Səkkiz min səkkiz yüz nəfərə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək

Beynəlxalq Türk Akademiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitabın təqdimatını keçirəcək
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür
Şimal bölgəsində seçicilər altı dairə üzrə 76 namizəd arasında seçim edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanın imzalanması ölkəmizdə şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin dövlət başçısının uğurlu sosial siyasətində əsas istiqamətlərdən biri olduğunu təsdiq etməklə bu sahədə getdikcə gücləndirilən məqsədyönlü tədbirlərin növbəti davamıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib.

Bildirilib ki, şəffaf və ədalətli şəkildə keçirilən Prezident seçkilərində 86,02 faiz səslə möhtəşəm qələbəyə nail olaraq yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilən İlham Əliyevin andiçmə mərasimindən sonrakı gündə və ilk olaraq mühüm sosial müdafiə əhəmiyyəti daşıyan belə bir Fərman imzalaması növbəti 7 ildə də sosial inkişaf kursunun uğurla davam etdiriləcəyini əyani şəkildə sübut edir. Həmin mərasimdə çıxışı zamanı Prezidentin gələcək fəaliyyətində də Azərbaycan vətəndaşının maraqlarının, rifahının daim diqqət mərkəzində olacağını bəyan etməsi bir gün sonra bu Fərmanla bir daha gerçək təcəssümünü tapır.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəman Vətən övladlarının ailə üzvlərinin rifah halının yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin son 15 ildə yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdıran S.Müslümov şəhid ailələrinə, həmin döyüşlərdə əlil olmuş insanlara dövlət qayğısının daim artdığını, bu məqsədlə icra olunan proqramların daha da genişləndirildiyini qeyd edib: “Həmin təbəqələrə aid vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər ildən-ilə gücləndirilməklə, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6,1 mindən çox müasir tələblərə uyğun yeni mənzil inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib, 6 min nəfərdən çox müharibə əlili və onlara bərabər tutulan vətəndaş minik avtomobili ilə təmin edilib. Onlara verilən imtiyaz və güzəştlərin miqyası da genişləndirilməklə, Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə 2007-ci ildən şəhid ailələrinin, 2008-ci ildən müharibə əlillərinin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təminatına başlanılıb. Ötən dövrdə bu təqaüdlərin, habelə, onlara ödənilən müavinətlərin, pensiyaların dəfələrlə artırılması təmin olunub”.

S.Müslümov vurğulayıb ki, 19 aprel 2018-ci il tarixli Fərman isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasında daha bir əhəmiyyətli addım kimi ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. “Məlum olduğu kimi, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişləri ilə bağlı maliyyə təminatı məsələsi həll edilməklə həmin sığorta ödənişlərinin verilməsi həyata keçirilib. Dövlət başçısının 19 aprel 2018-ci il tarixli Fərmanı isə həmin Qanun qüvvəyə mindiyi günədək, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsini nəzərdə tutur. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. Həmin kateqoriyadan olan şəxslərə təxminən 95-100 milyon manat vəsait tələb olunacaq”, – deyə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edən bildirib.

S.Müslümov deyib ki, Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilməklə, üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək: “Birdəfəlik ödəmələr həmin ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədləri (hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış) təqdim etmələri əsasında ödəniləcək. Həmçinin birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə veriləcək”.

O, diqqətə çatdırıb ki, bununla bağlı Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti isə 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verəcəklər: “Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti təqdim olunmuş sənədlərlə birlikdə qəbul etməklə, onu müraciətlərin vahid elektron reyestrinə daxil edəcək. Müraciətin daxilolma tarixini, reyestr nömrəsini əks etdirən qəbz müraciət etmiş şəxsə təqdim olunacaq”.

Nazirliyin bazasında müxtəlif kateqoriyadan olan 12 737 şəhid ailəsi var. Hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfərdir. Bazada olan rəqəmlərə görə 7605 nəfər 1997-ci il avqustun 2-nə kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci il avqustun 2-dən sonra da vəfat edən şəxslər var və onlar döyüşlər zamanı yaralanıblar. Vətəndaşlar bu gündən başlayaraq sənədlərini toplaya bilərlər.

S.Müslümov qeyd edib ki, sənədlər elektron şəklində deyil, kağız formasında olacaq. Buna səbəb vətəndaşların hamısında elektron imzanın olmamasıdır.

Nazirliyin hərbi qulluqçunun adının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi ümumi siyahıda olub-olmamasını müəyyən edəcəyini bildirən S.Müslümov qeyd edib ki, bunun əsasında və Fərmanın digər tələbləri də nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul edəcək. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul etdiyi şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim edəcək. Müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələr nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək və bu barədə həmin şəxslərə məlumat veriləcək.

S.Müslümov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Maliyyə Nazirliyinə təqdim edəcək, eləcə də hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin edəcək. Bununla yanaşı, Fərmanın icrası olaraq, Maliyyə Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin olunacaq.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət və qayğısının daha bir təzahürü olan, həmin ailələrin rifah halının yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən bu Fərmanın vaxtlı-vaxtında və tam icrası ilə bağlı aidiyyəti dövlət qurumları birgə fəaliyyət müstəvisində bütün məqsədyönlü tədbirlərin görülməsi təmin olunacaqdır”, – deyə S.Müslümov vurğulayıb.