Qarabağda rusiyalı və azərbaycanlı deputatların iştirakı ilə beynəlxalq konfrans keçirilib

Almaniyada “Azərbaycan sülh və ədalət istəyir” şüarı altında aksiya keçirilib
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
BORÇALI SÖHBƏTLƏRİ: “Borçalı türkləri: diasporadan soydaşlığa”
Maksim Şevçenko: “Ermənistandakı hərbi çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb”

Bu gün Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə, konfransda çıxış edən Rusiyadan hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycan və Rusiya münasibətləri heç vaxt üçüncü ölkənin əleyhinə yönəlməyib.

Ekspert bildirib ki, bu regionda qarışıqlığın olmaması üçün ABŞ-ı, NATO-nu burada görmək istəmirlər: “Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya maraqlıdır ki, Ermənistan və Azərbaycan arasında sülh olsun, regionda xalqlar sülh içində yaşasın. Təbii ki, işğal altındakı rayonların Azərbaycana qaytarılması vacibdir. Bu, iqtisadi əməkdaşlığa təkan verəcək”.

Rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko konfransın yeniliyə yol açdığını vurğulayıb: “Çox təəssüf ki, Rusiya KİV-i qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını bizdən ayırırlar. Müasir dövrdə millətlər arasında mədəni qarşıdurma müharibənin bir vasitəsidir. Ermənistanda hərbi çevriliş baş verib və bu çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb”.

M. Şevçenko  Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda keçmiş prezident Mixeil Saakaşvilinin yenidən hakimiyyətə qayıtması ehtimalına toxunub və bunu Rusiya və Azərbaycan üçün ciddi təhlükə kimi qiymətləndirib: “Rusiyada Azərbaycan mədəniyyətini təbliğ etmək lazımdır. Nizami Gəncəvi, Azərbaycan incəsənəti haqqında təbliğat aparılmalıdır”.

Azərbaycan Milli Məclisinin deputatı, Dağlıq Qarabağın Azərbaycan İcması İdarə heyətinin üzvü Elman Məmmədov çıxışında  özünün Dağlıq Qarabağdan olduğunu, soyqırım törədilən Xocalı qəsəbəsinin o vaxtkı icra başçısı olmasını xatırladıb: “Mən o soyqırıma məruz qalan insanların nümayəndəsiyəm. Biz işğala, soyqırıma məruz qalmışıq. Azərbaycanlılar sülh tərəfdarıdır. Amma bizim Rusiyadan da gözləntilərimiz var. Məsələn, gizli deyil ki, Cənubi Qafqazda bu gün də Rusiyanın təsiri güclüdür. İndi Ermənistanın faktiki işğalçılıq siyasətinə qarşı da biz Rusiyadan ədalətli mövqe gözləyirik. Biz demirik ki Rusiya birmənalı bizi müdafiə etsin. Biz deyirik ki, Rusiya mehriban qonşu və ATƏT Minsk Qrupunun üzvü kimi ədalətin yanında olsun”.

Deputatlar Mixail Zabelin, Fazil Mustafa və digərləri mövzu ilə bağlı çıxış ediblər.

Bununla da konfrans başa çatıb.

***

saat 14.15

Azərbaycanda səfərdə olan Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin də iştirakı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı konfrans keçirilir.

APA-nın məlumatına görə, konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur.

Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov,  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edirlər.

Konfransda çıxış edən Ə. Hüseynli konfransın keçirildiyi Cocuq Mərcanlı kəndinin iki il əvvəl Azərbaycan ordusunun uğurlu əməliyyatı ilə Ermənistanın işğalından azad olunmasını xatırladıb, işğaldan sonra dövlət başçısının xüsusi diqqəti ilə burada aparılan köklü yenidənqurma işlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. İlk dəfə Moskvada keçirilən konfransın növbəti dəfə Azərbaycanda, məhz bu kənddə keçirildiyini qeyd edən Ə. Hüseynli bildirib ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər də onun nümunəsidir.

A. Duqin isə deyib ki, Rusiyanın Ermənistanla münasibətləri heç vaxt Azərbaycan əleyhinə yönəlməyib: “Azərbaycanın rolu Rusiyanın strateji planlarında yüksəlir. Bunu diqqətdə saxlamaq lazımdır. Avrasiya ideyası türklərin və slavyanların alyansı ideyasıdır. Avrasiya siyasətini türklərsiz və slavyanlarsız qurmaq qətiyyən mümkün deyil. Biz Azərbaycanı Avrasiya siyasətində görmək görmək istəyirik”.

Konfrans davam edir.

***

saat 11.51

Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

APA-nın məlumatına görə, bu gün Rusiya nümayəndə heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edir.

Səfərdə məqsəd rusiyalı və azərbaycanlı ekspert və deputatların iştirakı ilə “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransın keçirilməsidir.

Konfransın təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması və Rusiyadakı Azərbaycan İcması və Ekspertlər Klubudur. Tədbirdə Rusiya tərəfdən Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov,  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksadr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, Milli müdafiə jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov, , Azərbaycan tərəfdən Azərbaycan-Rusiya parlamentlərarası İşçi qrupunun rəhbəri, deputat Əli Hüseynli, Azərbaycandakı Rusiya icmasının rəhbəri, deputat Mixail Zabelin, deputat Elman Məmmədov, deputat Fazil Mustafa iştirak edəcəklər.