Xocalı faciəsindən 30 il ötür…

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
Çin Beynəlxalq İdxal Sərgisində 57,8 milyard dollarlıq razılaşmalar əldə olunub
500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı

Bu günlərdə Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü qeyd edilir.

 Otuz il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ erməni separatçılarının qeyri-qanuni silahlı birləşməsi, Rusiyanın Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşmiş Xocalı şəhərini mühasirəyə alaraq, mülki Azərbaycan əhalisinə qarşı soyqırımı həyata keçirmişdi, şəhərin özünü isə yandıraraq məhv etmişdi.

Əvvəlcədən düşünülmüş və planlaşdırılmış hücum gecə vaxtı insanların yatdığı vaxtda xüsusi qəddarlıqla həyata keçirildi. Belə ki, həmin hücum zamanı cəmi bir neçə saat ərzində şəhər əhalisinə qarşı etnik zəmində tarixdə ən müdhiş və dəhşətli cinayətlər törədildi və misli görünməmiş divan tutuldu: 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 1275 nəfər dinc sakin girov götürülmüş, onlardan 150 nəfərinin taleyi indi də məlum deyil. Xocalı faciəsinin qurbanlarından 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirildi: onlar diri-diri yandırılmış, başları kəsilmiş, qafiyə nayihələrinin və üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmış, meyitlər təhqir edilmişdi.

Xüsusilə vurğulamaq lazımdır ki, hücum zamanı qısa bir müddətdə insanların kütləvi şəkildə xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirliməsi, onların diri-diri yandırılması, başlarının kəsilməsi, qafiyə nayihələrinin və üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarın nahiyələrinin yarılması, meyitlərin təhqir edilməsi beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlər hesab edilir. Odur ki, Ermənistan siyasi-hərbi rəhbərliyinin planlaşdırdığı və həyata keçirdiyi bu qanlı cinayətlər müharibə cinayətləri və soyqırım cinayətləri olmaqla bərabər, həm də insanlıq əleyhinə cinayətlər idi və bu cinayətlərin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır. Bu cinayətlərin törədilməsinə görə Ermənistan tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşıyır.

Xocalı faciəsinin dünya ictimaiyyəti tərəfindən soyqırım cinayətləri kimi tanınması gələcəkdə oxşar faciələrin baş verməsinin qarşısının alınması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan dövləti, Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatlar, dünya ölkələrinin parlamentləri tərəfindən Xocalı soyqırımına dair qərar və qətnamələrin qəbul edilməsi istiqamətində səylər göstərir və bu istiqamətdə bir sıra konkret nəticələr əldə edilib. Belə sənədlərin qəbulu tarixi həqiqətlərin bərpa edilməsi, erməni cinayətkarlarının əsl üzünün dünya ictimaiyyəti tərəfindən tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması, o cümlədən mənəvi baxımdan vacib əhəmiyyət kəsb edir.

Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması üçün Azərbaycan hakimiyyəti genişmiqyaslı işlər görür. Dünya xalqlarının azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə dünyanın bir çox şəhərlərində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmışdır.

Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən uğurla həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusilə qeyd edilməlidir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, bu faciə ilə bağlı həqiqətlərin, Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasətin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında genişmiqyaslı işlər görülmüşdür və bu işlər hazırda da uğurla davam etdirilir. Bu səylər nəticəsində dünyanın ondan artıq ölkəsinin parlamentləri, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanları Xocalı soyqırımını rəsmən tanımışlar. Bundan əlavə, İslam Əməkdalıq Təşkilatı Xocalı faciəsini soyqırım cinayətləri kimi tanıyıb.

Lakin bir sıra dünya ölkələrinin parlamentlərinin və beynəlxalq təşkilatların Xocalı faciəsinə dair qəbul etdikləri sənədlər siyasi nöqteyi-nəzərdən vacib olsa da, bu qanlı aksiyanı həyata keçirənlərin beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsi üçün kifayət etmir. Belə ki, beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentləri tərəfindən sənədlərin qəbulu ilə bu cinayətləri törədənlər öz cəzalarına çatmış olmurlar və hər hansı ölkənin parlamentinin qəbul etmiş olduğu sənəd cinayətkarların ədalət qarşısında cəzalandırılması ilə nəticələnmir. Odur ki, törədilmiş cinayət əməlləri özünün beynəlxalq-hüquqi qiymətini almamış qalır. Məhz buna görə Prezident İlham Əliyev 18 sentyabr 2013-cü ildə Xocalı soyqırımını törədənlər və onların havadarları haqqında demişdi: “1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri – bütün bunlar həqiqətdir və reallıqdır”. 

Çox maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il 20 fevralda öz fesbuk  səhifəsində Xocalı soyqırımının törədilməsində ermənilərin təqsirkar olmadığını, cinayətin baiskarının yalnız ruslar olduğunu iddia edərək yazmışdı ki, “Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən qırğınların ermənilər və azərbaycanlılarla heç bir əlaqəsi yoxdur. Bu, Rusiyanın 336-cı polku tərəfindən törədilmişdir. Bu faciə ilə bağlı bizim heç bir təqsirimiz yoxdur”. Görünən odur ki, Ermənistanın Baş naziri növbəti riyakarlığa və saxtakarlığa yol verərək, Ermənistanın törədilmiş cinayətlərə görə beynəlxalq-hüquqi məsuliyyətini ört-basdır eləməyə, Xocalı dinc sakinlərinə qarşı qeyri-insani qanlı cinayətlər törətmiş erməni canilərini beynəlxalq ədalət mühakiməsindən yayındırmağa çalışır.

Buna baxmayaraq qeyd etməliyik ki, hazırda Xocalı soyqırımı törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün tarixi şərait yaranıb. Belə ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində beynəlxalq hüququn bölgədə pozulmuş normalarını bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin müddəalarını həyata keçirdi və Azərbaycan ərazilərini işğaldan azad etdi. Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri xalqımıza qarşı qanlı cinayətlər törətmiş Köçəryan və Sarkisyanın yaratdığı ordunu darmadağın etdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev postmüharibə dövründə ölkəmizin nailiyyətlərini siyasi-diplomatik müstəvidə davam etdirir. İnanıram ki, biz beynəlxal-hüquqi müstəvidə də Azərbaycanın qələbələrinin sevincini yaşayacağıq və Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş erməni cəlladlarının məsuliyyətə cəlb edilərək mühakimə edilmələrinin də şahidi olacağıq.

Elxan Süleymanov,

AVCİYA prezidenti