Seçki yaxınlaşdıqca partiyalar bloklaşır, media fəallaşır

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra 1995, 2000, 2005-ci illərdə Milli Məclisə seçkilər keçirilib. 7 noyabr 2010-cu il tarixdə keçiriləcək seçkilər sayca dördüncüdür. Milli Məclisə deputatlar 125 təkmandatlı seçki dairəsindən beş illik müddətə seçilir.
Hazırda fəaliyyət göstərən Milli Məclisdə Yeni Azərbaycan Partiyası (YAP) parlamentdəki yerlərin çoxunu tutur (63 deputat). Müsavat partiyasından dörd, Vətəndaş Həmrəyliyi Partiyasından üç, Ana Vətən Partiyasından iki, Ədalət, Azərbaycan Demokratik İslahatlar Partiyası, Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası, Xalq Partiyası, Sosial Rifah Partiyası, Ümid Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının hərəsindən bir deputat təmsil olunur. Siyasi partiyalarda təmsil olunmayan, müstəqil deputatların sayı 45-dir.
Qısa müddətli ictimai müzakirə ilə 2010-cu ilin iyun ayında Seçki Məcəlləsində mühüm düzəlişlər edildi. Düzəlişlərə əsasən, namizədlər üçün dövlət tərəfindən maliyyələşdirmə ləğv edildi və 2008-ci ilin iyun ayında aparılan düzəlişlərlə yarıya bölünmüş ümumi seçki müddəti kampaniya dövrü də daxil olmaqla, daha da qısaldıldı. Belə ki, 2005-ci il parlament seçkilərindən etibarən seçki kampaniyası üçün əlverişli olan vaxt müddəti 60 gündən 23 günə salındı.
Mərkəzi Seçki Komissiyası(MSK) 20 sentyabr 2010-cu il tarixinə qədər 56 qərar və 13 təlimat qəbul etmişdir.

BLOKLAŞMA BAŞA ÇATIR

Azərbaycan Respublikasında 40-a qədər siyasi partiya qeydiyyatdan keçsə də hələlik onlardan 50 %-ə qədəri fəallıq nümayiş etdirir. Parlament seçkilərinə start verildikdən sonra aşağıdakı seçki blokları yaranmış və onların səlahiyyətli nümayəndələri MSK-da qeydiyyatdan keçmişlər:
• “Qarabağ” siyasi partiyalar bloku (Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası və Aydınlar Partiyası).
• “İNSAN NAMİNƏ” siyasi partiyalar bloku (Azərbaycan Liberal Partiyası və Vətəndaş və İnkişaf Partiyası).
• “Demokratiya” siyasi partiyalar bloku (Vətəndaş Həmrəyliyi Partiyası və Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası).
• “İslahat” siyasi partiyalar bloku (Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası, Böyük Quruluş Partiyası, Ədalət Partiyası və Azərbaycan Təkamül Partiyası)
• “AXCP-Müsavat” siyasi partiyalar bloku (Azərbaycan Xalq Cəhbəsi Partiyası və Müsavat Partiyası)
Bundan başqa seçkilərə tək qatılan aşağıdakı partiyaların səlahiyyətli nümayəndələri də MSK tərəfindən təsdiq edilmişdir:
• Klassik Xalq Cəbhəsi Partiyası
• Azərbaycan Milli Demokrat Partiyası
• Demokratik Azərbaycan Dünyası Partiyası
• Azərbaycan Milli İstiqlal Partiyası
• Yeni Azərbaycan Partiyası
ATƏT-İN VƏ MDB-NİN MİSSİYALARI SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK
ATƏT-in Bakı ofisi 2010-cu ilin iyun-iyul aylarında siyasi partiyaların, QHT-lərin və KİV-in iştirakı ilə bir neçə dəyirmi masa təşkil etmişdir.
Azərbaycan Respublikasının ATƏT-dəki Daimi Missiyası ATƏT-in öhdəliklərinə uyğun olaraq 18 iyun 2010-cu il tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu (ATƏT/DTİHB) 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərini müşahidəyə dəvət edib. Bu dəvətdən sonra ATƏT/DTİHB 2010-cu il 21-24 iyun tarixlərində Azərbaycanda Ehtiyacların Qiymətləndirilməsi Missiyasını (EQM) həyata keçirib. Bu missiya çərçivəsində ATƏT/DTİHB-nin EQM Seçki Departamentinin Rəhbəri Nikolas Kajorovski və Baş Seçki Mütəxəssisi Conatan Stounstrit qarşıdakı parlament seçkiləri üçün hazırlıq vəziyyətinin səviyyəsini qiymətləndirmək və ATƏT/DTİHB-nin seçkilər üçün mümkün müşahidə fəaliyyətinin tətbiqi ilə bağlı məsləhətləşmələr aparmaq üçün Bakıda hökumət orqanları, seçki administrasiyası, siyasi partiyalar, media, vətəndaş cəmiyyəti və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib. Bundan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu “AZƏRBAYCAN RESPUBLİKASI PARLAMENT SEÇKİLƏRİ 7 noyabr, 2010-cu il ATƏT/DTİHB-İN EHTİYACLARIN QİYMƏTLƏNDİRİLMƏSİ ÜZRƏ MİSSİYASININ HESABATI” (21 – 24 iyun, 2010) adlı sənədi hazırlayaraq ictimaiyyətə təqdim edib.
Hesabat özündə giriş və qısa icmaldan sonra əldə edilən nəticələr barədə ümumi məlumatı, eləcə də hüquqi çərçivə, seçki adminstrasiyası, kampaniya mühiti, media mühiti, şikayət və müraciətlər, yerli müşahidəçilər bölümünü birləşdirir. Sənəd “yekunlar və tövsiyyələr” bölümü ilə başa çatır.
Hesabatın sonunda qeyd edilir ki, “ATƏT/DTİHB ictimaiyyətin seçki prosesinə etimadını artırmaq üçün Azərbaycanın dövlət orqanlarını bu hesabatda qeyd edilən məsələlərin, xüsusilə toplaşma azadlığının təmin edilməsi, media mühitinin təkmilləşdirilməsi və seçki komissiyalarının tərkibi ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görməyə çağırır”.
Seçki kampaniyasını və seçki hazırlıqlarını izləmək üçün ATƏT-in 30 uzunmüddətli müşahidəçisi və seçki günü proseduralarını, o cümlədən səsverməni, səslərin sayılmasını və nəticələrin protokollarının doldurulmasını izləmək üçün 450 qısamüddətli müşahidəçisi Azərbaycana gələcək. Bundan başqa MDB müşahidə missiyasının da parlament seçkilərində analoji müşahidə aparacağı gözlənilir.
PARLAMENTDƏ QADIN VƏ GƏNCLƏRİN SAYI ARTACAQ?
Seçkiqabağı dövrdə KİV-in fəaliyyətində tədricən fəallıq armaqdadır. Qəzetlərdə və elektron KİV-də hər gün parlament seçkiləri ilə bağlı müxtəlif xəbərlər və MSK-nın çıxardığı qərarlar barədə məlumatlar verilir. Təşviqat kampaniyası başlamadığına görə namizədlərin təbliğatı aparılmır.
Hazırda namizədlərin imza toplama kampaniyası gedir ki, bu proses də sakit və demokratik şəraitdə keçir. Hələlik ciddi qanun pozuntuları haqqında MSK-ya şikayət daxil olmayıb.
Sonda bir məqama da oxucuların diqqətinə çatdırmağı vacib bilirik. Bu il formalaşacaq yeni parlamentdə qadınların və gənclərin daha çox təmsil olunacağı etimalı var. 2009-cu ildə keçirilmiş son bələdiyyə seçklrəində qadın və gənclərin daha fəal iştirakı bunu deməyə əsas verir. Əgər bundan əvvəlki bələdiyyələrdə qadınlar 4 faiz, gənclər təxminən 2 faiz təmsil olunurdusa, indi hər iki zümrə ayrı-ayrılıqda 28 faiz qədərində təmsil olunurlar. Hakim, yeni Azərbaycan Partiyasının müdafiə etdiyi namizədlər içərisində qadın və gənclərin sayının əvvəlki seçkilərə nisbətən artması da bu ehtimalı gücləndirir.