Xocalıda insan qalıqları aşkarlanıb

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
ANAMA ötən ildəki fəaliyyətinə dair məlumat yayıb
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçirilir

İşğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində aprelin 24-də insan qalıqlarının aşkarlanması barədə məlumat daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

Məlumatda bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) təmsil olunan qurumların, o cümlədən Baş Prokurorluq, Dövlət Komissiyasının İşçi qrupu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, ANAMA və Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun peşəkar mütəxəssis heyəti dərhal əraziyə ezam edilib.

İlkin araşdırma zamanı məlum olub ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və abadlıq işləri zamanı Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) torpaq səthi üzərində insan qalıqları aşkar olunub.

Keçirilən baxış istintaq hərəkəti zamanı qazıntı işləri aparılarkən ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.

Hazırda ərazidə olan insan qalıqlarının tam aşkarlanması istiqamətində işlər davam etdirilməklə, sümük fraqmentləri üzrə zərərçəkmişlərin şəxsiyyətinin, onların torpaqda qalma müddətinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertləri və mütəxəssislərin iştirakı ilə baxış davam etdirilir, eləcə də digər zəruri prosessual hərəkətlər icra olunur.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.