XİN: Ermənistan tərəfi anlamalıdır ki, işğalçı ölkə ilə 25 ildən artıqdır danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir

Media Reyestrində fərdi məlumatlar “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq işləniləcək
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş nazirinin açıqlamasını şərh edərək deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamalar münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addımdır. Ermənistan rəhbərliyini əldə edilmiş razılaşmaların kağız üzərində qalması narahat edirsə, onda BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməlidir. Bu qətnamələrdə işğalçı qoşunların zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir.

“Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır”, – deyə XİN-in sözçüsü bildirib.

Mətbuat xidmətinin rəhbəri deyib ki, danışıqlar prosesi ilə əlaqədar Azərbaycan tərəfi öz mövqeyini açıq və birmənalı şəkildə dəfələrlə ifadə edib. Münaqişənin tezliklə həll edilməsi, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan mövcud format və gündəlik əsasında danışıqların davam etdirilməsinə hazırdır. Danışıqların hədəfi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin olunmasıdır. Ermənistan tərəfi anlamalıdır ki, işğalçı və təcavüzkar ölkə olan Ermənistanla 25 ildən artıq danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir.