Qərbi Azərbaycan məktəbləri: Çaykənd təhsilinin keçdiyi yol… ARAŞDIRMA : II hissə

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində protokollar imzalanıb
Kəlbəcərin işğalı zamanı ermənilərin öldürdüyü 12 nəfərin meyitinin qalıqları aşkar edilib
Daxili İşlər Nazirliyi vətəndaşların müvəqqəti qeydiyyatının ləğvinin səbəblərini açıqlayıb

Elmi işlərinin nəticələri Moskvanın “Tətbiqi kimya jurnalı”, Sankt-Peterburqun “Üzvi kimya jurnalı”, AMEA-nın məruzələri, “Azərbaycan Kimya jurnalı” və digər nüfuzlu elmi nəşrlərdə dərc olunub.

Üç müəlliflik şəhadətnaməsinə və 10 dərs vəsaitinə müəlliflik edib. Moskva, Budapeşt, İrkutsk, Tbilisi, İstanbul və Respublika konfranslarında, XII Mendeleyev qurultayında elmi məruzələrlə çıxış edib.

Kimya üzrə elmlər doktoru, professor Novruz Hüseynqulu oğlu Əhmədov 1961-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində anadan olub. 1967-1977-ci illərdə Bala Əfəndiyev adına Çaykənd kənd orta məktəbini əla qiymətlərlə bitirib.

1977-1983-cü illərdə S.M. Kirov adına Azərbaycan Dövlət (Bakı Dövlət) Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

Hazırda Qərbi Virciniya Universitetinin (WVU) Kimya Departamentində Nüvə Maqnit Rezonansı (NMR) üzrə elmi işçi kimi fəaliyyət göstərir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra 1996-cı ildə Moskva Dövlət Universitetində təhsilini tamamlayıb və Yuri A. Ustynyukun rəhbərlik etdiyi qrupda NMR tədqiqatçısı kimi çalışmağa başlayıb.

2000-ci ildə Florida Universitetində professor Alan R. Katritzky ilə NMR üzrə postdoktorantura tədqiqatları aparıb və 2006-cı ildə WVU-ya qoşulub. Müxtəlif sahələrdə çalışan geniş spektrli tədqiqat qrupları (üzvi, qeyri-üzvi, bioorqanik, farmakoloji və s.) ilə əməkdaşlıq edir və onlara elmi məsləhətlər verir. 200-dən çox elmi məqaləsi çap olunub.

Tədqiqat sahəsi əsasən məhlulda müxtəlif üzvi və orqanometal birləşmələrin strukturunun aydınlaşdırılması üçün müasir 1D və 2D NMR üsullarının tətbiqinə yönəlib.

1990-1995-ci illərdə halqalararası haptotropik yenidən düzülmələr və “rikoshet” halqalararası haptotropik yenidən qurulmalar sahəsində tədqiqatlar aparıb. Onun işləri polisiklik aromatik və hidroaromatik liqandlarla keçid metal E-komplekslərinin kimyasında fundamental hadisələr hesab edilir. Bu araşdırmalar keçid metal-ligand bağlarının təbiətini öyrənməyə, həmçinin metal-kompleks katalizatorların təsiri altında məhlulda baş verən katalitik proseslərin mexanizmlərini aydınlaşdırmağa imkan verib.

Əsas tədqiqat sahələri arasında naftalinlər, fenalenlər, poliaromatik birləşmələrin metal-üzvi komplekslərində metallotrop və siqmatrop [1,5]H yenidən təşkilinin termodinamik parametrlərinin müəyyən edilməsi xüsusi yer tutur. O, 2D NMR spektroskopiyası vasitəsilə izomertik tetrametilheptalenlərin və onların trikarbonilxrom komplekslərinin strukturunun aydınlaşdırılması strategiyasını işləyib hazırlayıb.

Tetrametilheptalenlərin mononüvəli trikarbonilxrom komplekslərinin halqalararası haptotropik yenidən düzülmələrinin və 1,2-qoşa rabitəli yerdəyişmələrin (DBS) kinetikasını araşdırıb. Bu proseslərdə tarazlıq sabiti, sərbəst aktivləşmə enerjisi və digər termodinamik parametrləri müəyyən edib. Eyni zamanda, 7,7-dikloro-3,4-benzbisiklo[4.1.0]hepten və Palladium (II) komplekslərini 1D və 2D NMR spektroskopiyası ilə tədqiq edib.

Tədqiqat maraqlarından biri konformasiya analizi, fırlanma izomeriyası, məhdud fırlanma və zamandan asılı digər kimyəvi proseslərin NMR üsulları ilə öyrənilməsidir.

Bundan əlavə, bərk cisim NMR spektroskopiyasından (15N, 13C-CPMAS) istifadə edərək melaninin (Sepia melanini və insan saçı melanini) strukturunun aydınlaşdırılması istiqamətində də tədqiqatlar aparıb.

Pərviz Əhmədzadə 28 may 1969-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub.

1993-cü ildə Azərbaycan Mühəndislik və İnşaat Universitetində bakalavr təhsilini tamamlayıb. 2001-ci ildə Türkiyənin Fırat Universitetində magistratura təhsilini, 2004-cü ildə isə eyni universitetin aspiranturasını bitirib.

2010-cu ildə dosent, 2016-cı ildə isə professor elmi adını alıb. İxtisasca inşaat mühəndisidir (İnşaat Mühəndisi).

Hazırda Türkiyənin İzmir şəhərində yerləşən Egey Universitetində (Ege Üniversitesi, İzmir, Türkiye) avtomobil yollarının layihələndirilməsi və inşası sahəsində fəaliyyət göstərir. O, həmçinin avtomobil yollarının örtüyü üçün bitum tərkibinin öyrənilməsi üzrə ilk eksperimental laboratoriyalardan birinin əsasını qoyan mütəxəssislərdəndir.

Elmi fəaliyyətində ali təhsil müəssisələrində aparılan tədqiqatlar əsasında magistr və doktorantlara rəhbərlik edir. Karyerası boyunca bir neçə beynəlxalq qrant layihəsinə rəhbərlik edib.

Hazırda Özbəkistanın Səmərqənd şəhərində yerləşən M. Ulugbək adına Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetində dərs deyir.

Məmmədova Səba Hüseynxan qızı 23 noyabr 1963-cü ildə Qərbi Azərbaycanın Çəmbərək rayonunun Çaykənd kəndində anadan olmuşdur. 1971-ci ildə B.Əfəndiyev adına Çaykənd kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1979-cu ildən təhsilini Sumqayıt şəhər 28 saylı orta məktəbdə davam etdirmiş, 1981-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kimya fakültəsinə daxil olmuşdur. 1985-ci ildə məqsədli təyinatla A.A. Jdanov adına Leninqrad Dövlət Universitetinə (indiki Sankt Peterburq Dövlət Universiteti) göndərilmişdir. 1988-ci ildə oranı bitirmiş və BDU-nun Kimya fakultəsində işə qəbul edilmişdir.

Səba xanım 2005-ci ildə ”Ce-Sb(Bi)-Se(Te) üçlü sistemlərində qarşılıqlı təsirin və alinan fazaların xassələrinin tədqiqi” mövzusunda 02.00.01 – Qeyri-üzvi kimya ixtisası üzrə dissertasiya müdafiə etmiş və kimya üzrə fəlsəfə doktoru elmi adını almışdır. 70-dən çox elmi əsər və 3 kitab müəllifidir. Hazırda elmi işini “Ln-B-X (B-Sb, Bi; X-Se, Te) üçlü sistemlərində NTE xalkostibnit xalkobismutitləri əsasında yeni funksional xassəli materialların alınmasının fiziki kimyəvi əsaslarının işlənməsi”mövzusunda davam etdirir. Ailəlidir, iki övladı var.

Süleyman İfxan oğlu Allahverdiyev 1 avqust 1950-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Çaykənd kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.

1957-1965-ci illərdə Çaykənd kənd 8 illik məktəbində, 1965-1967-ci illərdə isə Gölkənd kənd orta məktəbində təhsil almışdır. Elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsinə qəbul olmuş və 1973-cü ildə universiteti müvəffəqiyyətlə bitirmişdir.

1973-1977-ci illərdə Bala Əfəndiyev adına Çaykənd kənd orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərmişdir.

1977-ci ildə AMEA-nın Əkinçilik İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi “Bitki fiziologiyası” laboratoriyasında biofizik kimi işləməyə başlamışdır. Həmin il SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu) “Biofizika” ixtisası üzrə aspiranturaya qəbul olmuşdur.

1984-cü ildə “Biofizika” ixtisası üzrə namizədlik, 2002-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildən Rusiya EA-nın Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, 2016-cı ildən isə AMEA Botanika İnstitutunun nəzdində yaradılan “Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun” Beynəlxalq laboratoriyasına rəhbərlik edir.

Dünyanın onlarla universitetinin fəxri professoru olan S. Allahverdiyev 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveçrə, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) professor kimi çalışmış, 40-dan çox ölkədə mühazirələr oxumuşdur.

Amerika Kimyaçılar Cəmiyyətinin üzvüdür. Eyni zamanda M.V. Lomonosov adına Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. 500-dən çox elmi əsərin, 8 kitabın və 6 ixtiranın müəllifidir. Onun işlərinə 17 330-dan artıq istinad edilmiş, rəhbərliyi və məsləhəti ilə 2 elmlər doktoru, 8 elmlər namizədi hazırlanmışdır.

S. Allahverdiyev fotosintezin ilkin mexanizmlərinin öyrənilməsində klassik tədqiqatlar aparmış və bu sahədə mühüm elmi nailiyyətlər əldə etmişdir. Onun alternativ enerji alınması sahəsində apardığı araşdırmalar 2021-ci ildə nüfuzlu beynəlxalq mükafata – “Qlobal Enerji” mükafatına layiq görülməsi ilə nəticələnmişdir.

Elmi nailiyyətlərinə və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Elmlər Akademiyasının ümumi iclasında müxbir üzv seçilmiş, 21 mart 2022-ci ildə Rusiya Federasiyası Prezidentinin 132 nömrəli sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.

Sevdimalıyev Yusif Məmmədəli oğlu 1951-ci ildə Qərbi Azərbaycanda,Gəncə Quberniyası Qazax qəzasının Qaraqoyunlu dərəsinin Çaykənd kəndində(kecmiş Ermənistan SSRİ-nin Çənbərək(Krasnoselo rayonunun) Çaykənd kəndində anadan olmuşdur.1968-ci ildə Bakı şəhərində fizika-riyaziyyat təmayüllü internat məktəbini bitirmiş və həmin ildə indiki Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinin mexanika bölməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili nazirliyinin təyinatı üzrə 1973-cü ilin avqust ayından gənc mütəxəssis olaraq həmin universitetdə elmi və pedoqoji fəaliyyətə başlamışdır. O, 1974-cü ildə BDU-nun mexanika kafedrasında Az.SSR EA-nın muxbir üzvü prof. Y.Ə.Əmənzadənin və Lomonosov adına MDU-nun professoru S.A.Şesterikovun rəhbərliyi altında dissertant təsdiq olunmuşdur. 1977-ci ilin avqust ayında Sumqayıt Ali Texniki Təhsil Müəssisəsinə (ATTM-indiki Sumqayıt Dövlət Univeristeti) konkurs üzrə assistent seçilmişdir.

Y.Sevdimalıyev elmi – tədqiqat işlərini AR MEA-nın tədqiqat planı ilə koordinasiya olunan mövzu üzrə davam etdirməklə 1977-ci ilin sentyabr ayının 12-dən  Sumqayıt Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Müxtəlf illərdə Sumqayıt Dövlət Universitetinin Mexanika kafedrasında asistent,baş müəllim, dosent və kafedra müdiri ovəzifələrinə seçilmişdir.

İlk tədqiqatı “Nazik qalınlıqlı xətti elastiki və özlü elastiki borularda sıxılmayan bircins mayenin dalğavari hərəkəti“ Moskva şəhərində MDU-nun Plastiklik nəzəriyyəsi kafedrası və MDU nəzdindəki Mexanika elmi-tədqiqat institutunda yerinə yetirilən diplom işinin mövzusu olmuşdur.  İlk tədqiqatında maye mühit ilə bərk cismin birgə hərəkəti və silindrik örtüklərdə mayenin qərarlaşmayan hərəkəti Qromekanın məlum həllinin ümumiləşməsi kimi nəzərdən keçirilmişdir.

Y.Sevdimalıyev “Qeyri-xətti ani elastiki deformasiyanın sürüncəklik daxilində nazik qalınlıqlı konstruksiya elementlərinin yükdaşıma qabiliyyətinə təsiri” mövzusunda dissertasiya işini  1982-ci ildə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdir.O 1989-cü ildən mexanika ixtisası üzrə dosent elmi adını almışdır.

Y.Sevdimalıyev tədqiqatlarında N.Hoff, Y.N.Rabotnov,S.A. Şesterikov və digərlərinin sürüncəklik prosesində dayanıqlığın itirilməsi üzrə nəticələrinin əhatə dairəsinin müasir elmin, texnikanın və son dövrün texnologiyalarının imkanları hesabına genişlənməsinin baş verdiyini göstərmiş  və gələcəkdə də bu tendensiyanın davam edəcəyini əsaslandırmışdır. Bu səbəbdən birölçülü və çoxölçülü kiçik qalınlıqlı konstruksiyalarda qeyri –xətti effektlərin alınması və böhran vəziyyətlərinin qiymətləndirilməsi işlərini Y.Sevdimaliyev   tədqiqatlarında davam etdirir.

Böyük ölçülü konstruksiyaların nəqlolunmasında eyni zamanda iki və daha çox sərbəstlik dərəcələrinin  nəzərə alınması, mövqeləşdirmə və  mürəkkəb şəraitdə elektrik qaynağının  və digər texnoloji proseslərin idarə olunmasının avtomatlaşdırılması məsələlərində riyazi modellərin seçilməsi və optimal  həllin müəyyən olunması bütöv mühit mexanikanın aktual nəzəri analitik və praktiki tətbiq sahələridir. Manipulyatorlu robotların kinematikasi, dinamikası və tərs məsələlərin həlli  Y.Sevdimalıyevin tədqiqat sahələrindəndir.

Y.Sevdimalıyevin  hidrotexniki qurğuların və onların müəyyən konsruksiya elementlərinin dağıdıcı olmayan fiziki üsullarla texniki diaqnostikası, istismar resurslarının yenidən qiymətləndirilməsi ,gərginlik-deformasiya vəziyyətinin təyini sahəsində aparılmış tədqiqatları institutun elmi rəhbəri və məsul icraçısı  olduğu hesabatlarında əksini tapmışdır.Bu tədqiqatların bir hissəsi  dövrü olaraq elmi jurnallarda nəşr olunmuşdur.

Y.Sevdimalıyev 2014-cü ildən BDU Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasında dosent vəzifəsində,2016-cı ildən isə həmin kafedranın  müdiri seçilmişdir və hal hazırda həmin vəzifədə çalışır. Son beş ildə elmlər doktoru proqramı üzrə “Konstruksiya elementlərinin və bərk cisimlərin yükdaşıma qabiliyyətinə xarici mühitlərin təsirinin bəzi statika və dinamika məsələləri” mövzusunda apardığı elmi-tədqiqat işi BDU nəzdində fəaliyyət göstərən Elmlər Doktoru Dissertasiya Şurasında müdafıəyə təqdim olunub və həmin proses  yekunlaşmaq üzrədir.

Y.Sevdimaliyev yüzdən artıq elmi məqalənin, on altı  indeksləşdirilmiş ETİ-nin, Hidrotexniki qurğular üzrə Sahə İnşaat Normasının, konfrans materiallarının, Mexanika elm sahəsinə aid müxtəlif ixtisaslar üzrə fənn proqramlarının, beş elmi -metodik işin müəllifidir.O elmi-tədqiqat işləri aparmaqla bərabər nəzəri mexanika və bütöv mühit mexanikası fənləri və onların ayrı-ayrı bölmələri üzrə mühazirələr aparmış, bu bölmələr üzrə metodik işlərin və mühazirələr kursunun müəllifidir. Dissertasiya işlərinin müdafiəsi üzrə bir çox elmi şuraların  (BDU, AzTU, AMİU   və NeftQaz DETLİ) üzvü, elmi seminarının üzvü, disertasiya işlərinin müdafiəsində opponent olmuşdur. Onun  rəhbərliyi  ilə üç nəfər tədqiqatçının disertasiya işini müdafiə etmiş , mexanika və riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışlar.

Y.Sevdiməliyev 1990-cı ildə Sumqayıt səhər sovetinə deputat seçilmiş və 1992-1993-cü illərdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısi işləmişdir.

Arif Babayev 1 dekabr 1959-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Çaykənd orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuşdur. 1981-ci ildə Fizika fakultəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm İstehsalat birliyidə mühəndis olaraq işə başlamışdır. O, 1992-cu ildə “Ümumiləşmiş izotrop Keyn modelində almaz tipli yarımkeçiricilərdə elektron və deşiklərin enerji spektrləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A.M.Babayev 1994-ci ildən AMEA-nın Fizika İnstitutunda “Nanokristallar fizikası” laboratoriyasında çalışır. A.M.Babayev 2007-ci ildə “Kiçik ölçülü kvant sistemlərində elektron və deşiklərin enerji spektrləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi adına layiq görülmüşdür.

Tədqiqatları, əsasən, aşağı ölçülü yarımkeçirici və yarımmagnit kvant sistemlərində yükdaşıyıcıların enerji spektrlərinin və dalğa funksiyalarının araştdırılmasına, ballistik keçiriciliyə, spintronika sahəsinə aiddir. İlk dəfə olaraq Keyn tipli yarımkeçirici nanostrukturlarda Kleyn paradoksu araşdırılmışdır. Bir zonalı modeldən fərqli olaraq, potensial çəpərin yüksəkliyi sonsuz olan zaman çəpərdən keçmə ehtimalı sıfirdan fərqli olduğu göstərilmişdir.

Asif Ata (İnam Ata) 1935-ci il sentyabrın 25-də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində, müəllim ailəsində anadan olmuşdur. Əslən Qaraqoyunlu soyundandır. Babaları ruhani olmuşlar. İlk təhsilini doğulduğu kənddə almış, orta təhsilini Gəncə şəhərində davam etdirmiş, 1951-ci ildə Ağstafa şəhərində başa vurmuşdur.

Mətbuatda ilk dəfə 1952-ci ildə “Azərbaycan pioneri” jurnalında dərc olunan “Məktəb xatirələri” şeiri ilə çıxış etmişdir. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Təhsil illərində müstəqil olaraq dünya tarixini, ədəbiyyatını, fəlsəfəsini, dinlərini, musiqisini, incəsənət tarixini – bir sözlə, özünədək insanlığın yaradıb ortaya qoyduğu bütün dəyərli bilikləri mənimsəyib.

M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, Dillər Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində Qərb ədəbiyyatı, rus ədəbiyyatı, estetika, fəlsəfə, incəsənət tarixi fənlərindən mühazirələr oxuyub. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir (1969-1975).

1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində “Etik və Estetik Tərbiyə Klubu”nu yaradıb və iki ildən artıq fəaliyyət göstərən klubun toplantılarında minlərlə insana Azərbaycan və onun mahiyyəti, ruhani dəyərləri, oçağkı və gələcək taleyi ilə bağlı uca sözlər deyib. Klub tez bir zamanda Azərbaycanın hər yerində səs-soraq salıb, onun toplantılarına bölgələrdən də qatılanlar çoxalıb. Bundan qorxan universitet rəhbərliyi klubun fəaliyyətini yasaqlayır. Ata məcbur olub toplantılarını “Bilik” cəmiyyətində davam etdirir.

1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif Ata adlanır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır. 1982-ci ildə İnam Atanın Mütləqə İnam Ocağı dəhşətli basqılara uğrayır və qapadılır. Ata özü işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağıdılır, yörəsindəkilərin çoxu pərən salınır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir.

İnam Ata ən dəhşətli təqib illərində kitablarını yazır, yaratdığı Mütləqə İnam Dünyabaxışını sistemləşdirir, xalq içərisində olur, saysız görüşlər keçirirdi. Onun yalnız dünyabaxışını əhatə edən əsərləri 44 kitabdan ibarətdir ki, Mütləqə İnam Ocağı indi onu “On Kutsal Bitiq”də bir araya gətirib.

Əfəndiyev Azər Həmid oğlu 1947-ci il mayın 16-da Bakıda anadan olub. 1969-cu ildə V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. SSRİ EA-nın Fəlsəfə İnstitutunda namizədlik dissertasiyasını, 1992-ci ildə isə “Şəxsiyyətin formalaşması: sosiologiya nəzəriyyəsinin əsas prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1999-cu ildən A.Əfəndiyev Milli Tədqiqat Universitetinin “Ali İqtisad Məktəbi”nin (MTU AİM) menecment fakültəsində çalışır. 2003-2009-cu illərdə həmin fakültənin dekanı olub. Menecment fakültəsi məhz onun rəhbərliyi ilə yüksək inkişaf mərhələsinə çıxaraq RF-də menecment sektorunda ali təhsil sahəsində liderlərdən biri olub, bir sıra aparıcı xarici ali məktəb və elmi mərkəzlərlə əlaqələrini gücləndirərək beynəlxalq səviyyədə tanınıb. Menecment fakültəsinin məzunları əmək bazarında yüksək qiymətə malikdir. 2004-2010-cu illərdə A.Əfəndiyev insan resurslarının idarə olunması kafedrasının müdiri vəzifəsini icra edib. Onun rəhbərliyi altında MTU AİM-də “İnsan resurslarının idarə olunması” magistr proqramı və müvafiq elmi istiqamət yaradılıb. 2010-cu ildə A.Əfəndiyev MTU AİM-in menecment fakültəsində şirkətin sosial təşkili Mərkəzinə rəhbərlik edib.

A.Əfəndiyev təhsil və metodiki fəaliyyətini hər zaman sistematik nəzəri və empirik tədqiqat işləri ilə birləşdirib. Bununla yanaşı, irəli sürülən nəzəri konsepsiyaların zənginləşdirilməsi və sübutu üçün aktiv istifadə olunan empirik məlumatların nəzəri işləri və analizi arasındakı qırılmaz bağlılıq elmi fəaliyyətinin mühüm prinsipidir. Son illər o, bir sıra elmi-tədqiqat layihələrinə (o cümlədən aspirantların elmi işlərinə) rəhbərlik edib, kütləvi sosioloji tədqiqatlar aparıb. Bunun nəticəsi olaraq bir neçə kitab, o cümlədən ümumi sosiologiya üzrə dərs vəsaiti çap olunub, bir sıra monoqrafiyalar dərc edilib. A.Əfəndiyev ümumilikdə 80-dən çox məqalənin müəllifidir. Ümumi sosiologiyanın nəzəri, metodoloji və empirik problemləri, təhsil sosiologiyası və idarəetmə sosiologiyası A.Əfəndiyevin elmi tədqiqat işlərinin əsas mövzularına daxildir. Ümumi sosiologiya üzrə onun redaktorluğu ilə hazırlanan dərs vəsaiti RF Təhsil Nazirliyi tərəfindən tövsiyə olunub. Biznesin sosiologiyası və şirkətin sosial təşkili problemləri son 10 ildə A.Əfəndiyevin elmi işlərinin əsas mövzularından biridir.

A.Əfəndiyev aparıcı xarici elmi mərkəzlərlə beynəlxalq elmi-tədqiqat əməkdaşlığını aktiv surətdə inkişaf etdirir. Hazırda Şirkətin Sosial Təşkili Araşdırmalar Mərkəzi bir sıra Avropa ölkələrində fəaliyyət göstərən həmkarları ilə sıx əlaqələr yaradıb. Xarici nəşrlərdə bir sıra məqalələr (dərc olunan və ya resenziyaya təqdim edilən), həmçinin beynəlxalq elmi konfranslar çərçivəsində sosial münasibətlər və biznesin sosial təşkili problemlərinə həsr olunan və xarici məruzəçilərin iştirakı ilə hər il keçirilən xüsusi sessiyaların təşkili bu əməkdaşlığın nəticəsidir.

Bahar Dadaşova 1983-cü il oktyabrın 24-də Salyan rayonunun Aşağı Kürkənd kəndində müəllim ailəsində anadan olmuşdur.

1990-cı il sentyabrın 1-də Aşağı Kürkənd tam orta məktəbində birinci sinfə qədəm qoymuşdur. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 2004-cü ildə ali təhsilini başa vurmuşdur.

Təhsilini davam etdirmək məqsədilə Portuqaliyanın Lissabon Nova Universitetinin magistratura proqramına qəbul olunmuş, magistratura təhsilini uğurla başa vurmuşdur. 2007-ci ildə İspaniyanın Universidad Carlos III de Madrid universitetində doktorantura təhsilinə başlamışdır.

Doktorantura təhsilini davam etdirən Bahar Dadaşova, Kral III Madrid Universitetində Riyaziyyat Mühəndisliyi ixtisası üzrə elmi işçi kimi fəaliyyətə başlamışdır. Onun tədqiqat sahəsi yol qəzalarının başvermə səbəblərinin araşdırılması və onların qarşısının alınması üçün optimal həll yollarının müəyyən edilməsi olmuşdur.

Əldə etdiyi nəticələri elmi məqalələr şəklində dünyanın nüfuzlu elmi jurnallarında nəşr etdirmişdir.

2012-ci ildə onun ilk elmi məqaləsi məşhur ELSEVIER jurnalında dərc olunmuşdur: Conference Paper: “Dynamic Statistical Model Selection: Application to Traffic Accident Analysis in Spain” (Dinamik Statik Model Seçimi: İspaniyada yol qəzalarının təhlili və tətbiqi).

2013-cü ilin oktyabr ayında Bahar Dadaşovanın ELSEVIER jurnalında ikinci elmi məqaləsi çap olunmuşdur.

2009-2014-cü illərdə Madrid Politexnik Universitetində (Universidad Politécnica de Madrid) doktorluq assistenti kimi fəaliyyət göstərmiş və tədqiqatlarını davam etdirmişdir.

Mansurova Hafizə Tanırverdi qızı 28.03.1970-ci ildə Çəmbərək rayonu Çaykənd kəndində  anadan olmuşdur. 1977 – 1987 – ci illərdə Çaykənd orta məktəbində orta təhsilini bitirmişdir. 1988 – 1994 – cü illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində bakalavr təhsilini başa çatdırmışdır. 1995-ci ildən 2004-cü ilə qədər sahə pediatrı vəzifəsində çalışmışdır. ATU-nun Tibbi mikrobiologiya və immunoloiya kafedrasında 2004-cü ildən 2008-ci ilə qədər baş laborant vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən 2014-cü ilədək assistent, 2014-cü ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışmaqdadır.

2012-ci ildə “Dəri mikroflorasının nozokomial infeksiyaların əmələ gəlməsində rolu” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Beynəlxalq və yerli elmi-praktik konfranslarda iştirak etmişdir. Yerli və xarici jurnallarda 60-dan çox məqalə və tezisləri dərc olunmuşdur.  

Firdovsi Tatar oğlu Seyidov 28 dekabr 1948-ci ildə Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur.

1956-1964-cü illərdə Çaykənd səkkizillik məktəbini, 1966-cı ildə isə Gölkənd kənd orta məktəbini bitirmişdir. Həmin il H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Kimya fakültəsinə qəbul olmuş və 1970-ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur.

Ali təhsilini başa vurduqdan sonra təyinatla Tovuz şəhərinə göndərilmiş, burada qısa müddət kimya müəllimi kimi çalışmışdır. Daha sonra Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş, lakin hərbi xidmətə çağırıldığı üçün təhsilini müvəqqəti dayandırmalı olmuşdur. Xidməti başa vurduqdan sonra aspiranturanı bitirmiş, həmin institutda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. Sonralar “Sintetik sürtkü yağları və xüsusi mayelər” laboratoriyasının müdiri seçilmişdir.

1995-ci ildən İran İslam Respublikasına dəvət edilmiş, İran Elm və Texnologiya Mərkəzinin Təbriz bölgəsində Baş müşavir vəzifəsində fəaliyyət göstərmişdir.

1979-cu ildə “Endometilen quruluşlu efirlər və onların sintetik sürtkü yağları kimi tətbiqi” mövzusunda namizədlik, 1992-ci ildə isə Neft-kimya ixtisası üzrə “Yeni mürəkkəb efir tipli sintetik sürtkü yağları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

F.T. Seyidovun elmi fəaliyyətinin əsas istiqaməti yüksək istismar xassələrinə malik yeni tipli sintetik sürtkü yağlarının yaradılması və onların istehsal texnologiyasının işlənib hazırlanması olmuşdur. Onun tərəfindən alitsiklik molekul quruluşuna malik birləşmələrin stereokimyası ilə onların triboloji xüsusiyyətləri arasındakı qanunauyğunluqlar tədqiq edilmişdir. Araşdırmaları nəticəsində müəyyən etmişdir ki, alitsiklik birləşmələrin istismar xassələrində digər amillərlə müqayisədə stereokimyəvi faktor üstünlük təşkil edir.

Sistemli tədqiqatlarının nəticəsi olaraq geniş temperatur intervalında maksimum mütəhərrikliyə, yüksək termiki stabilliyə və digər müsbət istismar xassələrinə malik yeni sintetik sürtkü yağlarının yaradılmasının nəzəri və praktiki əsaslarını işləyib hazırlamışdır.

Onun rəhbərliyi ilə həmçinin sintetik və yarımsintetik motor yağları, turbin mühərriklərində istifadə olunacaq maye sürtkülərinin texnologiyası işlənib hazırlanmışdır.

Aparmış olduğu tədqiqatların nəticələri 86 elmi əsərdə, o cümlədən 19 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə üç elmlər namizədi hazırlanmışdır.

F.T. Seyidov bir sıra beynəlxalq və ümumittifaq simpozium və konfranslarda, o cümlədən Kanada, İran və Rusiyada elmi məruzələrlə çıxış etmişdir.

Firdovsi Tatar oğlu Seyidov vəfat etmişdir.

Əhmədov Vəzir Albaba oğlu 3 mart 1939-cu ildə Qərbi Azərbaycanın (keçmiş Erm. SSR) Çəmbərək (Krasnoselsk) rayonunun Çaykənd kəndində kolxozçu ailəsində anadan olmuşdur.

1958-ci ildə Çəmbərək rayonunun Gölkənd kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinə qəbul olmuşdur. Coğrafiya-Biologiya ixtisası üzrə təhsil alan V. Əhmədov, 1963-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Coğrafiya fakültəsini uğurla bitirmişdir.

Universiteti bitirdikdən sonra, 18 sentyabr 1963-cü ildən 25 noyabr 1963-cü ilədək Kəlbəcər rayonunun Levski kəndində 8 illik məktəbdə müəllim kimi çalışmış, daha sonra isə hərbi xidmətə yollanmışdır.

1965-ci ildə Sovet Ordusundan tərxis edildikdən sonra AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1967-1970-ci illərdə həmin institutun aspiranturasını əyani formada bitirmiş və 25 may 1972-ci ildə “Torpaqşünaslıq” ixtisası üzrə “Qarabağ düzü ağır gilli şoranların yuyulmasında torpaqların fiziki-kimyəvi xassələrinin dəyişməsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

1975-ci ildən 1987-ci ilə qədər institutun Torpaqların Rekultivasiyası laboratoriyasında baş elmi işçi kimi çalışmış, 1987-ci ilin iyun ayından 1995-ci ilin sentyabrına qədər isə laboratoriya rəhbəri vəzifəsini icra etmişdir. Laboratoriyanın tədqiqat sahələri ilə yanaşı, Azərbaycanda texnogen pozulmuş torpaqların inventarizasiyası və rekultivasiya üsulları ilə bağlı geniş iş aparmışdır.

Onun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində sahəsi 15 min hektardan çox olan texnogen pozulmuş və neftlə çirklənmiş torpaqların xəritəsi hazırlanmış və Kənd Təsərrüfatı Nazirliyinin “Yerqurlayihə” İnstitutuna təqdim edilmişdir. Bu materiallar 2000-ci ilə qədər Azərbaycanda torpaq ehtiyatlarının qorunması və rasional istifadəsi üçün tərtib olunan baş sxemdə istifadə edilmişdir. Bu əsasda V.Əhmədovun üç tətbiq işi mövcuddur.

1997-ci ildən Torpaqların Rekultivasiyası laboratoriyasının rəhbəri kimi fəaliyyətini davam etdirmişdir. “Azərbaycan torpaqlarının rekultivasiyasının ekoloji əsasları” mövzusunda doktorluq dissertasiyası üzərində işləmiş və onu tamamlamışdır. Lakin vaxtsız vəfatı doktorluq müdafiəsinə imkan verməmişdir.

Vəzir Albaba oğlu Əhmədov 2 noyabr 2016-cı ildə vəfat etmişdir. Ömrü boyu 55 elmi əsərin, 31 məqalənin, 23 tezisin və 1 xəritənin müəllifi olmuşdur. Xaricdə 4 məqaləsi və 6 tezisi dərc edilmişdir.

Azərbaycan torpaqşünaslıq elminə böyük töhfələr vermiş alimlərdən biri kimi yadda qalmışdır.

Sevdimalıyev Ramiz Məmmədəli oğlu 14 dekabr 1957-ci ildə Ermənistan SSR Krasnoselo (Çəmbərək) rayonunun Çaykənd kəndində ziyalı ailəsində anadan olub.

1974-cü ildə Bala Əfəndiyev adına Çaykənd orta məktəbini bitirib, 1974-1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsində ali təhsil alıb. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətə başlayıb, 1981-1985-ci illərdə SSRİ Elmlər Akademiyasında aspiranturanın əyani şöbəsində təhsilini davam etdirib.

1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Biofizika” ixtisası üzrə “Bitkilərin II fotosistemində işıq enerjisinin çevrilməsinin ilkin proseslərində maqnit spin effekti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2009-cu ildə AMEA Fəlsəfə İnstitutu nəzdində yaradılmış müdafiə şurasında Beynəlxalq münasibətlər ixtisası üzrə “Beynəlxalq terrorizm müasir dövrün qlobal problemi kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər doktoru alimlik dərəcəsi alıb.

Hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının professorudur. Azərbaycan, İsveç, Rusiya, Türkiyə, Polşa və Ukraynada nəşr edilən nüfuzlu elmi jurnallarda çap olunmuş 100-dən artıq elmi əsərin müəllifidir.

O, rus dilində aşağıdakı monoqrafiyaların müəllifidir:

“Beynəlxalq terrorizm müasir dövrün qlobal problemidir” (Международный терроризм — глобальная проблема современности, Bakı: “Elmlər”, 2004, 312 s.)

“Beynəlxalq terrorizm və onunla mübarizənin siyasi-hüquqi problemləri” (Международный терроризм и политико-правовые проблемы борьбы с ним, Bakı: “INDIGO”, 2011, 504 s.)

Azərbaycan dilində Emin Sevdimalıyevin həmmüəllifliyi ilə “İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” (Bakı, “Afpoliqraf”, 2023, 320 s.)

Bundan əlavə, Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XXI əsrlər. Müxtəsər xronoloji ensiklopediya” (Bakı, 2002; 2003; 2013) kitabının tərtibatçılarından biridir.

Elmi redaktorluğu ilə ingilis dilində “Tarixi faktlar erməni miflərinə qarşı” (Historical Facts vs The Armenian Myths, Bakı, “Apostrof“ Publishing House, 2010, 31 s.) nəşr edilib və CD formatında xarici ölkələrdə yayılıb.

2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyasi elmlər üzrə Ekspert Komissiyasının üzvüdür. 2014-cü ildən AMEA nəzdində fəaliyyət göstərən ictimai elmlər üzrə Problem Şurasının üzvüdür.

Deportasiya olunmuş Qərbi Azərbaycanlıların hüquqlarının bərpası, Ermənistan-Azərbaycan müharibəsinin həlli və Ermənistanın işğalçılıq siyasəti, Ermənistanın dövlət terrorizmi siyasətinin mahiyyəti və digər aktual problemlərlə bağlı çıxışlar edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə elmin inkişafındakı xidmətlərinə görə “TƏRƏQQİ” medalı ilə təltif edilib.

Çaykəndin alimləri

AzEdu.az 

Təhsil Portalının direktoru, araşdırmaçı jurnalist Tünzalə Abbasova