“YAŞAT” Fondunun yaradılmasının 1 ili münasibətilə mətbuat konfransı təşkil olunub

İlham Əliyev Zəngilanda Cahangirbəyli kəndinin təməlini qoyub
Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
Polad Bülbüloğlu: “Bu gün Qarabağ münaqişəsini silahlı yolla həll etmək üçün Azərbaycanın bütün imkanları var”

Dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür. Bununla əlaqədar Bakı Konqres Mərkəzində mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak ediblər.

Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə xalqımızın, dünya azərbaycanlılarının vahid formada təşkilatlanması, o cümlədən ölkəmizdə şəhid ailə üzvləri və yaralılara dövlət qayğısı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs ediblər. Məhz həmin kateqoriyadan olan şəxslərin müxtəlif istiqamətlərdə müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığı, həlli istiqamətində çevik tədbirlərin reallaşdırıldığı vurğulanıb.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun bir illik fəaliyyəti üzə müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatların əks olunduğu təqdimatla çıxış edib.

Bildirilib ki, Fondun fəaliyyət istiqamətləri üzrə 49 milyon manatdan çox vəsait xərclənib. Xərclənən vəsaitin 32 milyon manatdan çoxu məişət şəraitinin yaxşılaşdırılması, 11 milyon manatdan çoxu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə, 5 milyon manatdan çoxu istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 458 min manatdan çoxu təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına sərf olunub.

Tədbir çərçivəsində “YAŞAT” Fondunun müvafiq fəaliyyət istiqamətlərini əks etdirən videoçarxlar da nümayiş etdirilib.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

AZƏRTAC