Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib

Ötən il azad edilmiş ərazilərin minalardan təmizlənməsinə ayrılmış vəsait açıqlanıb
Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib
Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılması prosesini şərh edib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Afrika turnesindən qayıdan zaman danışıb.

“Ermənistan xüsusi nümayəndələrin təyin edilməsi ilə başlayan prosesi davam etdirməkdə qətiyyətli olarsa, biz sərhədləri qapalı saxlamarıq”, – Prezident vurğulayıb.

Onun sözlərinə görə, Almaniya Prezident Frank-Valter Ştaynmayerlə Seneqalda keçirdiyi görüşdə də bu mövzu gündəmdə olub: “Bilirsiniz, mən onsuz da Ermənistanın atacağı müsbət addımlara eyni şəkildə qarşılıq verəcəyimizi söyləmişdim. Bu bölgənin sülh, sabitlik və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmiz ilə Ermənistan arasında da normallaşma prosesi başlatmaq üçün səmimi cəhdlər edirik.

Azərbaycan Prezidenti İlham Əliyev qardaşım da bunu faydalı hesab edir. Ermənistanın bizimlə normallaşma prosesində nümayiş etdiyi iradədən məmnunuq. Bu prosesi davam etmək üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində konkret gözləntiləri olduğunu bilirik.

Bəşəri münasibətlərin güclənməsi üçün aramızdakı birbaşa uçuşların yenidən başlaması qərarını verdik. Ermənistandan da müsbət yanaşmanın davamını gözləyirik. 3+3 platforması təklifini irəli sürməkdə məqsədimiz həm də Türkiyə-Ermənistan arasındakı bu problemləri aradan qaldırmaqdır. Biz bu platformanı yaratmaqdan yanayıq. Təbii ki, bütün bunlar boşluqda olmur. Bu mənada Azərbaycan-Ermənistan münasibətləri ilə Türkiyə-Ermənistan normallaşma prosesi bir-birini dəstəkləyərək inkişaf edə bilər. Çünki regional əməkdaşlıq bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu ikitərəfli proseslərdən faydalanacaq”.

Report