Vətən müharibəsinin qələbəsinə həsr olunan Zəfər paradından 1 il ötür

Vətəndaş cəmiyyəti, təhsil müəssisələri və ailə üçbucağı üçün daha bir vəzifə
Şamaxının millət vəkili Elxan Süleymanov məzunlarla görüş keçirdi.
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb

Bu gün “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan Zəfər paradının keçirilməsindən 1 il ötür.

“Report” xatırladır ki, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər.

Paradda 3 000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış ediblər.

Sonra Zəfər paradı başlayıb. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirilib.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçuları tribunanın önündən keçiblər. Üç kolondan ibarət parad heyətinə XTQ-nin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.

Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımlayıblar. DTX-nin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edib.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər.

Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəliləyiblər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edib.

Zəfər paradında qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçiblər.

Dövlət Sərhəd Xidmətinin (DSX) parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil olublar.

Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi olub.

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak ediblər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçiblər.

Vətən müharibəsində Böyük Qələbəyə həsr olunan Zəfər paradını Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edib.

Daha sonra hərbi texnikaların keçidi başlayıb.

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradına Hərbi Dəniz Qüvvələrinin və DSX Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri dənizdən dəstək verib. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz yüksək döyüş hazırlığı nümayiş etdirib.

“Dəmir yumruq” əməliyyatının – Vətən müharibəsinin qazilərinin Zəfər paradında tribuna önündən keçidi olub.

Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirilib. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olunub. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.

Döyüşlərdə qənimət götürülmüş istifadəyə yararlı texnikalar – “KamAZ” markalı avtomobilin qoşqusunda D-30, “Ural” markalı avtomobilin qoşqusunda D-20 topları, qoşqu üzərində zenit qurğuları, “ŞİLKA”, “OSA-1T”, “KUB” zenit-raket kompleksləri, piyadaların döyüş maşınları (PDM), “T-72” tankları, eləcə də istifadəyə yararsız texnikalar – zirehli “UAZ Patriot”, “UAZ Hunter” minik, “ZİL-131”, “Ural”, “KamAZ” markalı yük avtomobilləri, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, BM-21 “Qrad” qurğuları, PDM-1 və PDM-2 texnikaları, T-72 tankları qəhrəman Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vurduğunun əyani təsdiqidir.

Bundan sonra xüsusi təyinatlı avtomobil, zirehli texnika və silah sistemləri kolonu Azadlıq meydanına daxil olub. Kolona “Qarabağ” ordenli general-leytenant Nizam Osmanov başçılıq edib.

Azadlıq meydanında keçid edən, üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarə olunan “SPIKE-ER”, “NLOS”, “LAHAT” raketləri, 120 millimetrlik “SPEAR” minaatanlar quraşdırılan “SandCat-Stormer” zirehli idarəetmə, çevik hərəkət maşınları, piyada daşıyan zirehli maşınlar, “Kobra” və “BTR-82A” zirehli transportyorları, PDM-2 və PDM-3 texnikaları, “T-72”, “T-90S” tankları Azərbaycan Ordusunun hərbi qüdrətini nümayiş etdirib.

Daha sonra Azadlıq meydanında Hava Hücumundan Müdafiə silahları sistemləri kolonunun keçidi olub. Kolona müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, “Zəfər” ordenli general-leytenant Ramiz Tahirov başçılıq edib. Tribuna önündən modernləşdirilmiş “OSA-1T”, “S-125 TM”, “BUK-MB”, “İldırım” zenit-raket komplekslərinin, “S-300 Favorit” sistemlərinin keçidi olub. Ardınca Vətən müharibəsində qələbənin əldə edilməsində çox mühüm rol oynayan “Orbiter-1KM” – “İti qovan”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar–BP”, “Heron” pilotsuz uçuş aparatları (PUA), eləcə də ən müasir PUA-lar – “Bayraktar-TB2”, habelə “Hermes-450”, “Hermes-900”, “Quzğun” və “Harop” PUA-ları nümayiş olunub.

Ardınca Azadlıq meydanına artilleriya silahları sistemlərinin kolonu daxil olub. Kolona “Zəfər” ordenli general-mayor Ağamir Sultanov başçılıq edirib. Meydanda özüyeriyən haubitsa və artilleriya qurğuları – 152 millimetrlik “Akasiya”, 152 millimetrlik “MSTA-S”, 203 millimetrlik “Pion”, eləcə də 220 millimetrlik “TOS-1A” ağır odsaçan, tank əleyhinə “Xrizantema-S” kompleksləri, “DANA” özüyeriyən top-haubitsaları, “Qrad”, “RM-70/85”, “BM-21”, “Smerç” yaylım atəşli reaktiv sistemləri, “TR-300 Qasırğa”, “Ekstra” taktiki, “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərinin keçidi olub.

Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu başlayıb. “Qarabağ” ordenli polkovnik Həsən Əlövsətovun rəhbərlik etdiyi “Mİ-17” hərbi nəqliyyat-desant helikopterləri cütlüyü Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları ilə Bakı buxtasının üzərindən uçaraq Zəfər paradının iştirakçılarını salamlayıb. Bunun ardınca Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Rəşad Nadirovun başçılığı ilə “Mİ-35” hücum helikopterləri qrupunun uçuşu olub. Polkovnik-leytenant Rəhim Quluzadənin başçılığı ilə “LAHAT” və “SPAYK” uzunmənzilli raketləri ilə silahlanmış “Mİ-17” helikopterlərinin və “Qarabağ” ordenli polkovnik Zaur Rüstəmovun rəhbərliyi ilə “MİQ-29” çoxməqsədli qırıcı təyyarələr qruplarının uçuşları da maraqla qarşılanıb. Zəfər paradında döyüş təyyarə və helikopterlərinin çıxışını müasir silahlarla təchiz olunmuş “Su-25” hücum və hava dəstək təyyarələr qrupu tamamlayıb. Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadənin başçılıq etdiyi qrupun səmada Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratması üçrəngli şanlı bayrağımızın daim yüksəklərdə dalğalanacağını təcəssüm etdirib.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki verərək ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 10-da bəyanat imzalayıb.

Report