İBRAHİMOV Rasim Səxavət oğlu

YUSİFOV Zakir Tofiq oğlu
MƏMMƏDOV Seymur Qəhrəman oğlu
MƏDƏTOV Fariz Əlövsət oğlu

(18.4.1962, Bakı – 28.6.1992, Tuğ k.) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində doğulmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır.
Rasimin arzusu hərbçi olmaq idi. Elə bu məqsədlə də o, 1977-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olur. R.İbrahimov 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirərək, təhsilini Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirir. O, bütün təlimlərdə fəal iştirak edir, zabitlik peşəsinin sirlərini və hərbi texnikanı həvəslə və inadla öyrənirdi. 1983-cü ildə ali təhsilini başa çatdıranda onu Almaniyaya hərbi qulluğa göndərirlər. Motoatıcı taqımın komandir müavini kimi xidmətə başlayan gənc azərbaycanlı zabit Vətəndən uzaqda olmasına baxmayaraq çalışırdı ki, mənsub olduğu xalqın başını həmişə ucaltsın. O, hərbi xidmətini başa vurduqdan sonra 1988-ci ildə Azərbaycana qayıdır. Bir müddət Respublika Hərbi Komissarlığında çalışır. Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilir. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyur. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayır.
Həmin vaxtlar erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri, şəhərləri atəşə tuturdular. R.İbrahimov bu çətin, qarışıq vaxtda Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafıə taboru yaradır. Təcrübəli zabit olduğunu nəzərə alaraq onu tabora komandir təyin edirlər. Tabor Füzuli rayonunun sərhədlərini rəşadətlə qoruyurdu. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi.
Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda döyüşə atılır. Bir neçə saat çəkən döyüşdə düşmənə ağır zərbələr vurulur və bir neçə mühüm dayaq nöqtəsi ələ keçirilir. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyirlər. Lakin digər dəstə vaxtında köməyə gəlib çıxmadığına görə tabor mühasirəyə düşür. Cəsur komandir döyüşçülərin mühasirədən çıxması üçün öz canını fəda edir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirirdi. Vəziyyatin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Cəsur komandirin son sözü bu olur: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”.
Ailəli idi. Bir qızı, bir oğlu var. Oğlu bu gün atasının yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr tarixli 1994-cü il 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb indi onun adını daşıyır. Çilov adasında abidəsi ucaldılıb, onun adına xatirə bağı salınıb.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 137-138
Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 471
Əlaqədar link: