və həm də əhəmiyyətli dəstəkdir.

Yəni, Azərbaycanda fermerlər üçün subsidiyalar və olduqca yaxşı investisiya mühiti var. Biz son 15 il ərzində 230 milyard dollar həcmində sərmayə cəlb etmişik və onun yarısı xarici, digər yarısı isə daxili sərmayədir. Bütün bunlar özəl sektora inkişaf üçün şərait yaratmışdır. Eyni zamanda, tədbirin əvvəlində qeyd etdiyim kimi, qonşular ilə çox yaxşı münasibətlərimiz onların bazarlarına çıxış təmin edir ki, bu da bizim qeyri-neft məhsullarımız üçün əsas bazarlardır.

Beləliklə, özəl sektorun dəstəklənməsi siyasəti davam edəcəkdir. Kiçik sahibkarlığın ümumi daxili məhsulumuzdakı payı hələ də çox aşağıdır. Gələcək illərdə bizim əsas hədəfimiz onlar üçün əlavə imkanlar yaratmaqdır ki, onlar yeni iş yerləri açsınlar və daha çox gəlir əldə etsinlər.

Aparıcı: Prezident Əliyev. Gəlin, siyasi fəallıq və insan hüquqları ilə bağlı Avropa normasından danışaq. Bir çoxları hesab edir ki, bu, yalnız fərdlərin şəxsi inkişafına deyil, ümumi iqtisadi inkişafa da təsir edir. Yəni, bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Azərbaycanda bu sahədə vəziyyət necədir? Sizin ölkə mətbuat azadlığı ilə bağlı tənqid olunur.

Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu tənqidin əsası yoxdur. Məsələnin mahiyyətinə baxdıqda məlum olur ki, Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. İnternetin azad, senzuranın olmadığı və əhalinin mütləq əksəriyyətinin internet istifadəçisi olduğu halda mətbuat azadlığının məhdudlaşdırılması haqqında danışmaq əsassızdır.

Aparıcı: O zaman necə olur ki, Azərbaycan mətbuat azadlığına görə dünyada 162-ci yerdədir?

Prezident İlham ƏLİYEV: Bunun siyasi səbəbləri var. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bir daha qeyd edirəm ki, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur və dövlət hər bir kəndə genişzolaqlı internetin çəkilməsi ilə bağlı böyük proqram həyata keçirmişdir. Bu təsnifat olduqca qərəzli yanaşma üzərində qurulub. Hərdən bu yanaşma bədxah olur. Bunlar Qərbdə müəyyən siyasi mərkəzlərin fəaliyyətinin məhsuludur.

Aparıcı: Daha konkret ünvanlar açıqlaya bilərsinizmi, bu, haradan qaynaqlanır?

Prezident İlham ƏLİYEV: Bu haqda daha konkret danışmaq istəməzdim, bunun haradan qaynaqlanması bəllidir. Ancaq bu nədən belədir? Bunun isə sadə səbəbi var – Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.

Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil.

Bu gün biz həm siyasi, həm iqtisadi inkişafdan bəhs edirik. Bunlar ayrılmazdır. Azərbaycan iqtisadiyyatı rəqabətlilik qabiliyyətinə görə Dünya İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülürsə, bu, ölkədə azadlıqların təmin olunmasının yaxşı göstəricisidir. Davos Forumu bu yaxınlarda siyasətçilərə inamla bağlı yeni bir hesabat yaymışdır və Azərbaycan orada 20-ci yerdədir. İnkişaf etməkdə olan dövlətlərdə hərtərəfli inkişafa dair digər bir hesabatda Azərbaycan 3-cü yerdədir. Yəni, bəzi QHT-lərin təqdim etməyə çalışdıqları məlumatlar doğru olsaydı, biz bu uğurlara nail ola bilməzdik. Biz məsələnin mahiyyətinə və real vəziyyətə baxmalı, Azərbaycanla bağlı müəyyən gözləntiləri və siyasi motivləri reallıqdan ayrı tutmalıyıq.

x x x

Qeyd edək ki, iclasda Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş nazirinin müavini Erbolat Dossayev və Niderlandın VEON şirkətinin baş icraçı direktoru Jan-İv Şarlye iştirak edirdilər.

Müzakirələr zamanı qonşu ölkələrlə əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyi bildirildi, regional layihələrin, o cümlədən keçən il açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyi qeyd olundu. Uzunmüddətli investisiyaların yatırılması üçün maliyyə siyasətinin proqnozlaşdırılmasının, sabitliyin təmin edilməsinin önəmi vurğulandı.