Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib

Milli Kitabxanada “Görkəmli satirik şair – Mirzə Ələkbər Sabir” adlı elektron məlumat bazası təqdim olunub
Şəkili sənətkar 270 ilə yaxın yaşı olan qədim şəbəkə nümunəsini bərpa edir
Heykəltəraş Elmira Hüseynovanın xatirəsi anılıb

Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Qonaqlar əvvəlcə mədəniyyət evinin foyesində nümayiş olunan kitabların və şairlə bağlı eksponatların sərgisinə baxıblar.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək Səməd Mənsurun həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Bildirib ki, Səməd Hacı Əhməd oğlu Kazımov 1879-cu ildə Bakıda doğulub. O, rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət Bakıda “Səfa” Mədəni-Maarif Cəmiyyətinin məktəbində müəllim işləyib. “Mənsur”, “Səməd Mənsur” təxəllüsü ilə şeirlər yazıb.

Xalq yazıçısı Anar görkəmli ədibin Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərin əhəmiyyətindən danışıb: “Səməd Mənsur ədəbiyyatımızın ən böyük simalarından biridir. Onun yaradıcılığı vasitəsilə nə qədər böyük sima olduğunu dərk edirik. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub. Şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Səməd Mənsur ədəbiyyatımızın görkəmli şairlərindəndir. Onu gerçəkliyi realda yox, idealda axtaran romantizm cərəyanına aid sənətkar kimi xarakterizə etmək olar.

Vurğulayıb ki, həyatının bir dönəmi XX əsrin mürəkkəb ictimai-siyasi prosesləri dövrünə düşən S.Mənsur haqsızlıqlarla heç zaman barışmayıb. Milli azadlıq, milli mənlik, ana dili məsələləri onun yaradıcılığının ana xəttini təşkil edib.

Akademik qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Onun əsərləri tədqiq olunub, haqqında tədqiqat əsərləri çap edilib.

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı görkəmli ədibin həyat və fəaliyyətinə nəzər salaraq deyib ki, sovet dövründə şairin yaradıcılığı bir qədər kölgədə qalıb. Onun əsərlərinin çap olunmasına icazə verilməyib. Buna baxmayaraq, müstəqillik əldə etdikdən sonra Səməd Mənsurun yaradıcılığı haqqında Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun, Yadigar Əsgərovanın kitabları işıq üzü görüb. Bundan sonra ictimaiyyət görkəmli şarimizi tanımağa başlayıb.

Tədbir çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Nizami Cəfərovun Türkiyədə çap olunmuş “Samed Mansurun şiiri” kitablarının təqdimatı da keçirilib.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndirilib, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.