“Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbli Zəhra Salmanlıya hədiyyə göndərdi
AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi
Hikmət Hacıyev: Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir

Qarabağ abidələrinin tanıdılması məqsədilə Milli Kitabxana əməkdaşları tərəfindən “Qarabağ abidələri” adlı virtual sərgi hazırlanıb.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri, xəritələr, fotolar, tarixi-memarlıq abidələri və onlar haqqında məlumatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linkindən istifadə edə bilərlər.

Qarabağ abidələri təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin “arxivi”, səhifələridir. Qarabağ abidələrinin bugünkü taleyinə gəldikdə XX əsrin sonlarında Ermənistanın törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə Azərbaycanın Qarabağ bölgəsində maddi mədəniyyət abidələrinin taleyini təhlükə altında qoyub. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmayıb. Davam edən vandalizm Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu məhv edib. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın ediblər. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən siliblər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər. Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.

Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas edib. Müzəffər Ordumuz tarix səhifələrimizi qaralamağa, silməyə, saxtalaşdırmağa, təməlini laxlatmağa çalışanlara layiqli dərs verərək yerinə otuzdurub. Prezidentimiz İlham Əliyevin Qarabağ bölgəsinə ilk səfəri zamanı bildirib ki, bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, eləcə də 2022-ci ili “Şuşa İli” elan bütün bu işlərin göstəricisidir.

AZƏRTAC