Türkiyənin aparıcı TRT HABER televiziya kanalı erməni terrorizminə həsr olunan geniş veriliş yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “Örtülən tarix” adlı verilişdə erməni terrorizminin yaranması, genişlənməsi, türk diplomatlarına qarşı törədilən amansız terror aktları, bu cinayətləri həyata keçirən terrorçuların qanunsuz olaraq həbsdən azad edilməsi kimi məqamlar yer alıb.
Veriliş keçmiş səfirlər – Ömər Lütəm və Nuri Yıldırım, araşdırmaçı-yazıçı Reyhan İşəri və Fatma Sarıkayanın təhlilləri əsasında hazırlanıb. Kadrlarda erməni terrorçularının türk diplomatlarına və Türkiyənin xarici ölkələrdəki şirkətlərinin ofislərinə qarşı tətbiq etdikləri terror aktlarının ağır nəticələri, həmin cinayətlər barədə KİV-lərdə yayılan xəbərlər əks olunub. Birmənalı olaraq əsaslandırılıb ki, erməni terrorizminin geniş yayılmasında və müasir dövrdə canlanmasında əsas amil dünyadakı ikili standartlardır. Qeyd olunub ki, terrorçunun yanında olmaq özü də cinayətdir.
Sabir Şahtaxtı, AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul