ƏHMƏDOV Natiq İlyas oğlu

ASLANOV Şikar Davud oğlu
HACIYEV Fikrət Əli oğlu
ƏMİROV Faiq İsfəndiyar oğlu

(1.9.1969, Xocalı r-nunun Kosalar k. – 26.9.1991, Xocalı r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ailələri Kosalar kəndindən Ağdamın Novruzlu kəndinə köçəndə Natiqin 6 yaşı var idi. O, elə burada böyüyüb boya-başa çatdı. Orta məktəb… Sonra Kalininqrad şəhəri… Artilleriya hissəsində hərbi xidmət… Natiq 1988-ci ildə ordudan tərxis olunur. Bir müddət Kalininqradda qalıb işləyir. Vətən çəkir onu. Novruzluya qayıdıb üzümçülük kolxozunda çalışır.
Natiq Əhmədov boy-buxunda, fiziki möhkəmlikdə yoldaşlarından seçilirdi. Rayonda keçirilən müxtəlif idman yarışlarında oxuduğu məktəbin şərəfini həmişə ləyaqətlə qoruyurdu.
Hələ orta məktəbi bitirərkən onu Ağdamın futbol komandasına dəvət etmişdilər. Sonralar isə o, Riqada Şərq əlbəyaxa döyüşü sənətini – karateni öyrənmişdi.
O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərin saya gəlmədiyi bir vaxtda Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəliş son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər.
N.Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi. Neçə dəfə ermənilərlə əlbəyaxa da olmuşdu.
26 sentyabr 1991-ci il… O, xidməti yoldaşı Əli ilə Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi. Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa bilmədi. Əsgəran qalasına yaxınlaşanda Əlinin idarə etdiyi maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Vətəni canlarından artıq sevən bu iki gənc qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 70
Həmkəndlisi Habil Rüstəmovun dediklərindən:
“Natiq məndən 7 yaş böyük idi. Hələ orta məktəbdə oxuyanda bizi başına yığıb  idman öyrədirdi. O heç vaxt haqqı nahaqqa verməzdi. Həmişə zəiflərin yanında olurdu. Natiq Vətənini, xalqını sevən qeyrətli oğlanlardan olub. Polisə qəbul olunanda onun ən ağır günləri başladı. Şuşa, Ağdam, Xocalı, Əsgəran yolları erməni quldurları ilə dolu olurdu. Quldurlar hər gün bir yerdə pusqu qurur, dinc əhalini güllə-baran edirdilər. Təbii ki, o belə şeylərə dözə bilmirdi. Bizim ondan öyrənəcəyimiz hələ çox şeylər var idi. Heyif ki, tez getdi bu həyatdan.  Yaxşı yadımdadır onun dəfninə bütün Ağdamdan, Xocalıdan, Şuşadan və digər yerlərdən xeyli adam gəlmişdi. Nəinki Ağdamda, hətta qonşu rayonlarda da çox böyük nüfuzu var idi.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 121