Ramiz Sevdimalıyev : Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış

Aqil Şahmuradov: Uzaq, yaxın Argentina
“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili
Məhərrəm Zülfüqarlı: “Fransa istəmir ki, Qarabağda ədalət bərpa olunsun”
Terrorizm – təkcə siyasi, sosial və ya dini etiraz forması və üsulu deyil, həmçinin geosiyasi rəqabətin və deməli həm də daim böyük siyasətin aləti olub.
Terror təşkilatlarının əksəriyyəti dünyanın müxtəlif regionlarında aparıcı dövlətlər arasında geosiyasi qarşıdurmanın gücləndiyi dövrlərdə meydana gəlib və onların vasitəsilə hadisələrin gedişatına dolayısı ilə təsir göstərmək, həmçinin cari vəziyyətdə bu və ya digər ölkədə və ya regionda “milli məsələ”dən istifadə edərək manipulyasiya etmək məqsədi güdürdü. Eyni zamanda mübarizənin terror formalarından istifadə edərək müharibənin gizli aparılması onların hərbi-siyasi strategiyalarının əsası olur.
Ərazisinin əlverişli geostrateji mövqeyinə görə həmişə bir çox dövlətlərin diqqət mərkəzində olan Osmanlı dövləti XVIII-XIX yüzilliklərin hüdudunda zəifləməyə başlayır. Çar Rusiyası, Fransa, İngiltərə, Avstriya və İtaliyanın Osmanlı dövlətinin zəiflədilməsi və devrilməsinə yönəldilmiş ekspansionist siyasəti bu dövrdə daha çox güclənmişdi. Bu dövlətlər Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirmək və Aralıq dənizinə azad giriş əldə etmək üçün mübarizədə daim “milli məsələ” adlandırılan kartdan istifadə edir, etnik azlıqların nümayəndələriylə, əsasən də etnik ermənilərlə birbaşa əlaqə qurur, çoxsaylı terror təşkilatlarının yaradılması üçün onlara mənəvi, maliyyə və maddi dəstək göstərirdilər. XIX əsrin ikinci yarısında aparıcı dövlətlərin məhz belə siyasəti terrorizmin xüsusi növünün formalaşmasına gətirib çıxardı. Təcavüzkar separatizmə və milli dözümsüzlüyə əsaslanan erməni terrorizmi bunun parlaq nümunəsidir. Terror fəaliyyətinin müasir təcrübəsində terrorizmin geniş yayılmış bu növü etnik təmizləmə, kütləvi talanlar və çoxsaylı insan tələfatları ilə müşayiət olunan sonsuz qəddarlığı ilə səciyyələnir. O xüsusi dağıdıcı gücə malikdir, cəmiyyətdə sosial gərginliyi artırmaq, milli düşmənçiliyi qızışdırmaq və dövlətin dağıdılmasına gətirib çıxartmaq iqtidarındadır. Təbii ki, bu dövlətlərin hər biri öz geosiyasi və ekspansionist məqsədlərini güdürdü və müvafiq olaraq Osmanlı dövlətini zəiflətmək cəhdi bir neçə istiqamətdə həyata keçirilirdi.
Bununla əlaqədar, erməni terrorizminin böyük dövlətlərin siyasətinin amili kimi yaranma səbəbini və tarixini anlamaq üçün, ilk növbədə çar Rusiyasının geostrateji məqsədlərinin həyata keçirilməsinə yönəldilmiş  ekspansionist siyasətinə diqqəti yönəltmək lazımdır — Osmanlı dövlətinin devrilməsi və Bosfor boğazı üzərində hökmranlığın qurulmasının reallaşdırılmasında ermənilərdən dəfələrlə alət kimi istifadə olunub.
Məlum olduğu kimi, 1813-cü ildə Rusiya və İran arasında Gülüstan müqaviləsinin bağlanmasından sonra tarixi Azərbaycan əraziləri təxminən keçmiş İran-sovet sərhədinə qədər Rusiyanın tərkibinə keçdi. Sonra, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın qalan əraziləri — İrəvan və Naxçıvan xanlıqları — çar Rusiyasına verildi. Qeyd etmək lazımdır ki, bu dövrdə ilk dəfə silahlı erməni dəstələri döyüşlərdə iştirak edir və ruslar dərhal anlayırlar ki, gələcəkdə hansı məqsədlərlə ermənilərdən istifadə edə bilərlər.
Göstərilən müqavilələrin imzalanmasının faciəli nəticəsi Azərbaycan xalqının bölünməsi və tarixi Azərbaycan torpaqlarının parçalanması, qondarma “erməni məsələsi”nin siyasi gündəliyə gətirilməsi, həmçinin Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsi oldu. Məhz bu andan ermənilərin Cənubi Qafqazın müxtəlif ərazilərinə kütləvi köçürülməsi başlandı və çar Rusiyasının dəstəyilə onlar yerli Azərbaycan əhalisini sıxışdırmağa başladılar. 1828-1829-cu illərdə tarixi Azərbaycan torpaqlarına Yaxın Şərq ölkələrindən 130 min, daha sonra 600 min erməni köçürülmüşdü. Rus alimi N.İ.Şavrova görə, XIX əsr ərzində tarixi Azərbaycan ərazilərinə köçürülmüş etnik ermənilərin ümumi sayı bir milyondan çox idi. Hərçənd İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşmış ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil edirdilər, 1828-ci il martın 21-də Rus çarı I Nikolayın fərmanına əsasən Naxçıvan və İrəvan xanlıqları ləğv edildi. Onların yerində 1849-cu ildən İrəvan quberniyası adlandırılan “erməni vilayəti” adı ilə yeni inzibati ərazi vahidi yaradılmışdı. Əslində belə süni ərazi bölgüsü ilə etnik təmizləmə və separatizm siyasətinin gələcəkdə reallaşması üçün ilkin şərtlər yaradılmışdı. Son 200 il ərzində əvvəlcə çar Rusiyası, sonra Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda keçirilən siyasət nəticəsində, azərbaycanlılar öz tarixi torpaqlarında doğma yurdlarından zorakı köçürülmənin qurbanı olublar.
Digər tərəfdən, XVIII-XIX əsrlərin hüdudunda Amerika Birləşmiş Ştatları hökumətinin Aralıq dənizində ticarət və hərbi ekspansiyası başlanır ki, bu da paralel olaraq ideoloji nüfuzetməylə həyata keçirilir — Amerikanın protestant missionerləri Osmanlı dövlətinin nəzarəti altında olan xristianlığın Müqəddəs Torpağını fəth etməyi qarşılarına məqsəd qoyurlar. Missionerlər iqtisadi, siyasi və hərbi kəşfiyyat aparırlar. Onlar geniş miqyasda pro-amerikan təbliğatı aparır, idarətmə dairələrilə sıx əlaqə qurmağa çalışır və yerli agenturanın hazırlığına çox diqqət ayırırdılar. Hərçənd missionerlər formal olaraq hökumətlə əlaqəsiz, müstəqil hərəkət edirdilər, əslində onlar həmişə dövlətin fəal dəstəyindən istifadə edirdilər. Amerika missioner şəbəkəsi Şərqdə planlı və ətraflı düşünülərək yaradılırdı. 1810-cu ildə Bostonda (Massaçusets ştatı) “xarici missiyaların fəaliyyətini idarə edən Amerika bürosu” yaradılmışdı. Nizamnaməsi 1812-ci ildə ştatın ali məhkəməsi tərəfindən təsdiq edilmiş bu büro xaricdə, əsasən Şərqdə missioner fəaliyyətinin təşkili mərkəzi olmuşdu. Bu aksiya, xeyriyyə tədbiri kimi nəzərdə tutulsada, Rusiya, Fransa və İngiltərənin maraqlarına çox uyğun gəlirdi. Təbii ki, nə müsəlman, nə yəhudi, nə xristianlığın müxtəlif istiqamətlərinin nümayəndələri protestantlığı qəbul etmədi. 1821-ci ildə bir qrup Amerika missioneri Yerusəlimdəki uğursuz cəhddən sonra Beyrutda (Livan) məskən saldılar və orada müvəffəqiyyət qazandılar — iki etnik erməni, Qriqori Vartapet və Karapet Dionisi, protestantlığı qəbul etdilər. Bundan sonra Amerika missionerləri Osmanlı dövlətinin başqa ərazilərində öz müvəffəqiyyətlərini inkişaf etdirməyə başladılar. Onlar İstambulda, sonradan Bursa, Trabzon, Van, Bitlis, Konya, Ərzurum, Maraş və Mardində mənzil-qərargahlarını açdılar. N.A.Xalfinin məlumatına görə, XIX əsrin 80-ci illərində Türkiyədə 45 “əsas” və 254 “ikinci dərəcəli” Amerika missioner məntəqəsi, 98 kilsə və 129 missioner vardı. N.A.Xalfin, rus səyyahı Putyataya istinad edərək, yazır ki, “hələ 1845-ci ildə Kiçik Asiyada cəmi 34 missioner-protestant, yerlilərdən 12 köməkçi, hər iki cinsdən 135 şagirdi olan 7 məktəb mövcud idisə, 1890-cı ildə 177 missioner, 791 köməkçi, 117 kilsə, 11709 erməni-protestant, 464 ibtidai məktəb, 26 ali kişi məktəbi, 16990 şagirdi olan 18 qadın məktəbi və 5 kollec vardı… Beləliklə, protestantların ümumi sayı 28667 nəfərə çatırdı… Gələcəkdə protestant təbliğatının səylə tərəqqisi gözlənilir”.
Erməni ruhaniləri ermənilər arasında Amerika protestant missionerlərinin müvəffəqiyyətlərindən narahat olaraq , 1839-cu ildə bu missionerlərdən qurtulmaq və dönükləri qaytarmağa cəhd etdilər. Erməni kilsəsi tərəddüd etmədən güc tətbiq edirdi. E.Fayqlın istinad etdiyi Vilyam E.Stronqun söylədiklərinə görə, “erməni-amerikan protestant təqibi” adlandırılan bu aksiya zamanı “məktəblər yandırılmış, həbslər edilmiş və terror yayılmışdı”. Müasir beynəlxalq terrorizmin ən yaxşı ənənələrində yerinə yetirilmiş bu aksiya çar Rusiyası tərəfindən start verilən erməni faciəsinin davamı oldu və bir çox xalqlara, ilk növbədə türk və Azərbaycan xalqlarına və təbii erməni xalqına da saysız-hesabsız qurbanlar gətirdi.
Qeyd edək ki, bu hadisələrdən dərhal sonra böyük dövlətlər, ilk növbədə İngiltərə, erməni protestantlarına yardım göstərməyə cəhd etdi, çünki, vəziyyət müdaxilə üçün əlverişli görünürdü. Protestant kilsəsinin yaradılmasından sonra Osmanlı dövlətinin erməniləri uğrunda mübarizə daha amansız xarakter aldı. Bu onunla izah olunurdu ki, birincisi, Osmanlı imperiyasında erməni qriqorian kilsəsi tarixən mövcud idi, ikincisi, 1850-ci ildən erməni protestant kilsəsi rəsmi status aldı və üçüncüsü, erməni katolik kilsəsi də fəaliyyət göstərirdi. Əgər erməni-protestantlar, Amerika missionerlərilə yanaşı, İngiltərə himayə edirdisə, Fransa erməni katolisizminin “müdafiəçisi”rolunda çıxış edirdi.
Beləliklə, Rusiya cənub dənizlərinə çıxmaq, İngiltərənin Hindistana yolunu kəsmək üçün ermənilərdən istifadə edirdi. İngiltərə Rusiyanı və Fransanı geridə qoyaraq Hindistana həyat yolunun müdafiəsində protestant-ermənilərdən istifadə edirdi. Fransızlara katolik-ermənilər Yaxın Şərqdə şəxsi maraqları üçün lazım idi. Bütün bu dövlətlər, xaçpərəstlərin dini haqlarının və missionerlərinin işinin müdafiəsi bəhanəsi ilə, əslində Osmanlı ərazisinin bir hissəsini tutmağa çalışırdılar. Eyni zamanda böyük dövlətlərin cəhdləri erməni liderləri tərəfindən siyasi hədəflərinin reallaşdırılması üçün istifadə edilirdi. Bu vəziyyət və daha sonrakı tarixi hadisələr rus-türk müharibələri zamanından Birinci dünya müharibəsinin sonuna qədər erməni ekstremizminin və dözümsüzlüyünün mənşəyi üçün əsas oldu. Nəticədə Rusiyanın, İngiltərə və Fransanın müəyyən dairələri tərəfindən qızışdırılan, real tarixi faktları rədd edib, daha amansız metodlara— terrora əl atan sui-qəsdçi qrupları yarandı, inqilabçılar, kilsə xadimləri və ziyalıların nümayəndələri meydana çıxdı. Bunun nəticəsi kimi,  XIX-XX əsrlərin hüdudunda yaranmış bütün erməni partiyaları,”Armenakan”, “Qnçak”, “Daşnaksütyun” siyasi mübarizə vasitəsi kimi terroru seçdilər. Erməni terror təşkilatları tərəfindən törədilmiş qanlı aksiyalar xüsusi qəddarlıq və kəskinliyilə fərqlənirdi və bir qayda olaraq bütöv yaşayış məskənlərinin, mədəni və dini abidələrin məhv edilməsi, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhalinin kütləvi qətllərilə müşayiət olunurdu.
Formalaşdığı andan etibarən erməni terrorizminə aşağıda göstərdiyimiz bir sıra xüsusiyyətlər məxsusdur.
Birinci, hesab edilir ki, beynəlxalq terrorizmin yaranması və terror qruplaşmalarının mütəşəkkil xarakter alması XX əsrin qüsurlarından və faciəli səhifələrindən biridir. Lakin erməni terrorizmi beynəlxalq terrorizm kimi XIX əsrdə meydana gəlmişdi və yarandığı andan artıq mütəşəkkil, sistematik, planlı xarakterə malik idi.
1885-ci ildə birinci erməni siyasi partiyası “Armenakan” yaradılmışdı. Partiyanın üzvləri Osmanlı dövlətindən və Avropa ölkələri ilə yanaşı, Rusiya və İran ərazilərində də fəaliyyət göstərirdilər. Onun rəhbəri Marselə (Fransa) mühacirət etmiş M.Portakalyan olub və orada silah alınması üçün pul toplanması ilə məşğul olan “erməni vətənpərvərlik cəmiyyətini” təşkil edib. Alınmış müasir silahlar Vanda və onun ətraflarında yaşayan ermənilər üçün nəzərdə tutulurdu. Orada onlara diversiya-terror müharibəsinin aparılması sənətini öyrədirdilər və “dost dövlətlərin göstərdiyi dəstəyə arxalanaraq ümumi üsyana” hazırlayırdılar.
1886-cı ildə Cenevrədə Nazarbekyan tərəfindən yaradılmış “Qnçak” (“Zəng”) partiyası Osmanlı dövlətinə qarşı mübarizənin əsas metodunun terror olduğunu bəyan etmişdi. Bu partiyanın proqramının 4-cü bəndində göstərilirdi: ” nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün, inqilabçı hökumət aşağıdakı metodlara müraciət etməlidir: təbliğat, təşviqat, terror, təxribatçı təşkilatların yaradılması, fəhlə-kəndli hərəkatının inkişafı… Təşviqat və terror insanların daha güclü və cəsarətli yetişməsinə xidmət etməlidir və s.”.
Başqa siyasi təşkilat —Erməni İnqilabi Federasiyası Daşnaksütyun (EİFD) 1890-cı ildə Tiflisdə yaradılmışdı. “Daşnaksütyun”un mərkəzi çap orqanı “Droşak” (“Bayraq”) qəzeti 1891-ci ildən 1930-cu ilə qədər Cenevrədə çap edilib. Digər erməni siyasi partiyaları kimi “Daşnaksütyun”da öz fəaliyyətinin başlanğıcından, bu təşkilatın ideoloqlarının “Böyük Ermənistan” adlandırdığı “dənizdən dənizə kimi vahid, müstəqil Ermənistan ” yaradılması üçün türk dövlət, siyasi və ictimai xadimlərinə qarşı mübarizənin əsas forması olaraq terroru qəbul edirdilər. “Daşnaksütyun” qısa müddət ərzində Cənubi Qafqaz şəhərlərində, İranda, Türkiyədə və Avropa ölkələrində çoxsaylı özəklərini yaratdı. İranda və başqa ölkələrdə bir çox dövlətlərin ərazisində çoxsaylı terror aksiyalarını yerinə yetirmiş döyüşçülərin bazaları yaradılmışdı. EİF “Daşnaksutyun” öz fəaliyyətində insanları silahlandırmaq üçün istənilən vasitələrə əl atır, toqquşmalar təşkil edir, hökumət məmurlarını və informatorları qorxudur, dövlət idarələrini qarət edir və dağıdırdı və s. “Daşnaksütyun” liderlərindən biri, sovet Rusiyasına birləşənə qədər bir müddət erməni dövlətinin baş naziri olmuş Saymon Vratzyan yazırdı ki, EİF “Daşnaksütyun”1891-ci il proqramına əsasən, “inqilabçı yolla məqsədlərinə nail olmaq üçün silahlı dəstələr təşkil edir, onlar isə, hökumətə [Osmanlı] qarşı fasiləsiz mübarizə aparırdılar”. Erməni müəllifi A.Ter-Minasyan iddia edirdi ki, ” XX əsrdə erməni fədailərinin hərəkatı İrandan Əlcəzairə qədər müsəlman dünyasında azadlıq mübarizəsinin xəbərçisi oldu”.
“Daşnaksütyun” yarandığı andan əsas fəaliyyət üsulu kimi terror metodlarını seçib. “Daşnaksütyun”un tarixçilərindən biri Mikayıl Varandyanın K.S.Papazyana istinad edərək yazdığı kimi, ” Rusiya xalqçıları və italyankarbonariləri daxil olmaqla bəlkə heç vaxt “Daşnaksütyun” kimi terror aktlarının həyata keçirilməsi sahəsində belə zəngin təcrübəyə malik  inqilabçı partiya olmayıb, hansı ki, çətin şəraitdə ən amansız terrorçular, həmçinin qisas almaq üçün tapança, bomba və xəncərdən istifadə edən yüzlərlə peşəkar hazırlayıb “. Başqa erməni müəllifi Sarkis Atamyan iddia edirdi ki, “Daşnaksütyun” üçün “terrorizm populist və daşnakların gizli təşkilatının, Qərb anlayışında müharibəylə müqayisə edilə bilən cəsarət aktı oldu “.
Göründüyü kimi, bütün erməni siyasi partiyaları müxtəlif ölkələrdə yaradılırdı, bütün bu partiyalar terroru məqsədlərinə nail olmaq üçün effektiv metod hesab edirdi. Bu partiyaların fəaliyyətinin maliyyələşdirilməsi, daha əvvəl qeyd edildiyi kimi, bir qayda olaraq, təhdidlər və qorxutma (“könüllü ianə”) yolu ilə pul yığılması hesabına həyata keçirilirdi. Bu terror təşkilatlarının döyüş dəstələri və fəalları üçün silah, faktiki olaraq, dünyanın bir çox ölkələrində “könüllü ianə”lərin pulu ilə alınırdı. “Erməni ərazilərinin” zorakı genişlənməsini dəstəkləyən terror təşkilatlarının əlində itaətkar alət olan ermənilərin düşüncələri üzərində bütün bu təşkilatlar daha böyük hakimiyyət əldə etmək uğrunda öz aralarında gizli mübarizə aparırdılar.
Osmanlı dövlətinin ərazisində terror aktları və kütləvi talanlar yalnız Osmanlı təbəələri tərəfindən deyil, həm də başqa dövlətlərin, xüsusilə çar Rusiyası və İran vətəndaşları tərəfindən törədilirdi, başqa sözlə desək, ermənilərin cinayətkar aksiyaları transsərhəd xarakteri daşıyırdı. Belə ki, Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Qarabağ, Naxçıvan və Cənubi Qafqazın başqa regionlarına köçürülmüş ermənilər, XIX əsrin sonuncu dekadasında Osmanlı dövlətinin ərazisində dövlət obyektləri və yaşayış məntəqələrinə silahlı hücumlar etmək məqsədilə dəfələrlə sərhəddi keçmək cəhdlərinə təşəbbüs edirlər. Osmanlı dövlətinin Tiflisdəki baş konsulluğunun məlumatlarına, həmçinin 1891, 1894 və 1897-ci illərdə Daxili İşlər və Ədliyyə Nazirliklərinin yazışmalarına görə, onlar İrandan gəlmiş ermənilərlə Qars ətrafında birləşməyi və Van, Bəyazid və Muşa hücumlar həyata keçirməyi planlaşdırırdılar. Həmçinin qeyd edilməlidir ki, ermənilərin bu cinayətkar aksiyaları Eçmiədzin katolikosu tərəfindən xeyir-dua alırdı.
Ardı var…
Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru