AVCİYA prezident seçkiləri ilə əlaqədar aralıq hesabatını açıqlayıb

Memarlıq və İnşaat Universitetində Dağlıq Qarabağla bağlı Ağ Evin saytında açılan petisiya ilə əlaqədar görüş keçirilib
Elxan Süleymanov Avropa Şurasında genişmiqyaslı yeni meyarlara çağırış edib
Məhərrəm Zülfüqarlı: “Rusiya Ukraynada uduzduğu kimi, Qarabağda da uduzacaq”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

APA-nın xəbərinə görə, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, aralıq hesabatı 5 fevral – 6 aprel tarixlərini əhatə edib.

O deyib ki, təşkilat tərəfindən ictimai-siyasi mühit, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası ilə bağlı monitorinqlər aparılıb: “Monitorinqin keçirildiyi müddətdə – müstəqil qəzetlərdə seçki xəbərləri ümumi xəbərlərin 13,27%-ni, müstəqil informasiya agentliklərində 13,65%-ni, iqtidar qəzetlərində 17,62%-ni, müxalifət qəzetlərində  9,84%-ni təşkil edib. Müstəqil qəzetlər içərisində “Bakı xəbər” qəzeti (51,67%), müxalifət qəzetlərindən “Yeni Müsavat” qəzeti (50%), iqtidar qəzetlərindən “Azərbaycan” qəzeti (50,82%) öz səhifələrində seçki xəbərlərinə daha çox yer ayırıb. APA və “Trend” informasiya agentliklərinin göstəriciləri bərabərdir (50%)”.

M. Zülfüqarlı qeyd edib ki, seçkilərə hazırlıq və seçkinin keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyəti qənaətbəxşdir: “MSK-nın gördüyü bütün işlər fəaliyyət proqramında göstərilən müddətlərdə, vaxtında həyata keçirilib. Prezidentliyə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası da Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə baş tutub və kənar müdaxilələr olmayıb. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq baş verməyib”.

M. Zülfüqarlının sözlərinə görə, AVCİYA Seçki Qərargahının apardığı monitorinqin nəticələri göstərir ki, 11 aprel prezident seçkiləri ərəfəsində ictimai-siyasi vəziyyət, seçicilərin fəallığı, mövcud qanunvericilik və digər amillər ölkədə demokratik və şəffaf seçki keçirilməsinə tam imkan verir.