I Pyotrun Xəzərsahili vilayətlərin sakinlərinə manifesti 15 İyul 1722

621 000 və 1 130 000 (birinci demoqrafiq etüd)
Ermənistan “soyqırımı” iddiaları ilə Azərbaycan ərazilərinin işğalını unutdurmaq istəyir
Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (II hissə)
İşğalaqədərki hərbi-siyasi vəziyyət
Azərbaycan ərazilərinin parçalanma tarixini I Pyotrun 1722-ci il iyunun 18-də başladığı Xəzərsahili bölgələrə yürüşündən başladığınl hesab etmək olar. I  Pyotru bu ekspansionist yürüşə ruhlandıran ən başlıca faktorlardan biri həmin dövrdə Azərbaycanın da daxil olduğu Səfəvi dövlətini dərin siyasi və idarəçilik böhranının bürüməsi olmuşdur.Belə ki, Dağıstan sərhədlərindən tutmuş indiki Əfqanıstanın cənubundakı Qəndəhar bölgəsinə qədər geniş bir ərazini qiyamlar və narazılıqlar bürümüş, iqtisadiyyat tənəzzülə uğramışdı.
Belə üsyanlardan birinə başçılıq edən və 1721-ci ildə Şamaxını tutan Hacı Davud hətta Rusiyaya müraciət etmiş, lakin I Pyotr onu müraciətinə cavab verməmişdi. Hacı Davud burada müstəqil siyasi qurum – xanlığın əsasını qoymuş və kömək üçün Osmanlı dövlətinə üz tutmuşdu.
Qəndəharda gilzay tayfalarının üsyanları da İran hakimiyyətinə ciddi problemlər yaratmışdı. Mir Mahmudun dövründə (1716-1725) əfqanların ölkənin içərilərinə doğru yürüşləri xeyli genişlənmiş və hətta sonrakı illərdə onlar paytaxt İsfahanı tutaraq Səfəvi dövlətini süquta uğratmışdılar. (Y. M. Mahmudov, K.K.Şükürov, “Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi: Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828”, Bakı 2009, s 63)
Belə əlverişli şəraitdən yararlanmaqla I Pyotr hərbi işğal yolu ilə Xəzəryanı bölgələri ələ ke­çir­mə­yi qərara almışdır. Burada Pyotrun məqsədi Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirmək, Qərbi Avropa ilə apardığı bü­tün ipək ticarətini Volqa-Xəzər yolu istiqamətinə yönəltmək, Os­­manlı imperiyasının ipək ticarətindən qazandığı gəliri ələ keçirmək olmuşdur. Bu məqsədə çatmaq üçün I Pyotr ilk növbədə kəşfiyyat fəaliyyətlərini genişləndirmişdir. O, Xəzər dəni­zinin qərb sahillərini öyrənmək məqsədi ilə Azər­bay­can­­dan, xü­su­silə karvan yolu ilə Şir­van­dan keç­mək şərti ilə Səfəvi dövlətinə özü­nün yaxın adam­larından biri olan A.P.Vo­lın­skini göndərmişdir. 1715-ci ildə Səfəvi dövləti ilə ticarət müqaviləsi bağlamaq üçün İsfahana göndərilən səfir Volınskiyə, I Pyotr həm də keçdiyi yerləri diq­qət­lə öyrənmək barədə xü­su­si məxfi tapşırıqlar da vermişdi. 1717-ci ildə vətənə qayıdan Volınski Səfəvi dövlətinin acınacaqlı vəziyyətini təs­vir edərək I Pyotra Xəzəryanı regiona sahib olmaq məqsədi ilə yuban­ma­­dan hərbi əmə­liy­yatlara başlamağı təklif etmişdir. (G.Nəcəfli, “Çar Rusiyasının Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq istəyi”, http://strategiya.az/old/index.php?m=xeber&id=20742)
Səfəvilər dövlətindəki vəziyyət haqqında məlu­mat­­lar Rusi­ya­ya bir qayda olaraq, burada məskunlaşan xristianlardan, əsasən də ermə­ni­­lərdən gəlirdi.  I Pyot­­run Səfəvi dövlətinin xristian əhalisinə müna­si­bəti haqda rus tarixçisi V.P.Lıstsov yazırdı ki, I Pyotr bu yer­lərdə möh­kəm­lən­mək üçün Xəzərsahili vila­yət­lərdən, xüsusən Bakıdan yerli camaatı – azər­bay­can­lıları köçürüb, onların torpaq­larında er­mə­niləri, gür­cü­ləri və rusları yer­ləş­dir­mək, özünə xaçpərəstlərdən ibarət istinadgah yarat­maq istəyirdi. Bundan başqa Pyotr kapitan Aleksey Baskakovu İrana göndərmiş və Xəzər dənizinin xəritəsinin hazırlanması haqda göstəriş vermişdi.
Kəşfiyyat fəaliyyətlərindən əlavə, Rus imperatoru Qafqazdakı antiran və antiosmanlı qüvvələr ilə (gürcü çarı VI Vaxtanq və Qarabağ məlikləri, həmçinin Azərbaycanın erməni əhalisi ilə) münasibətlər yaratmışdı. Kompleks tədbirlərin başqa bir halqası kimi isə hərbi qüvvə təşkil edilmişdi. 32 mini nizami piyada və süvarilərdən təşkil olunan ümumi sayı 100 min nəfərə çatan qoşun birlikləri səfərbər edilmişdi. 1722-ci ilin birinci yarısında hərbi gəmilər Həştərxanda toplanmış, buradan Əhrəxan körfəzinə yönəlmiş, süvari quru yol ilə irəliləyərək digər qüvvələrlə orada birləşmişdi. (Y. M. Mahmudov, K.K.Şükürov, “Azərbaycan beynəxlaq münasibətlər və diplomatiya tarixi: Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828”, Bakı 2009, s 63)
Manifestin məğzi
Bu hazırlıq tədbirləri ilə birgə işğalçı yürüşə hüquqi don geyindirilməsinə və bu məqsədlə rəsmi təbliğata xüsusi yer verilirdi. I Pyotrun rəsmi təbliğatını əks etdirən əsas sənəd 1722-ci il 15 iyul tarixli Manifest idi. Bu məqsədlə 1722-ci ildə Rusiyada ərəb şriftləri ilə işləyən ilk mətbəə yaradılmışdı. I Pyotrun işğalçı yürüşü zamanı donanma gəmilərindən birində “Üzən türk mətbəəsi” fəaliyyət göstərməsi də tarixi mənbələrdə qeyd olunur. Manifest başlıq, 73 sətirlik mətn, yazılma tarixi və ümumiyyətlə, 929 sözdən ibarət olmuş və Pyotrun sarayında qulluq edən, ərəb, fars, türk və Azərbaycan dillərini mükəmməl bilən Kantemir tərəfindən hazırlanmışdı. Bəzi alimlərin Rusiyanın xarici siyasət arxivində saxlanılan həmin Manifestə aid tədqiqatları sənədin ancaq Azərbaycan dilində olduğunu göstərir. Manifest məzmunca təbliğat xarakterli olub bölgənin ələ keçilməsində geo-siyasi maraqlara don geydirməyə xidmət etmişdir. Hacı Davudun qaldırdığı qiyamların nəticəsində bölgədə əmin-amanlığın pozulması, insanların həlak olması, tacirlərin var dövlətinin talan olması və o cümlədən bölgədə ticarətlə məşğul olan Rus təbəələrinin ölməsi, canlarına və mallarına təhlükənin yaranması səbəbindən Pyotrun yürüşü zəruri və qaçılmaz tədbir kimi qələmə verilirdi. Manifestdə yürüşün məqsədinin tacirləri qətlə yetirən qiyamçılardan intiqam almaq olduğu bildirilərək, ərazilərin işğal etmək niyyətinin olmadığı xüsusi qeyd edilirdi. Bölgənin tutulması ilə yerli əhalinin və ticarət üçün başqa yerlərdən ora gələnlərin təhlükəsizliyinə təminat verilir, dinc əhaliyə qarşı hər hansı qanunsuz hərəkətlərin edilməməsi barədə Rus əsgər və zabitlərinə qəti göstəriş verildiyi vurğulanırdı.
Əslində isə 1722-ci il iyunun 18-də Həştərxandan yürüşə başlayan I Poytrun qoşunları sırf əhalidə qorxu yaratmaq məqsədi ilə Dərbənd istiqamətində 6 kəndi yandırır. Yürüşdə Dərbənd, Bakı, Salyan və Rəşt şəhərləri işğal olunur. 1723-cü il sentyabırn 12-də II Təhmasibin elçisi İsmayıl bəyin Sankt-Peterburqa Rusiya ilə imzaladığı müqaviləyə əsasən Dərbənddən Gilana qədər olan torpaqların Rusiyaya verilməsi rəsmiləşdirilir. Rusiya tərəfi isə əfqanlarla müharibədə Səfəvi dövlətinə hərbi yardım göstərməyi vəd edir.
Bununla da, 1722-1723-cü illərdə Xəzəryanı  bölgələrin Rusiya tərəfindən işğalının ilk mərhələsi yekunlaşmışdır.
Etibar Qulusoy
1905.az